İngilis dili müəllimlərinin danışıq və tədris bacarıqları inkişaf etdirilir
Müasir dövrün reallıqları təhsil sahəsində çalışanların kommunikativ və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi zəruriliyini şərtləndirir. Ünsiyyət bacarıqlarından söhbət düşəndə isə, ilk növbədə, ingilisdilli müəllimlər, onların səriştə və bacarıqlarının təkmilləşdirilməsi önə çıxır. Son illərdə ingilis dilinin əhəmiyyətinin daha da artması isə bu sahənin müəllimlərindən çeviklik, xüsusi qabiliyyətlər tələb edir. Elə bu zərurəti nəzərə alan Təhsil Nazirliyi və ölkəmizdə təhsil sahəsində həyata keçirilən bir sıra tədbirlərdə yaxından dəstək göstərən British Council təşkilatı 2017-ci ildən dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş “Uğur üçün tədris” (SPEX) layihəsini həyata keçirir. Bu günə kimi ümumilikdə 120 Bakı şəhər məktəbindən 1200 ingilis dili müəllimini əhatə və bir akademik il ərzində davam edən layihə çərçivəsində ingilis dili müəllimləri özlərinin danışıq və tədris bacarıqlarını inkişaf etdirirlər.
Təlimlərin gedişi və əldə olunan nəticələrlə bağlı məlumat almaq məqsədilə Bakıdakı 272 nömrəli tam orta məktəbdə olduq və təlim prosesinin iştirakçıları ilə söhbətləşdik.
“Hədəfimiz daha çox məktəbi əhatə etməkdir”
Könül Əhmədova, British Council-in ingilis dili layihələri üzrə koordinatoru: - Bu layihədə müəllimllərin ingilis dili qabiliyyətləri qiymətləndirilir və təkmilləşdirilir, onların tədrisetmə və danışıq qabiliyyətlərinin qiymətləndirilməsi üzrə pedaqoji bilik və bacarıqları artırılır. İxtisasartırma təlimləri müəllimlərin ehtiyaclarına və kurikulumun tələblərinə uyğunlaşdırılıb. Təlimlərdə məktəbəsaslı peşəkar təlim və onun vacibliyi təbliğ edilir, şagirdlərin öyrənmə səviyyəsi, xüsusilə də danışıq qabiliyyətlərinin inkişafı qiymətləndirilir. Bütün təlimlər British Council -in peşəkar təlimçiləri tərəfindən həyata keçirilir.
Bir neçə il öncə Təhsil Nazirliyinin təşəbbüsü ilə British Council beynəlxalq təlimçi-konsultant mütəxəssis Saymon Borqu dəvət edib. Bu mütəxəssis orta məktəb müəllimləri, direktorlarla görüşərək müəllimlərin ehtiyaclarını araşdırıb və bu ehtiyaclara əsasən də proqram tərtib edilib. Proqram ilk dəfə 2017-ci ildə pilot layihə kimi həyata keçirilib və uğurlu nəticələr əldə olunub. Nəticələr ötən il Təhsil Nazirliyinə təqdim olunub. Həm müəllimlər, həm də məktəb rəhbərlikləri tərəfindən təlimlərlə bağlı çox müsbət rəylər əldə edilib. Müəllimlər ilk növbədə layihədən əvvəl diaqnostik testdən (aptist) keçirilib, onların səviyyələri müəyyən olunub. Səviyyələrə uyğun da onlar qruplara bölünüb. Amma müəllimlərdən savayı biz pilot layihə olaraq şagirdləri də imtahana cəlb etmişdik. Şagirdlər kontrol qrup olaraq 2 yerə bölünüb- yəni bu layihədə iştirak edən müəllimlərin dərs keçdikləri şagirdlər və dərs keçmədikləri məktəblilər. Yəni biz bu yolla layihənin səmərəliliyini ölçmək istəyirdik. 400 nəfər şagirddən 200-ü müəllimin təlim keçdiyi, 200 nəfər isə təlim keçilməyən şagirdlər idi. İlin sonunda yenə bu iştirakçılar imtahandan keçirilərək nəticələr əldə edildi, yəni inkişafın ölçülməsi məqsədilə imtahanlar təşkil olundu. Saymon Borqun hesabatı əsasında əldə olunan nəticələrə görə müəllimlərin dərs dediyi şagirdlərin digər şagirdlərə nisbətən daha yaxşı nəticələr əldə etdikləri məlum oldu. Bu il də anoloji araşdırma aparılıb. Təlimlərdə iştirak edən müəllimlər, eləcə də həmin şagirdlər də yenidən imtahan verəcəklər və yenidən bu hesabat təqdim olunacaq. Biz əminik ki, keçən ildəkindən də uğurlu nəticələr əldə edəcəyik. Həm məktəb rəhbərləri, həm müəllimlər, həm də nazirlik layihə barədə olduqca müsbət rəylər bildirirlər. Müəllimlər gözəl nəticələr əldə edir və onları dərslərində tətbiq edirlər.
- Müəllimlərin qiymətləndirilməsi necə aparılır?
- Müəllimlər üçün beynəlxalq aptis (ingilis dil bacarıqlarının qiymətləndirilməsi) imtahanı təşkil olunur. Bu, kompüter əsaslı imtahandır, orada heç kimi heç kimi imtahan etmir. Proses sırf kompüterlə aparılır. Şagirdlər və müəllimlər üçün ayrı-ayrı aptis imtahanlar təşkil olunur. Bütün nəticələr kompüter vasitəsilə qiymətləndirilir. İmtahan 4 bacarıq - yazı, oxuma, dinləmə və danışıq üzrə aparılır. Danışıq da heç bir kənar təlimçinin iştirakı olmadan kompüter vasitəsilə qiymətləndirilir və nəticələr əldə olunur. Layihə bir akademik il ərzində davam edir və həm metodologiya, həm danışıq qabiliyyətinə əsaslanır. Burada dilin inkişafı ilə yanaşı, metodologiya və məktəbəsaslı peşəkər inkişaf kursları da nəzərdə tutulub. Burada danışıq qabiliyyətinə əsaslanan hissə 167 akademik saatı əhatə edir. Mütəmadi olaraq təlimçilər, bizim mütəxəssislər gəlib bu kursları müşahidə edirlər. Müəllimlərlə görüşərək rəylərini, nə kimi nəticələr əldə olunduğunu, layihənin onlara nə kimi təsir göstərdiyini öyrənirik. Nəticələr müsbətdir və keçən il olduğu kimi, yekun hesabat yenə iyul ayının sonlarında Nazirliyə təqdim olunacaq.
- Yəni, aptist imtahanından sonra...
- İmtahan iyulun sonunda keçiriləcək. Qiymətləndirmələrdən biri də müəllimlərin dərslərinin müşahidəsidir, yəni kurslar başlamamışdan əvvəl onlar aptis imtahanında iştirak edirlər. Onların nəticələri, səviyyələri müəyyən olunur. Amma eyni zamanda hər bir müəllimin məktəbdəki dərsi müşahidə olunur və qiymətləndirilməsi aparılır. Diaqnostik qiymətləndirmənin nəticələri yenə mütəxəssislərə göndərilir və sonda müəyyən saatda kursları keçirdikdən sonra aptislərlə bərabər yenə də müəllimlərin yekun dərslərinin müşahidəsi aparılır. Onların əsasında müəllimin tədrisetmə, dil, interaktiv dərs keçmə qabiliyyəti qiymətləndirilir və sonda müəllimə rəy verilir. Təlimçi atrıq bilir ki, müəllimin hansı sahədə inkişafına ehtiyac var.
- Layihənin əhatə dairəsi necədir?
- Əvvəlcə layihə 54 pilot məktəbi əhatə edirdi. Uğurlu nəticələr əldə edildikdən sonra ötən akademik ildən 60-a yaxın məktəbi layihəyə cəlb etmişdik. Hədəfimiz daha çox məktəbi əhatə etməkdir. Yəni daha çox müəllim peşəkar inkişafa nail olsun, gözəl nəticələr əldə etsin, bundan da şagirdlərimiz bəhrələnsinlər. Onların ingilis dili səviyyəsi artırılsın. Əsas hədəf müəllimlərin danışıq bacarıqlarının yüksəldilməsidir.
“Uğur üçün tədris” əsasən Bakı şəhərini əhatə edir. Amma regionlarda bizim digər layihələrimiz var ki, həyata keçirilir. Biz ümid edirik ki gələcəkdə bu layihə regiona da çatsın.
- Təhsil Nazirliyinin layihəyə dəstəyi barədə nə deyərdiniz?
- Əslində bu layihə ilk növbədə Təhsil Nazirliyinin təşəbbüsü olub. Biz də bu sahədə kifayət qədər təcrübəsi olan bir qurum kimi öz töhfəmizi veririk. Çünki Təhsil Nazirliyi belə bir təşəbbüs irəli sürmüşdür ki, orta məktəb müəllimlərinin peşəkar inkişafa ehtiyacı var. Bu sahənin araşdırılmasını və inkişafın təhlilini istəyirdi. Biz də öz növbəmizdə geniş iş təcrübəsi olan mütəxəssisi dəvət etdik. Bu mütəxəssis nazirliyin əməkdaşları ilə sıx görüşlər keçirdi, daim əlaqadə olduğu müəllimlərlə, məktəb rəhbərləri ilə görüşdü, təhlillər apardı. Müəllimlərin daha çox nəyə ehtiyacı olduğu müəyyənləşdi.
Burada ingilis dilinin tədrisindən savayı metodologiya da, tədris etmək bacarıqları da diqqət mərkəzindədir. İngilis dili elə bir sahədir ki, mütəmadi olaraq öz üzərinizdə işləmək, materiallar, resurslar lazımdır. British Council-in bu sahədə çox böyük təcrübəsi, onlayn resurslarımız, çap resurslarımız var. Bunlar da mütəmadi olaraq yenilənir. “Azərbaycan müəllimi” qəzetində də ingilis dilindən nümunələr dərc olunur. Müəllimlərin çoxunun bundan xəbəri yoxdur. Təlimlər zamanı müəllimlərə bu resurslar barədə məlumat verilir, istifadə qaydaları öyrədilir. Bu resurslar təkcə müəllimlər üçün deyil, həm də tələbələr üçün əhəmiyyətlidir. İstənilən şəxs resurslara daxil olaraq özünü yoxlaya, oyunlar vasitəsilə ingilis dilini öyrənə bilər. Yəni ingilis dilini darıxdırıcı vasitə kimi kitablardan yox, əylənərək öyrənə bilərlər. Müəllimlər də bu resursları öyrənərək dərslərdə tətbiq edə bilərlər. Müəllimlərin özlərinin inkişafı üçün də çox gözəl resurslar var, onlar da daim hər il yenilənir.
“Müəllimlərimizin bu kurslara çox böyük ehtiyacı var”
Təranə Əliyeva, 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, təlimçi: - İlk növbədə, demək istəyirəm ki, hazırda ingilis dilinin nə qədər əhəmiyyətli olduğundan danışmaq artıqdır. Bu yönümdə Təhsil Nazirliyi neçə ildir ki, məqsədyönlü iş aparır. Araşdırmalar da göstərib ki, müəllimlərimizin bu kurslara çox böyük ehtiyacı var. Şagirdlərin inkişafı üçün, əlbəttə ki, birinci növbədə, müəllimlərin özlərindən başlamaq lazımdır. Xüsusilə də ən çatışmayan cəhət - yəni müəllimlərin praktik olaraq ünsiyyət qura bilməmələri daha çox faiz təşkil edirdi, ona görə də həm müəllimlərin dil qabiliyyətlərinin, bacarıqlarının artırılması, həm də metodologiyanın, yəni, praktik, interaktiv metodların formalaşması vacibdir. Bilirsiniz ki, 10-20 günlük kurslarla buna nail olmaq olmur. Həm Təhsil Nazirliyi, həm də British Council tərəfindən bu kursun təşkili müəllimlərdə həm dil bacarıqlarının inkişafı, həm də metodologiyaları praktiki olaraq onlara mənimsətmək yönümündə çox gözəl bir təşəbbüsdür. Metodologiya təlimləri zamanı müəllimlər peşəkar görüşlərə cəlb edilir, onların dərsləri müşahidə olunur və təlimçilər tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində məsləhətlər verilir. Onu da deyim ki, müəllimlərin özləri də layihəni çox bəyənirlər, onlar bunun tez-tez olmasını istəyirləır. İlk günlərdə bu layihəyə həvəssiz gələnlərin bir çoxu hazırda böyük həvəslə təlimləri davam etdirir. Təlimlər British Council-in beynəlxalq səviyyəli ingilis dili mütəxəssisləri və bizim təcrübəli təlimçilər tərəfindən aparılır. Yəni müəllimlərimizin keçəcəklərini praktik olaraq tədris edirlər. Onlardan aldığımız bilik və təcrübəni müəllimlərimizə tətbiq edirik. Biz müəllimlərin məhz interaktiv metodlarla işləmələrinə nail olmağa çalışırıq. Müəllimlərin sinifdə şagirdlərə verəcəkləri bacarıqları biz təlimlərdə onlara veririk. Hətta yaşlı müəllimlər belə təlimlər zamanı nəzərdə tutulan fəaliyyətləri əyləncəli formada həvəslə yerinə yeririrlər. Sadəcə olaraq məzmun baxımından fərqlidir. Təlimlərin ən mühüm cəhətlərindən biri odur ki, müəllimlər burada öyrəndiklərini dərhal sinifdə tətbiq edirlər, hansı dərsin alındığını, hansının alınmadığını qeyd edib növbəti dərslərdə bizə göstərirlər. Yəni özləri də uşaqlarda dəyişikliklərin baş verdiyini qeyd edirlər. O qədər həvəslə yanaşırlar ki, oxumayan şagirdlər belə bunları çox həvəslə edirlər. Ancaq onu da deyim ki, dil öyrənmə bir az uzunmüddətlidir. Müəllimlər layihə barədə təkliflər veriblər, onlar gələcəkdə nəzərə alına bilər. Mən Təhsil Nazirliyinin universitetlərdə yaradılan SABAH layihəsində işləmişəm. 20 nömrəli məktəb-liseyin müəllimiyəm. Direktorumuz Səadət xanımın təşəbbüsü ilə məktəbimiz də bu layihəyə qatıldı. Hazırda bizim 30-dan çox müəllimimiz bu layihədə təmsil olunur. Həmin müəllimlərin təsiri özünü şagirdlərə göstərir. Biz aylıqlar keçiririk, ingilis dili müəllimlərinin dərsləri dinlənilir. Bütün bunlar müəllimlərin və şagirdlərin dil bacarıqlarınıın inkişafına necə diqqət yetirilməsinə bir nümunədir .
“Layihənin hər il keçirilməsini istərdik”
Məlahət Rəhimova, 242 nömrəli məktəbin ingilis dili müəllimi: - Layihənin əhəmiyyətini çox yüksək qiymətləndirirəm, onun hər il keçirilməsini istərdik. Bu layihə biz ingilis dili müəllimlərinə, demək olar ki, böyük töhfələr verib. Biz təlim prosesində aktivitlər öyrəndik. Kursda öyrəndiklərimizi artıq siniflərimizdə tətbiq edirik və uşaqlar bu yenilikləri çox sevir. Mən noyabrdan layihədə iştirak edirəm. Deyə bilərəm ki, bu layihədə çoxlu irəliləyişlərimiz oldu. Həm özümüzü dil cəhətdən inkişaf etdirmişik, həm də çox faydalı məlumatlar öyrənmişik. Layihənin əsas məqsədi müəllimlərin inkişafıdır, onların dil biliklərini inkişaf etdirməkdir. Kurikulum əsasında qruplarla, cütlərlə işi biz öyrənmişdik. Bu dəfə isə eyni əsasda, artıq ingilis dilində tətbiq edirik. Demək olar ki, kurslar bizim üçün çox maraqlıdır. Bizə maraqlıdırsa, şagirdlərə də maraqlıdır.
“Bu layihədən çox şeylər öyrəndik”
Vəfa Həsrətova, 242 nömrəli tam orta məktəbin ingilis dili müəllimi: - Mən də bu layihədən çox razıyam. Bu layihənin ingilis dili müəllimləri üçün hər il təşkil olunmasını çox istərdim. Çünki biz bu layihədən çox şeylər öyrəndik. Təlimçimizdən də çox razıyıq, bizə çox şeylər öyrətdi. Öyrəndiklərimizi məktəbimizdə dərslərimizdə tətbiq etdik. Bu, bizə çox şeydə kömək etdi. Həm tədrisdə, həm uşaqlara yanaşmada, həm də hər bir dərsin uşaqlara mənimsədilməsində böyük köməyi oldu. Əlbəttə, layihənin texnologiyalarla təmin olunmuş şəkildə keçirilməsi, dil biliklərinin inkişafı baxımından da əhəmiyyət daşıdığını deyə bilərəm. Biz təlim çərçivəsində həm də yeni müəllim dostlarımızla tanış olduq. Dərslər o qədər maraqlı keçirdi ki, biz hətta vaxtın necə keçdiyini bilmirdik.
“Özümüzdə bir inkişaf görürük”
Səbinə Adilli, 272 nömrəli məktəbin ingilis dili müəllimi: - Təhsil Nazirliyi və British Council -in ingilis dili müəllimləri üçün keçirdiyi bu layihənin biz müəllimlər üçün mühüm əhəmiyyət daşıdığını deyə bilərəm. Layhənin keçirilməsindən çox razıyıq. Özümüzdə bir inkişaf görürük. Artıq 7 aydır ki, biz bu kursdayıq. Şübhəsiz ki, təlimçilər və layihə üzrə mütəxəssislər də biz müəllimlərdə olan inkişafı görə biləcəklər. Bütün müəllimlər adından bunu deyə bilərəm - bu layihədə iştirak etdiyimə görə çox sevinirəm. Uşaqlara yanaşma, dərslərin aparılması, uşaqların dərsdən zövq alması, aktivitləri işlətmək. Biz bunlarla tanış idik, ancaq hər dərsin necə keçilməsi metodologiyasını, bu səviyyədə, düzü, bilmirdik. Biz uşaqların da dərsə münasibətinin dəyişdiyini görürük. Onlar dərslərin məhz bu layihənin tələblərinə uyğun keçilməsini istəyirlər. Əlbəttə ki, əvvəllər Azərbaycan dilində sözlərdən çox istifadə edirdiksə, indi istifadə etmirik. Uşaqlar dərsdə ingilis dilində dialoqlar qururlar. Mən aşağı siniflərdə dərs deyirəm, onlar çox şeyi mənimsəyiblər. Dərslərimdə mümkün qədər ingilis dilində danışmağa çalışıram.
Oruc MUSTAFAYEV