İyunun 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri üçün “Ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda seminar öz işinə başlayıb.
Seminarda Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli və nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Avropa Komissiyasının eksperti olaraq Polşa Akkreditasiya İdarəsi, Sloveniya Təhsil Nazirliyi və İspaniyanın Leon Universitetinin nümayəndələri, eləcə də 30 yerli ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edir.
İki gün davam edəcək seminarda Avropa Komissiyasının ekspertləri ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətliliyinin artırılması, beynəlxalq sıralamada yer alması, əcnəbi tələbələr üçün cəlbediciliyinin artırılması sahələrində öz təcrübələrini yerli həmkarları ilə bölüşəcəklər.
Seminar çərçivəsində yerli ali təhsil müəssisələri tərəfindən ali təhsildə beynəlmiləlləşmə ilə bağlı mövcud təcrübə barədə təqdimatlar olacaq.