Dövlət İmtahan Mərkəzi bu ilin aprel ayında ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün imtahan keçirib. 4 ayrı-ayrı tarixdə keçirilən imtahanlarda ölkə ərazisindəki bütün məktəblər əhatə olunub. Aprelin 7-də 27660, aprelin 14-də 28634 şagird, 21-də 22499 və nəhayət, aprelin 28-də 19486 nəfər imtahan verib. Həmin imtahanların nəticələri artıq məlumdur. Belə ki, aprelin 7-də keçirilən imtahanda 2 şagird - Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları  onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. Növbəti mümkün olan maksimum nəticə aprelin 21-də keçirilən imtahanda qeydə alınıb. Bu imtahanda da 2 şagird - Qax rayonu, 2 nömrəli şəhər tam orta məktəbin və Masallı rayonu, 4 nömrəli Digah tam orta məktəbin məzunları  onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib. XI sinif şagirdləri arasında qəbul imtahanlarının birinci mərhələsində 300 bal toplayan şagirdlərin sayı aprelin 28-də keçirilən imtahanların nəticələrinin elan olunmasından sonra dəyişməyib. Xatırladaq ki, həmin gün müxtəlif kateqoriyadan olan abituriyentlərin bilik və bacarıq səviyyəsi yoxlanılıb. Yəni, eyni gündə təhsil sənədi almaq və ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsində iştiraka “vəsiqə” qazanmaq istəyən müxtəlif kateqoriyadan olanlar özünü sınayıb. Eləcə də üzrlü səbəbdən 7, 14 və ya 21 apreldə keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları da öz biliyini yoxlayıb. Ancaq nə onlar, nə həmin gün builki məzunlarla birgə imtahan verən əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar arasında fərqlənən olmayıb.

 

Xüsusi məktəblərdə də...

 

Dövlət İmtahan Mərkəzi hər il olduğu kimi, bu il də müxtəlif təyinatlı məktəblərdə - internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərində, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri üçün imtahanlar keçirib. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 52 abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

 

Cəzaçəkmə müəssisələrində də buraxılış imtahanları keçirilib

 

2018/2019-cu tədris ili üzrə cəzaçəkmə müəssisələrində də buraxılış imtahanları keçirilib. Həmin imtahanlarda azadlığı məhdudlaşdırılan 17-55 yaş arasında şəxslər iştirak edib. Onlardan 2 nəfəri 18 yaşına çatmayan məzunlar olub. Ancaq builki məzunlar arasında nəinki maksimum nəticə göstərən, ümumiyyətlə, fərqlənən olmayıb. Bu barədə “Azərbaycan müəllimi” qəzetinə məlumat verən DİM-in şöbə müdiri Vüqar Əkbərov bildirib ki, tədris ili ərzində xüsusi məktəblərin buraxılış sinif şagirdləri haqqında fərdi və təhsilə aid məlumatlar məsul şəxslər tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilir: “İmtahandan əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə əlaqələndirici şəxslərin təyin edilməsi və müvafiq şəraitin yaradılması ilə bağlı müraciət olunur. Razılıq verildikdən sonra imtahan rəhbərlərinin adlı siyahısı Penitensiar Xidmətə təqdim edilir. Beləliklə, təyin edilmiş tarixdə cəzaçəkmə müəssisələrində yerləşən xüsusi məktəblərdə Mərkəz tərəfindən buraxılış imtahanları keçirilir. 2018/2019-cu tədris ili üzrə buraxılış imtahanlarında azadlığı məhdudlaşdırılan 17-55 yaş arasında 196 nəfər iştirak edib”.

 

Nəticələr belə hesablandı

 

2019-2020-ci tədris ili üçün keçirilən imtahanların ən böyük özəlliyi tətbiq edilən imtahan qaydaları ilə bağlıdır. Belə ki, bu il yeni tədris proqramları ilə tədrisin təşkilindən 11 il keçir. “Yeni qəbul qaydaları” kimi fərqləndirdiyimiz builki qaydalar da məhz həmin tədris proqramına əsaslanır. X.Xanlarzadə hesab edir ki, ümumi təhsil müəssisələrində 11 ildir həyata keçirilən tədris proqramları - kurikulum əsasında dərs keçən, 11 il öncə birinci sinfə gedən şagirdlər məzun olduqları üçün bu il ali təhsil müəssisələrinə qəbul qaydalarında da, qəbul mexanizmində də dəyişikliklər edilib. Bu il də müsabiqə 700 ballıq şkala əsasında həyata keçirilir. Ancaq yeni qaydalara görə, buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən  müsabiqənin bir hissəsidir. Belə ki, bu ildən müsabiqənin birinci mərhələsi sayılan buraxılış imtahanlarının nəticələri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmağa təsir edir. Yeni qəbul mexanizminə görə, abituriyent ixtisas seçimi mərhələsinə qatılarkən hər iki imtahanın nəticələri toplanılır. Buraxılış imtahanlarının və ixtisas qrupları üzrə keçirilən imtahanın nəticələri cəmlənir və əldə edilən bal abituriyentin müsabiqədə iştirak balı sayılır. Buraxılış imtahanlarında abituriyent maksimum 300 bal toplayır.

Bəs, yeni qaydalarla keçirilən bu imtahanların nəticələri necə hesablanır? Yəni, 300 bal necə əldə edilir?

DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, imtahanın harda keçirilməsindən asılı olmayaraq, buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri qiymətləndirilərkən markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər. Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq  0,  və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə, şagirdlərin xarici dil fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və    -yə vurulur.

Tədris dili fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və   -yə vurulur.

Riyaziyyat fənni üzrə isə kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplanılan ballar, yazılı şəkildə cavablandırılan tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu 3 ədəd də üst-üstə toplanır və   -yə vurulur.

 

Qiymətindən narazı qalanlar

 

Onu da qeyd edək ki, imtahan iştirakçıları öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər. İmtahanda iştirak etmiş hər kəs DİM-in internet səhifəsində öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Bundan sonra da imtahanın nəticələri ilə bağlı hər hansı şübhəsi, narazılığı olan qalarsa, DİM-ə müraciət edə bilir. Xatırladaq ki, məhz aprel ayında keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) iyunun 3, 4 və 7-də Apelyasiya Komissiyası fəaliyyət göstərib. X.Xanlarzadənin sözlərinə görə, Komissiyaya müraciət edənlərin sayı mini keçib: “Tam onbirillik təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına ümumilikdə 1858 məzun və ya abituriyent müraciət edib. Onlardan 1593 nəfər buraxılış imtahanları, 54 nəfər birinci ixtisas qrupu, 111 nəfər ikinci, 55 nəfər üçüncü , 45 nəfər isə dördüncü ixtisas qrupu üzrə qiymətlərinin araşdırılması üçün ərizə yazıb. Hazırda Apelyasiya Komissiyasında onların ərizələrinə baxılır. Bu barədə ictimaiyyətə ayrıca məlumat veriləcək”.

DİM Apelyasiya Komissiyasında abituriyentin iştirakını (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacib sayır. Hətta abituriyentlərin valideynlərindən birinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsindən sonra komissiyanın işində iştirakına da şərait yaradılır.

 

Bu imtahan həyatdakı son sınaq deyildi

 

Dövlət İmtahan Mərkəzinin ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanları, yəni həm də ali təhsil müəssisələrinə qəbul müsabiqəsinin birinci mərhələsi yekunlaşdı. Təhsil haqqında sənəd almaq istəyənlər sənədini alıb bundan sonrakı yoluna necə davam edəcəyinə qərar verdi. Kimi ali təhsil müəssisələrinə keçirilən yaz qəbul imtahanlarında iştirak etdi, kimi də yay qəbul imtahanlarına hazırlaşır. Üçüncüsü üçün həyat hərbi xidmətdə, bir başqası üçün tamamilə başqa sahədə, başqa istiqamətdə, hətta başqa ölkədə davam edəcək. Bu da o deməkdir ki, onları ən azı buraxılış imtahanı qədər önəmli sınaqlar gözləyir.  

Ruhiyyə DAŞSALAHLI