2018-2019-cu tədris ili ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq,Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.

 

Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib.

 

 

Ümumi statistika

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır.

 

BŞTİ-nin tabeliyindəki məktəblərdə 424 118 şagird təhsil alır.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur.

 

 

2018-2019-cu dərs ilinin prioritet istiqamətləri 

 

Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer verilib. Həmçinin məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılıb. 

 

 

Birinci sinfə qəbul üzrə 45 minədək sorğu yerləşdirilib

 

Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

 

 

I sinfə qəbul prosesində yenilik

 

2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb.

 

Qeyd edək ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.

 

 

264 məktəbdə 919 məktəbəhazırlıq qrupu

 

BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub.

 

 

15 məktəbdə 21 “Sağlam təhsil” sinfi

 

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 168 sinfində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərib.

 

Həmçinin cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.  

 

 

Təntənəli açılış mərasimləri

 

2018-2019-cu tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələrin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin və 8, 28, 187, 192, 227, 295 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

 

 

Təhsil sahəsi üzrə mühüm sərəncamlar

 

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” və “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında”  sərəncamlar imzalayıb.

 

Sərəncamlara əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə  18  milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb.

 

Birinci vitse-prezident Mehriban Əliyeva paytaxt məktəblərində

 

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 nömrəli xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

11 nömrəli xüsusi təhsil məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təhsil ocağına fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

 

Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə gəliblər. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.

 

 

İlk dərslər vətənpərvərlik mövzusuna həsr edilib

 

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

 

 

164 məktəbdə 360 təmayül sinfi təşkil olunub

 

2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

 

 

52 şagird inklüziv təhsilə cəlb edilib

 

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

 

 

İşə qəbul üzrə 1350 vakansiya təqdim olunub

 

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub.

 

 

790 nəfər işə qəbul olunub

 

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub.

 

 

265 müəllimin iş yeri dəyişdirilib

 

2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.

 

 

1210 müəllim müddətli müqavilə ilə işə qəbul üçün göndərilib

 

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

 

 

269 nəfər müəllimin iş yeri daimiləşib

 

2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib.

 

 

995 müəllimlə müddətli müqavilə bağlanıb

BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. Bunlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub.

 

 

Müəllimlər təltif edilib

 

2018-2019-cu tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim “Tərəqqi” medalına, 10 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 24 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

 

Eləcə də 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.

 

 

400 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib  

 

2018-2019-cu tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 25 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 30 nəfər psixoloq vəzifəsinə, 29 nəfər kitabxanaçı vəzifəsinə, 16 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 44 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 190 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 400 nəfərin işə qəbulu həyata keçirilib

.

 Qeyd edilən vəzifələrə növbəti işə qəbul müsabiqəsi 2019-cu ilin yanvar ayında elan edilib. Hazırda sonuncu (müsahibə) mərhələsinin təşkilinə hazırlıq işləri görülən yeni müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.

 

İmtahanların nəticələrinə və mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib. Müəyyən edilmiş keçid ballarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə 106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 21, psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

 

 

33 nəfər direktor vəzifəsinə işə qəbul olunub 

 

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 

 

 

Orta aylıq əmək haqqı 580 manat təşkil edir

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 580 manat təşkil edir.

 

 

Azərbaycan müəllimlərinin XV qurultayı

 

Azərbaycan müəllimlərinin XV qurultayında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib. Həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılıb.

 

 

Mövcud vəziyyəti öyrənmək üçün qiymətləndirmələr keçirilib

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin II, IV, VI və VIII siniflərində tədris dili, riyaziyyat və ingilis dili fənlərindən qiymətləndirmələr təşkil edilib.

 

Məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədi ilə sözügedən qiymətləndirmənin təşkili ümumi təhsil məktəblərinin rəhbərliyinə həvalə olunub. Qiymətləndirmələrin təşkili vəziyyətinin monitorinqi və real nəticələrin əldə olunması məqsədi ilə 5 ümumi təhsil məktəbində qiymətləndirmələr BŞTİ əməkdaşlarının rəhbərliyi ilə həyata keçirilib.

 

 

600-dən artıq pedaqoji mühazirə dinlənilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Yekun mərhələdə  BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edən 15 məruzəçi fərqlənib. Məruzəçi müəllimlərpedaqoji mühazirələrin respublika mərhələsində iştirak etmək  hüququ qazanıb.

 

 

“Eko-təqdimatlar” layihəsində 5000-dən artıq şagird iştirak edib

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. 2018-2019-cu tədris ilində 40-dan artıq ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib. Təqdimatlarda 5000-dən artıq şagird iştirak edib.

 

 

“Məktəb seminarları”na 5000 nəfərə yaxın iştirakçı qatılıb

 

BŞTİ tərəfindən “Məktəb seminarları” keçirilib. Bakının hər bir rayonu üzrə keçirilmiş seminarlara 4931 nəfər iştirakçı qatılıb.

 

 

Məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib

 

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib.

 

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

 

Görüşdə məktəb idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

 

Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri Bakıda

 

Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ölkəmizə səfər edib.

 

Üçgünlük səfər çərçivəsində BŞTİ-də Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ilə geniş tərkibdə görüş keçirilib. BŞTİ ilə İstanbul, Ankara və İzmir Milli Təhsil idarələri arasında Niyyət protokolu imzalanıb. Həmçinin Türkiyəli qonaqlar 189-190 və 138 nömrəli tam orta məktəblərdə, 268 nömrəli xüsusi məktəbdə olublar.

 

Səfər çərçivəsində keçirilən görüşlərdə qardaş ölkə olan Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul və İzmir şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməklə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri Bakıda

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlığın indiki vəziyyəti və onun genişləndirilməsi üçün mövcud potensial müzakirə edilib, ümumi təhsil sahəsindəki təcrübə mübadiləsi barədə səmərəli fikir mübadiləsi aparılıb. 

 

Görüşdən sonra Rusiyalı qonaqlar 160 nömrəli Klassik Gimnaziyada olub. Məktəblə tanışlıqdan sonra qonaqlara gimnaziyanın fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

 

 

“Məktəblinin dostu” layihəsi çərçivəsində tədbirlər

 

2018-2019-cu tədris ilində paytaxtın daha 3 məktəbində “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlayıb.

 

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı “Məktəblinin dostu” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki 32 ümumi təhsil müəssisəsində 136 nəfər  “Məktəblinin dostu” fəaliyyət göstərir.

 

Layihə çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunub, "Mühafizə və təhlükəsizlik qaydaları", “Uğurlu peşə seçimi”, "Məktəblinin sağlam qidası", “Valideyndən öyrənək”, “Fövqəladə hallarda özünü necə aparmalı”, “Zərərli vərdişlərə son”, “Tütündən istifadənin zərərləri”, “İlk yardım və ilkin psixoloji yardım”, “Narkomaniya ilə mübarizə”, “İnsan hüquqları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, “Məqsədli karyera” və digər mövzularda təlimlər keçirilib.

 

Həmçinin “Açıq qapı” günləri təşkil olunub, valideynlər üçün maarifləndirici təlimlər keçirilib.

 

Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə məktəblilər arasında çempionat keçirilib.

 

 

80 məktəbdə İngilis dilində Danışıq Klubları fəaliyyət göstərir

 

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində 80 məktəbdə Danışıq Klubları fəaliyyət göstərir. Hazırda 4000-dən artıq şagird yaradılan Danışıq Klublarının fəaliyyətindən yararlanmaqdadır.

 

   

“Xoşbəxt olsun uşaqlar” layihəsi

 

Bakı Şəhəri  üzrə  Təhsil İdarəsi  və  Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 33 ümumi  təhsil müəssisəsinin şagirdlərindən  ibarət  birləşmiş  xor kollektivi yaradılıb. Layihə ümumi təhsil müəssisələrində uşaq-xor fəaliyyətinin genişləndirilməsi, məktəblərarası mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.

 

500 məktəblidən ibarət  birləşmiş  xor kollektivi Heydər Əliyev Mərkəzinin parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Uşaq festivalında da iştirak edib.

 

 

26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər açılıb

 

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 30 ümumi təhsil məktəbinin iştirakı ilə “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilib. Layihə çərçivəsində informatika müəllimlərinin iştirakı ilə seminar təşkil olunub. Həmçinin 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər açılıb.

 

 

İngilis dili resurs mərkəzlərinin fəaliyyəti

 

BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində British Council təlimçilərinin moderatorluğu ilə 4 günlük “Teacher Activity Groups” (Müəlimlərin Fəaliyyət Qrupları) və 2 günlük “Debate, Negotitation, Dialogue” (Debat, Əlaqə, Dialoq) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.

 

 

“İcmalar üçün İngilis Dili” layihəsi

 

Azərbaycan  Respublikası Təhsil Nazirliyi, British Potrelium Neft Şirkəti və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün ingilis dili” layihəsi həyata keçirilib. Layihə Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ inzibati rayonunun neft  boru kəməri keçən qəsəbələrini əhatə edib. Layihə İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və  icma üzvlərinə keyfiyyətli ingilis dili tədrisinin təmin olunması yolu ilə onların məşğulluq imkanlarının artırılması məqsədilə keçirilib. Layihəyə Qaradağ rayonu üzrə neft kəməri keçən qəsəbələrdən 6 pilot məktəb cəlb olunub.

 

 

“Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib

 

Paytaxtın 52 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

 

Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada Bakı və Gəncə şəhərlərində ümumilikdə 1 757 nəfər şagird iştirak edib.

 

 

“Uğur üçün tədris” layihəsi

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib.

 

2018-2019-cu tədris ilində layihəyə Bakı şəhəri üzrə 74 ümumi təhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 600 nəfər ingilis dili müəlliminə 167 akademik saatlıq dil təkmilləşdirmə, 53 akademik saatlıq metodologiya və 53 akademik saatlıq məktəbəsaslı peşəkar inkişaf təlimi keçirilib.

 

 

Əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsil

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində layihəyə cəlb olunmuş müəllimlər üçün “Təlimçilərin Təlimi” keçirilib. Ümumilikdə 14 ümumi təhsil məktəbində çalışan 19 nəfər müəllim sözügedən təlimdə iştirak edib.

 

 

Təhsil sahəsində şəffaflığın artırılması mövzusunda görüşlər

 

Paytaxt məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici görüşlər keçirilib.

 

Görüşlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

 

 

Beynəlxalq Aptist İmtahanları

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptist İmtahanları keçirilib. İmtahanlarda layihənin tətbiq edildiyi 74 ümumi təhsil məktəbindən 600 nəfər İngilis dili müəllimi və 400 nəfər paytaxt məktəblisi iştirak edib.

 

 

Valideynlər təhsil müəssisələrində

 

Paytaxtın ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər keçirilib, valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.

 

 

“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir

 

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib.

 

Hazırda BŞTİ-nin tabeliyindəki 260 ümumi təhsil məktəbində  “Kiçik Akademiya” fəaliyyət göstərir.

 

 

Şagirdlər tarixi yerləri tanıdıb

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlər tanıdır” layihəsi çərçivəsində tur-aksiya keçirilib. Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanı rayonları üzrə tur-aksiyada BŞTİ-nin tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin VI-VIII sinif şagirdləri iştirak edib. Aksiya çərçivəsində şagirdlər getdikləri yer barədə topladıqları məlumatları digər məktəblərin şagirdləri ilə bölüşüblər.

 

Layihənin təşkil olunmasının əsas məqsədi Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, şagirdlərin təhsil aldığı məktəblərin yerləşdiyi ərazinin tarixi və mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri barədə digər rayonlardan gələn şagirdlərə ətraflı məlumat verməkdən ibarətdir.

 

 

Mütaliə istiqaməti üzrə layihələr reallaşdırılıb

 

Ümumi təhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində mütaliə istiqaməti üzrə "Qızıl rəf", "Ədəbi natura", "Kitab bizim evin uzunömürlü üzvüdür", "Siz hələ də mütaliə etmirsiniz?", "Mən oxudum, siz də oxuyun" layihələri reallaşdırılıb.

 

 

“Ən yaxşı təqdimat” müsabiqəsi

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  keçirilən müsabiqənin respublika mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 2-si Tərifnamə ilə təltif olunub.   

 

 

“Ədəbiyyat biliciləri” müsabiqəsi

 

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 8 şagirddən 5-i qalib olub.

 

 

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsi

 

“Sabahın alimləri” Müsabiqəsinə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Müsabiqədə ümumilikdə 187 layihə qalib seçilib. Qalib layihələrdən 45-i Bakını əhatə edir.Həmin layihələrdən 2-si I yerə, 5-i II yerə, 5-i isə III yerə layiq görülüb.

 

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva və 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək imkanı əldə ediblər.

 

 

Paytaxtda müsabiqə-konfrans

 

“Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda müsabiqə-konfrans keçirilib.Ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə keçirilən müsabiqə-konfransın rayon mərhələsində 224 təhsil işçisi iştirak edib. Onlardan 35-i  Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. 

 

Münsiflər heyətinin qərarına əsasən, 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunub.

 

 

Paytaxt məktəblisi dünya üzrə 100 nüfuzlu qadından biridir

 

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun  gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir.

 

Qeyd edək ki, R.Camalova beynəlxalq uğurları ilə bərabər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. O, müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.

 

Bu uğuruna görə R.Camalova 12 – 17 may 2019 – cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.

 

R.Camalova müsabiqədə əldə etdiyi bu nailiyyəti Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Zəhra Qasımzadə ilə birlikdə hazırladığı layihəyə görə qazanıb. 

 

R.Camalova həmçinin, 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib.

 

 

Beynəlxalq Riyaziyyat Olimpiadasında ilk medal

 

Ölkəmizi VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) təmsil edən Fidan Qarayeva ilkə imza atıb.

 

Belə ki, mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır.

 

 

Paytaxt məktəbliləri beynəlxalq arenada

 

12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edib.

 

Paytaxt məktəbliləri 17-ci beynəlxalq kompüter layihələri olimpiadasından (İnfomatrix Asia) medalla qayıdıblar.

 

Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadada 62 nömrəli məktəb-liseyin VIII sinif sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyev bürünc medala layiq görülüblər.

 

Paytaxt məktəbliləri 20-22  aprel 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et”  VI Ümumrusiya elmi–innovasiya konfransında uğurla iştirak ediblər. Belə ki, Bakı şəhəri 177 nömrəli tam  orta məktəbin VIII sinif şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin IX sinif şagirdi Əli Bağırov konfransda “Riyaziyyat və informatika” seksiyası üzrə  “Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini” adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər.

 

Paytaxt məktəbliləri Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Həmçinin, beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.

 

Paytaxt məktəblisi beynəlxalq rəsm müsabiqəsində uğurla iştirak edib. Belə ki, Bakı şəhəri 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rauf Məmmədov Moskva şəhərində keçirilən uşaq rəsm müsabiqəsində I yerə layiq görülüb.

 

 

6 fənn üzrə olimpiada qalibi – paytaxt məktəblisi

 

160 nömrəli Klassik Gimnaziyanın XI sinfində oxuyan Kamil Məhərrəmov dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alıb.

 

Onun hədəfi dünyanın ilk beşliyində olan universitetlərdən birində tibb sahəsi üzrə təhsil almaqdır.

 

O, 6 fənn üzrə olimpiada qalibidir.

 

 

Respublika Fənn Olimpiadalarında 47 məktəbli uğur qazanıb

 

IX, X və XI sinif şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadaları keçirilib. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 11 nəfər gümüş, 31 nəfər bürünc medal olmaqla, ümumilikdə 47 məktəbli uğur qazanıb.

 

 

V Respublika fənn müsabiqələri

 

Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 9 000-ə yaxın şagird iştirak edib. 

 

Müsabiqənin nəticələrinə əsasən, 22 527 iştirakçı şagirddən 491-i biologiya, 507-si fizika, 617-si informatika, 530-u kimya və 2 547-si isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb. 

 

 

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası 

 

Olimpiadanın ilk turunda 15 minə yaxın  şagird iştirak edib. V-VI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın  final mərhələsində isə Bakı şəhəri üzrə 1 577 məktəbli iştirak edib. Olimpiadanın final mərhələsinin nəticələrinə əsasən, 44 nəfər şagird I, II, III yerlərə layiq görülüb. 12-17 bal arası nəticə göstərən 349 şagird isə olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görülüb. 

 

 

Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri 

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri təşkil edilib. 

 

fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird mübarizə aparıb.

 

Gənc kimyaçıların yaradıcılıq  müsabiqəsinin rayon mərhələsində 293 ümumi təhsil müəssisəsindən 879 şagird iştirak edib. 

 

Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsinin rayon mərhələsində isə 261 ümumi təhsil müəssisəsinin 783 şagirdi yarışıb.

 

Məktəblilərin fizika, kimya və biologiya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edib.

 

  

Eksternat imtahanlarında 136 nəfər müvəffəq olub

 

Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 220 nəfər iştirak edib. Onlardan 136 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

 

 

Buxarest şəhərinə təhsil səfəri 

 

Rumıniyanın paytaxtı Buxarest şəhərinə təhsil səfəri təşkil edilib.  

 

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təşkil olunan səfər “Məktəb özünüqiymətləndirmə” mövzusuna həsr edilib.

 

 

İspaniya təcrübəsi öyrənilib

 

Təhsil Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərinə işgüzar səfər edib.

 

Səfər təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya Krallığının təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənmək məqsədilə həyata keçirilib.

 

 

İsraildə beynəlxalq təlim

 

Paytaxtın təhsil müəssisələrində çalışan 21 müəllim STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edib.

 

 

BŞTİ əməkdaşları üçün təlimlər

 

BŞTİ və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində İdarənin əməkdaşları üçün“Effektiv rəyin verilməsi”, “Düşüncə tərzləri”, “Təsirli nitq və prezentasiya qaydaları” və “Müəssisədaxili ünsiyyət qaydaları” mövzuları üzrə təlimlər keçirilib.

 

Həmçinin BŞTİ və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində İdarənin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

 

 

Təhsil işçiləri üçün təlimlər

 

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinin xarici dil və fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib.

 

Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Bakının 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib.

 

Paytaxtın fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün “İKT savadlılığının artırılması”, "Təhsildə müasir strategiyalar və layihə metodikası" mövzusunda təlimlər keçirilib. Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən təlimlərdə 543 nəfər müəllim iştirak edib.

 

Paytaxtın ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri və İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib. Qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib.

 

İKT üzrə savadlı olan müəllimlərə mentorluq xidmətinin təşkili ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 43 məktəbinin 410 nəfər müəllim və inzibati heyətinə 3 ay müddətində mentorluq dəstəyi göstərilib.

 

Məktəbəhazırlıq qruplarında məşğələləri aparacaq ibtidai sinif müəllimləri üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər keçirilib. Təlimlərdə iştirak edən 875 ibtidai sinif müəllimi üçün yekun qiymətləndirmə keçirilib və onlara ixtisasartırma setifikatları təqdim olunub.

 

Paxtaxtın ümumi təhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda ixtisasartırma təlimlərini başa vuran 1 387 müəllim iştirak edib.

 

Azərbaycan Respublikası  Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün  “İbtidai təhsil səviyyəsində sinfin  idarəedilməsi” və “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı  təlimlər  təşkil  edilib. Təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 960  ibtidai sinif müəllimi iştirak edib.

 

Azərbaycan Respublikası  Təhsil Nazirliyi və Odlar Yurdu  Universitetinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərinin   fənn müəllimləri  və  ibtidai sinif müəllimlərinin iştirakı ilə “Məktəbdaxili qiymətləndirmənin təşkili  metodikası” mövzusunda  təlimlər keçirilib. Qeyd  olunan  təlimdə  100 müəllimin  iştirakı  təmin edilib.

 

Azərbaycan Respublikası  Təhsil Nazirliyi və Odlar Yurdu  Universitetinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərinin  Azərbaycan dili  və ədəbiyyat müəllimləri  üçün  təlim təşkil olunub. Təlimlərdə  327  müəllim iştirak edib.

 

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 360 nəfər kitabxana işçisi üçün “Kitabxana işinin təşkili və idarə olunması” və “Kitabxana işinin təşkili zamanı İKT-dən istifadə üsulları və proqram təminatı” sahəsi üzrə təkmilləşdirmə təlimləri keçirilib.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində “Maliyyə savadlılığı ünsürlərindən təhsildə istifadə” mövzusunda təlimlər keçirilib. Ümumi təhsil məktəblərinin ibtidai siniflərində həyat bilgisi fənnini tədris edən 120 nəfər müəllim təlimlərdə iştirak edib.

 

 

Təhsil işçiləri arasında intellektual yarışma

 

BŞTİ Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunan bilik yarışının əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf  etdirməkdən ibarətdir. Bilik yarışında BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin əməkdaşlarından, ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 32 komanda çempionluq uğrunda mübarizə aparıb.

 

  

Ümummilli liderin 96 illik yubileyinə həsr olunmuş tədbirlər

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib. Sərgidə Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər  inkişaf mərkəzlərinin istedadlı şagirdləri yaradıcılıq nümunələri nümayiş etdiriblər.

 

Paytaxtdakı 295 nömrəli tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Həmçinin təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.

 

                  

Paytaxt məktəblərində “Nəsimi ili”nə həsr olunmuş tədbirlər

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

Belə ki, təhsil müəssisələrində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş konfrans, mühazirə, disput, “Dəyirmi masa” və ədəbi-bədii gecələr təşkil edilib. Eləcə də təhsil müəssisələrində unudulmaz şairə həsr olunan fotostendlər, bülletenlər hazırlanıb, guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Bundan əlavə, “Nəsimi ili” çərçivəsində məktəblilər arasında bədii qiraət müsabiqələri, bilik yarışları keçirilib. Məktəb kitabxanalarında İmadəddin Nəsiminin əsərləri əsasında müzakirələr aparılıb.

 

 

İdman sahəsində 697 medal

 

2018-2019-cu tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar.  Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri  üzrə beynəlxalq və respublika yarışlarında 214 qızıl, 222 gümüş, 231 bürünc  olmaqla ümumilikdə, 697 medal əldə ediblər.

 

 

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

 

Paytaxtın ümumi təhsil müəssisələrində ölkə Prezidentinin sərəncamlarına əsasən yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

 

Uşaq-Gənclər İnkişaf Mərkəzləri beynəlxalq festivallarda

 

Paytaxt məktəbliləri Türkiyədə Novruz bayramı və TRT AVAZ telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Dan ulduzu” rəqs ansamblının canlı yayımda təqdim etdiyi xalq rəqsləri tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

 

BŞTİ-nin tabeliyindəki 5  nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi  Rusiyanın  Moskva  və  Gürcüstanın Batumi şəhərlərində keçirilən  beynəlxalq  rəqs festivalında  uğurla  iştirak ediblər.

 

 

“Oxu günü” tədbiri keçirilib

 

“Gəlin birgə oxuyaq!” şüarı altında ümumi təhsil məktəb və lisey şagirdlərinin iştirakı ilə ənənəvi “Oxu günü” tədbiri keçirilib.  Tədbirdə məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Tədbir çərçivəsində nəşriyyat və kitabxanaların kitab sərgi-yarmarkası təşkil olunub.

 

Şagirdlərə mütaliə vərdişlərinin aşılanması məqsədilə ümumi təhsil məktəblərində  “Dəyirmi masa”lar, müxtəlif əsərlərin müzakirələri, kitab sərgiləri, yazıçı və ziyalılarla görüşlər təşkil edilib.

 

 

Ağacəkmə aksiyaları

 

Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası çərçivəsində paytaxtdakı ümumi təhsil məktəblərinin ərazisində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

 

Həmçinin, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl  məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınıb, 3000-dən çox ting əkilib.

 

 

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi 

 

Bakı Ekspo Mərkəzində “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb. Sərgidə BŞTİ-nin “Məktəbəhazırlıq” stendi də yer alıb.

 

 

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

 

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Paytaxtın 12 rayonu üzrə 62 mərkəzdə təşkil olunan dərslərdə BŞTİ-nin tabeliyindəki 305 məktəbin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 18 məktəbin və hər bir rayonda məskunlaşmış qaçqın məktəblərinin 20 762 nəfər XI sinif şagirdi iştirak edib. 

 

 

Məktəblilər üçün ekskursiyalar

 

Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzinə, Xalq  Təhsili   Muzeyinə, YARAT Müasir İncəsənət Mərkəzinə və digər tarixi abidə və muzeylərə ekskursiyaları təşkil olunub.

 

 

“Məktəblilər üçün muzey həftəsi”

 

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilib.

 

Ekskusiyalar 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə reallaşdırılıb. Muzey həftəsində 29 regionun Uşaq - Gənclər İnkişaf Mərkəzindən və Bakı şəhəri üzrə 270-ə yaxın ümumi təhsil müəssisələrindən ümumilikdə 21 729 nəfər məktəbli iştirak edib.

 

Layihə çərçivəsində məktəblilər ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə ediblər.

 

 

Təhsil müəssisələrində maarifləndirici təlimlər

 

Təhsil müəssisələrində şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış qaydaları, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.

 

 

Məktəblilər ali təhsil müəssisələrində

 

Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilib.Ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə ixtisas seçimi, fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilib. 

 

 

Təhsil işçiləri arasında idman yarışları

 

Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında idman yarışları keçirilib. Yarışlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və BŞTİ-nin birgə təşkilatçılığı ilə keçirilib.

 

Voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis üzrə yarışlarda I, II və III yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Həmçinin təhsil işçiləri arasında futbol üzrə Bakı şəhər çempionatı keçirilib. Çempionatın nəticələrinə əsasən, BŞTİ-nin futbol komandası III yeri tutub. Final mərhələsində qarşılaşan “Nərimanov” I, “Binəqədi” isə II yerə layiq görülüb.

 

 

Paytaxt məktəbliləri Avropa Gənclər Olimpiya Festivalında

 

Paytaxtımızın ev sahibliyi edəcəyi XV Avropa Gənclər Olimpiya Festivalına dəstək məqsədilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumi təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.

 

Qeyd edək ki, festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) Bakı şəhərindən 50 məktəb iştirak edəcək.

 

 

Bayrağımızı ölkədən kənarda dalğalandıran məktəblilər

 

Paytaxt məktəbliləri Avropa çempionatından qalibiyyətlə qayıdıblar. Çempionatda karate idman növü üzrə ölkəmizi təmsil edən 2 paytaxt məktəblisi - 147 nömrəli Texniki-humanitar liseyin X sinif şagirdi Tale Yaqubov və 187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminağa Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.

 

Paytaxt məktəbliləri İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən böyük qalibiyyətlə Vətənə qayıdıblar. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb. Qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.

 

297 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əli Sadıqzadə Gürcüstanda kikboksinq idman növü üzrə keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Final mərhələdə 2 erməni idmançını məğlub edən Ə.Sadıqzadə qızıl medal və diplomla mükafatlandırılıb.

 

 

Paytaxt məktəblilərinin Respublika çempionatındakı uğurları

 

Məktəblər arasında keçirilən respublika çempionatında voleybol idman növü üzrə I yeri Bakı şəhəri 269 nömrəli, basketbol idman növü üzrə I yeri Bakı şəhəri 269 nömrəli, III yeri Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın komandası tutub.

 

Qalib komandalar müvafiq olaraq Xorvatiyanın Poreç şəhərində və Yunanıstanın Heraklion şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.

 

 

Məktəblilər vətənpərvərlik ruhunda tərbiyə edilir

 

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan  tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Həmçinin pedaqoji işçilər  və məktəblilərin  Şəhidlər Xiyabanına və “Ana  fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.

 

Eyni zamanda, ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub.

 

Məktəblilər arasında “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, paytaxt məktəblərinin şagirdləri I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.

 

 

Mikayıl Müşfiqin abidəsi ucaldılıb

 

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə abidəsi ucaldılıb və vaxtilə müəllim kimi çalışdığı tədris ocağının binasına xatirə lövhəsi vurulub.

 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiq ədəbiyyatımızı zənginləşdirən lirik şeirlər, poemalar, nağıllar, uşaq şeirləri ilə misilsiz sənət inciləri ustası kimi tanınır.

 

 

90 yaşlı məktəb

 

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 90 illik yubileyi qeyd olunub. Tədbirdə 90 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açılıb.

 

 

Qardaş ölkə ilə birgə layihə

 

Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” adlı layihə həyata keçirilib.

 

Layihə çərçivəsində Türkiyənin Ankara şəhərindəki Mamak Ali Kuşçu məktəbinin şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri ilə məktublaşıblar. 

 

 

Paytaxt məktəbliləri Formula 1 tədbirlərində

 

Paytaxt məktəbliləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə bağlı tədbirlərdə maraqlı proqramla çıxış ediblər.

 

Belə ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəb, 20 və 6 nömrəli məktəb-liseylər, 132-134 nömrəli Məktəb-Lisey Kompleksi və Avropa liseyinin şagirdləri 26-28 aprel 2019-cu il tarixlərində Bulvar ərazisində Formula 1 oyunları ilə əlaqədar keçirilən əyləncəli tədbirlərdə iştirak ediblər.

 

Tədbirlərdə ümumi təhsil müəssisələri “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində püşkatma zamanı onlara adları təqdim olunan Avropa ölkələrini təmsil edib, həmin ölkələrin maddi-mənəvi irsini nümayiş etdiriblər. 

 

 

Paytaxtda 13 məktəb əsaslı təmir olunub, 6  yeni məktəb binası inşa edilib

 

2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.

 

Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

 

2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə inşasına başlanılıb.

 

 

229 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb

 

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib. Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 229 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

 

 

50 minə yaxın müraciət daxil olub

 

2018-2019-cu tədris ili ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzinə  50 minə yaxın müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 000-dən çox zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 16 minə yaxın vətəndaş müraciəti daxil olub. 1 800-ə yaxın vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

 

15 000-ə yaxın sənəd (vətəndaşlar tərəfindən 2 697 ərizə, Təhsil Nazirliyindən 1 931, digər qurumlardan 2 351, məktəblərdən 5 545 məktub, 626 strukturdaxili yazışma və  1 250 kadr ərizəsi)  qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 2 430 elektron müraciətə baxılıb.

 

Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib.Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

 

 

BŞTİ müdiri vətəndaşları qəbul edib

 

BŞTİ müdiri Rəşad Tağıyev rəsmi qəbul qrafikinə uyğun olaraq İdarənin Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşları və Səyyar Qəbul çərçivəsində paytaxtın Nizami, Nərimanov Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynləri qəbul edib.

 

Qəbullarda vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilib, onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

 

 

İctimaiyyətlə əlaqələr genişləndirilir

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeniliklər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2018-2019-cu tədris ilində də müvafiq qaydada yerinə yetirilib.

 

BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.

 

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

 

İctimaiyyəti maraqlandıran mövzularla bağlı mətbuat konfransları keçirilib, brifinqlər təşkil edilib.

 

 Həmçinin BŞTİ-nin tədris ili və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.

 

 

Məktəb saytları təkmilləşdirilir

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib. Paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş  məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

 

Həmçinin məktəb saytlarının fəaliyyətinin müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. 

 

 

Könüllülük Proqramı

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində VI könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub. 

 

Qeyd edək ki, BŞTİ 5 ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də 3 ay təcrübə keçmək imkanı qazanırlar.