İki ali məktəbin alimləri birgə tədqiqat aparacaqlar
UNEC ilə Türkiyənin İnönü Universiteti arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər.
Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.
UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən professor Ahmet Kızılay İnönü Universitetinin UNEC-in zəngin təcrübəsindən yararlanmaq istədiyini bildirib. O, UNEC-in magistratura və doktorantura təhsilini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını söyləyib.
Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, texniki peşələr üzrə kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər Mevlana mübadilə proqramının genişləndirilməsi və Erasmus+ mübadilə proqramında əməkdaşlıq imkanlarını müzakirə ediblər.