Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc bioloqların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 312 nömrəli məktəb-liseyin komandası 44 balla I, 72 və 244 nömrəli tam orta məktəblərin komandaları 42 balla II, 191 nömrəli məktəb-liseyin komandası isə 41 balla III yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqənin final mərhələsində Suraxanı rayonu üzrə 76, Xəzər rayonu üzrə 117, Pirallahı rayonu üzrə 235, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 153, Qaradağ rayonu üzrə 228, Nərimanov rayonu üzrə 258, Binəqədi rayonu üzrə 182 və 244 nömrəli tam orta məktəblər, Xətai rayonu üzrə 191 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyi, Sabunçu rayonu üzrə 72 nömrəli məktəb-lisey, Nəsimi rayonu üzrə Texniki-humanitar lisey, Səbail rayonu üzrə 160 nömrəli Klassik gimnaziyanın komandaları iştirak edib.
Komandalar ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 30 sualdan ibarət test tapşırığını, 2 məsələ və 1 təcrübə işini yerinə yetiriblər. Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqədə iştirak edən komandalar 3 nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) təşkil olunub.
Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.