Ötən il universitetdə 81 istiqamətdə 185 mövzu üzrə 1046 elmi iş yerinə yetirilib
Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib.
İclasda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə BDU-nun rektoru, akademik Abel Məhərrəmova Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü diplomunu və medalını, eyni zamanda İsveçrədə fəaliyyət göstərən UNCOPA (UN Council for Public Awards) təşkilatının Ali Xidmət Ordenini təqdim edib.
Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə 2017-ci ildə BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı hesabatla çıxış edib. Prorektor qeyd edib ki, BDU-nun 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 23 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ümumiyyətlə 2017-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 185 mövzu üzrə 1046 elmi iş yerinə yetirilib.
Prorektor universitetdə fəaliyyət göstərən dissertasiya şuralarında müdafiə edilən işlərdən, professor-müəllim heyəti və əməkdaşlar tərəfindən respublika və xaricdə nəşr etdirilən əsərlərdən, universitetdaxili, respublika və beynəlxalq əhəmiyyətli qrant layihələrindən, Elmi kitabxananın, Universitet nəşriyyatının fəaliyyətindən, BDU nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyinin uğurlarından, 150 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işlərinin aparılmasından bəhs edib. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırdığını deyən prorektor hesabat ilində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsinin imzalandığını da diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev BDU ilə AMEA-nın birgə əməkdaşlığının elm və təhsilin inkişafına öz təsirini göstərməsindən, Akademiyada işləyənlərin böyük əksəriyyətinin BDU məzunu olmasından, BDU-nun elmi hesabatlarının hər il daha da təkmilləşməsindən danışıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə birinci yeri tutmuş təbiət fakültələri üzrə kimya və fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası, humanitar fakültələr üzrə “Jurnalistika”, sosial elmlər və psixologiya fakültəsinin “Pedaqogika” kafedrası mükafatlandırılıb.
2017-ci ildə əldə etdikləri ən yüksək elmi nailiyyətlərinə görə, biologiya fakültəsinin “Biofizika və molekulyar biologiya” kafedrasının müdiri, professor Ralfrid Həsənov və tarix fakültəsinin “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrasının müdiri, dosent Mehman Abdullayev “İlin alimi” fəxri adına layiq görülüblər. Kimya fakültəsinin “Metalkompleks katalizatorları” ETL-nin elmi işçisi Ofelya Balayeva, fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova 2017-ci ildə yüksək uğurlar əldə etdiyinə görə Fəxri fərmanla təltif olunublar.