Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Təhsil haqqında” Qanuna dəyişikliklərlə bağlı təkliflər paketinin Milli Məclisdə qəbul edilməsi nəticəsində sözügedən qanuna 62 düzəliş edildi. Həmin dəyişikliklərdən bir neçəsinin həyata keçirilməsi qaydaları Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi qərarla müəyyən edildi. Həmin qərarlardan biri özündə subbakalavrların müsabiqədənkənar bakalavr təhsili ala biləcəyini ehtiva edir. Belə ki, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi ilə sözügedən təhsil pilləsinə tələbə qəbulunda yeni qaydalar icraya yönəldildi. Yeni qaydalara əsasən kollec məzunları ali məktəblərə imtahansız qəbul ola biləcəklər. Bəs, bu prosesə nə vaxtdan başlanacaq və qeydiyyat necə aparılacaq?
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən kollec məzunlarının müsabiqənin birbaş ixtisas seçimi mərhələsinə qatılacaqlarını deyib: “Prosesə ixtisas seçimi zamanı başlanacaq. Bu mərhələ, adətən, iyul ayından gec olmayaraq həyata keçirilir. Bilirsiniz ki, abituriyentlər ümumi qaydada daha əvvəl qeydiyyatdan keçirlər. Ancaq kollec məzunları ixtisas seçimi prosesində digər abituriyentlərlə birgə iştirak edəcəklər. İxtisasları elektron ərizədə qeyd etməklə qeydiyyatdan keçəcəklər”.
Ruhiyyə