Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb.
Olimpiadanın final mərhələsində 1 577 məktəbli iştirak edib. Finalda ümumilikdə 44 məktəbli 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olub. Məktəblilədən 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub. Finalda iştirak edən şagirdlərdən 349-u isə 12 baldan 17 baladək toplayaraq fəal iştirakçı sertifikatına layiq görülüb.
V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt verilib.
Olimpiada qalibləri 2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən medal, diplom, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.