Mayın 31-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl Rayon Təhsil Şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl Rayon Təhsil Şöbələrinin müdirləri və həmin bölgələrin təhsil işçiləri iştirak ediblər.
Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Nazir müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən söz açıb. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da bildirib.
Təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyən Məhəbbət Vəliyeva həmçinin, məktəb rəhbərlərinə bu və digər məsələlərlə bağlı tövsiyələrini verib.
Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.
Daha sonra Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl Rayon Təhsil Şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” üzrə görülən işlərə dair hesabatları dinlənilib.
Hesabatlar dinlənildikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.