Mayın 31-də Bakıda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin I beynəlxalq elmi konfransı öz işinə başlayıb.
Konfrans Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və ICLEL-in (International Conference on Lifelong Education and Leadership) dəstəyi ilə reallaşıb.
Giriş sözü ilə çıxış edən rektor Ədalət Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, konfransın keçirilməsində məqsəd magistrlərin öz tədqiqatlarını təqdim etməsi üçün beynəlxalq platforma yaradılmasıdır.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov bildirib ki, bilik iqtisadiyyatı dövründə hərtərəfli inkişafın təmin ediməsində elm və təhsilin rolu artmaqdadır. Yeni biliklər, tətbiq edilən texnologiyalar və onların nəticələri iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdə mühüm amillərdir. Rəqabətin kəskinləşdiyi və qloballaşdığı bir şəraitdə insan kapitalının inkişafının, innovasiyaya əsaslanan ekosistemin qurulmasının zəruriliyini anlayan ali təhsil müəssisələri və elmi-tədqiqat institutları yeni təşəbbüslər, innovativ yanaşmalarla seçilməyə çalışdı və bununla da öz sahələrinin prioritet istiqamətlərini elan etdilər. Danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20,8 faiz artım müşahidə edilib, 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ali məktəblərdə 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edir. Hazırda magistratura səviyyəsində qəbul dinamikası müşahidə olunur.
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
İyunun 2-dək davam edəcək konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdən olan gənclər bir araya gələrək, magistr tədqiqatlarının nəticələrinin paylaşılması, elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.