“Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının baş redaktoru Məhəmməd Baharlı  uzun müddət ayrı-ayrı mətbuat orqanlarında müxbirlikdən baş redaktorluğadək ən müxtəlif vəzifələrdə işləmiş, qələmini jurnalistikanın bütün janrlarında, publisistikada, elmi-pedaqoji və bədii yaradıcılıqda eyni məharətlə işlətmiş,  istedadı, həyat duyumu, fəaliyyəti, zəngin dünyagörüşü, dərin erudisiyası, gözütoxluğu, sənətinə sevgisi və sadiqliyi ilə örnək olası jurnalistlərdəndir. Onunla vaxtaşırı görüşürük. Bizi uzun illərin,   mənim “Azərbaycan məktəbi”  jurnalına gəldiyim 1976-cı ilin bir payız günündən başlanmış dostluq, həmkarlıq münasibətləri birləşdirir. Onda M. Baharlı həmin jurnalın məsul katibi idi. Biz birlikdə bir-iki illik fasilə ilə,  təxminən, 10 il işlədik. Baxmayaraq ki, ondan cəmi 3 yaş kiçik idim, elə ilk gündən ona “müəllim” deyə müraciət etməyə başladım. Sonralar  bir çoxlarının mətbuata gəlişində və imzasının tanınmasında böyük rolu olan Məhəmməd Baharlını jurnalistikada mən də özümün müəllimim hesab edirdim. O hələ cavanlığından bu sahənin peşəkarı kimi tanınırdı və bu, müəllif və mövzu seçimindən tutmuş materialın təqdiminə qədər bütün məsələlərdə özünü göstərirdi. Sonralar birlikdə, təxminən, 14 il də  “Azərbaycan müəllimi”ndə işlədik. O, baş redaktor, baş redaktor müavini, mən şöbə redaktoru qismində. 2007-ci ildən yollarımız ayrıldı: o, indi işlədiyi jurnala getdi.  İllərin keçməsinə baxmayaraq bizim münasibətlərimiz dəyişməyib. Məhəmməd müəllimi mən indi də özümün müəllimim hesab edirəm.

 

Məhəmməd Baharlı ilə son görüşümüzdə  onun yaşlaşdığının fərqinə vardım. Öz  yaşımla  müqayisədən  kəsdirdim ki, ustad artıq 70-i haqlayıb. Hərçənd ki, başı  cavanlığından ağdır, amma anadan olduğu tarixi bilməyən adam ona bu yaşı verə bilməz. Gənc yaşlarından yüksək geyim zövqü, davranış mədəniyyəti ilə fərqlənən, həmişə şux görünməyi bacaran müəllimim  indi də, necə deyərlər, öz ampulasındadır. Ona görə də yaşından cavan görünür. Əslində heç daxilən də M.Baharlı yaşı 70-ə çatanlara oxşamır. Ruhu çox cavandır. 60-70 yaş arasında yazdığı şeirləri mütaliə edəndə,  hər hansı bir məclisdə onunla bir-iki saat birgə olanda bu qənaətin doğruluğuna şübhə qalmır.

 

Biz yaşa nisbətən cavan görünməyin, ümumiyyətlə, uzun illər yaşayıb gümrah qalmağın səbəblərini çox vaxt yeməklə, hava ilə, insanın özünə yaxşı baxması ilə əlaqələndiririk. Amma   bunlardan heç də az əhəmiyyət kəsb etməyən bir mühüm  amil də var. Bu, ustad şairimiz Şəhriyarın dediyi kimi, sevdiyin işlə məşğul olmaqdır. Ustad deyirdi ki:       

 

Könül verdiyin iş ucaldar səni,

Könül vermədiyin qocaldar səni.

 

Məhəmməd Baharlı da könül verdiyi jurnalist sənətini çox sevir,  bu sahədə çalışmasından həmişə fəxarət hissi duyurdu. Elə indi də bu sevgi və duyğu onu tərk etməyib.

 

Məhəmməd Baharlı jurnalistikamızda özünəməxsus yeri olan, pedaqoji mətbuatımıza bacardığı qədər töhfə verən pedaqoq jurnalistlərimizdəndir.  Onun bioqrafiyasına elə ötəri bir baxış bunu təsdiqləyir.

 

Məhəmməd Baharlı 1948-ci il martın 12-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

 

Əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. 1970-1971-ci illərdə ordu sıralarında xidmət edib. “Azərbaycan məktəbi” jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), “Kənd həyatı” jurnalı redaksiyasında məsul katib (1986-1988), “Azərbaycan məktəbi” jurnalı redaksiyasında məsul katib (1988-1989), “Gənclik” və “Molodost” jurnalları redaksiyasında məsul katib (1989-1992), “Təhsil” qəzetinin baş redaktoru (1992-1993) işləyib. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa edərək 2002-ci ilədək onun baş redaktoru olub. 2002-2007-ci illərdə həmin qəzetdə baş redaktorun müavini kimi çalışıb. 2007-ci ildən Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi”nin baş redaktorudur.

 

Əlbəttə.  Məhəmməd müəllimin ömür və fəaliyyət yolu haqqında təqdim olunan daha çox rəqəmlərdən ibarət bu statistik məlumat özlüyündə  onun  mətbuatdakı xidmətlərini, pedaqoji jurnalistikaya verdiyi töhfələri tam əks etdirmir və yəqin ki, heç etdirə də bilməz. Olsa-olsa müəyyən təsəvvür yarada bilər. Buradan ancaq o görünür ki, Məhəmməd müəllim haralarda və nə qədər müddətdə işləyib. Amma necə işləyib, nələr edib,   rəqəmlər bunu göstərməkdə acizdir. 70 illik ömrün hesabatı kimi isə əslində məhz bunları  göstərmək gərəkdir. Və biz bu missiyanı  qismən üzərimizə götürüb  həmkarımızın yubileyinə diqqət çəkmək məqsədi ilə qələmə aldığımız bu yazıda onun fəaliyyətinin əsas istiqamətləri, yaradıcılıq xüsusiyyətləri, rəhbərlik üslubu haqqında bəzi qənaətlərimizi məhəmmədsevərlərlə paylaşmaq istədik.

 

Tərcümeyi-halından da göründüyü kimi, Məhəmməd Baharlı əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında başlayıb. İlk kollektivin adamın sonrakı fəaliyyətinə güclü təsiri olur. O, adamın  arzularına qol-qanad  verə də bilir, onu ruhdan sala, bu sənəti, işi seçdiyi üçün peşiman edə də. 21 yaşlı Məhəmmədin bəxti gətirir. Qəzetdəki, qısa müddət də olsa, fəaliyyəti onun üçün uğurlu karyera başlanğıcı olur. Burada ilk təcrübə məktəbi keçir. O vaxt - ötən əsrin 70-ci illərində “Azərbaycan gəncləri” ölkənin nüfuzlu qəzetlərindən sayılırdı. Redaksiyada tanınmış, peşəkar jurnalistlər işləyirdilər və ora düşmək elə də asan deyildi. Ən əsası isə, 60-cı illərin oyanış, milli intibah nəsiminin qarşısını yenicə başlayan durğunluq dövrü hələ tam ala bilməmişdi. Mətbuatda, o cümlədən “Azərbaycan gəncləri”ndə cəsarətli, obyektiv yazılar dərc olunurdu. Problem məsələlər qaldırılıb həllinə, nöqsanlar işıqlandırılıb aradan qaldırılmasına nail olunurdu. Qəzetin çıxışlarına güclü reaksiya var idi. Və Məhəmməd müəllim bütün bunlardan, eləcə də redaksiyadakı yaradıcı mühitdən öz payını götürürdü.

 

İki il əsgərlikdən sonra gəldiyi “Azərbaycan məktəbi” jurnalında da fəaliyyət üçün geniş meydan var idi. Jurnala fənlər üzrə 7 əlavə-metodik məcmuələr nəşr olunurdu. Və  enerjili, istedadlı gənc bu imkandan işlədiyi 14 il ərzində gen-bol istifadə etdi. M.Baharlının gəlişi ilə əməkdaşlarının əksəriyyəti yaşlılardan ibarət olan redaksiyaya bir gənclik ab-havası gəldi, canlanma yarandı. Jurnalın aparıcı şöbələrindən birinə rəhbərlik edən gənc jurnalist  qısa müddət ərzində pedaqoji sahə ilə yaxından tanış olub təhsilin müxtəlif aktual problemləri ilə bağlı təhlili yazılar yazmağa başladı.

 

Fikrimcə, Məhəmməd müəllimin yaradıcılığının ən məhsuldar dövrü məhz “Azərbaycan məktəbi”ndə işlədiyi illərdir. İndiyədək onun qələmindən çıxmış 4 mindən çox yazının əksəriyyəti məhz o illərdə yazılıb. Həmin illər üzrə jurnalın elə bir nömrəsini tapmaq olmaz ki, Məhəmməd müəllimin orada məqaləsi olmasın. M.Baharlı jurnalla yanaşı onun əlavələri olan metodik məcmuələrə də yazırdı. O, həm də “İbtidai məktəb və məktəbəqədər tərbiyə” elmi-metodik məcmuəsinin ədəbi redaktoru idi və məcmuələr arasında ən populyar və çoxtirajlı olan bu nəşrin oxucular tərəfindən sevilməsində onun da zəhmət payı az deyildi.

 

Məhəmməd Baharlının gəlişi ilə jurnalın tematikasında, məzmununda da xeyli dəyişikliklər baş vermişdi. O daim yeni-yeni maraqlı mövzular tapır, araşdırmalar aparır, bunların nəticələrini bir peşəkar jurnalist səriştəsi ilə oxuculara çatdırırdı. Yadımdadır, o dövrdə məktəbə rəhbərliklə bağlı elmi-pedaqoji ədəbiyyatdakı boşluğu görüb “Məktəbdə pedaqoji işə rəhbərlik” mövzusunda silsilə məqalələr yazaraq jurnalda dərc etdirmişdi. Sonralar həmin yazılar kitab şəklində 2 dəfə (1988 və 1999-cu illərdə) çap olundu. Həmin kitabın təkmilləşdirilmiş variantı bütövlükdə Məhəmməd müəllimin 4 cilddən ibarət “Seçilmiş əsərləri”nə də daxil edilib. Ümumiyyətlə, Məhəmməd müəllimin həmin dövrün məhsulu olan bir çox yazıları, xüsusın də “Azərbaycan tarixi - Baharlılar” tədqiqat əsəri, “155 yaşlı ilk əlifba dərsliyimiz - “Əlifbeyi-cəhdid”, “Mirzə Fətəli Axundovun kötücəsi ilə söhbət”, “Xalq şairi Süleyman Rüstəmlə qeyri-adi söhbət”, “Bəxtiyar Vahabzadə məni niyə axtarırdı”, “Sərhəd rayonunun uşaqları” və b. yazılar  müasir publisistikamızın ən dəyərli nümunələri hesab oluna bilər. Onu da deyək ki, həmkarımızın “155 yaşlı ilk əlifba dərsliyimiz - “Əlifbeyi-cəhdid” adlı məqaləsi jurnalda dərc olunduğu vaxt əsl sensasiya yaratmış, onunla bağlı redaksiyada məktəb və pedaqogika tarixi mütəxəssislərinin iştirakı ilə müzakirə keçirilmişdi.

 

“Gənclik” və “Molodost” jurnallarında işlədiyi, təxminən, 3 illik müddət də Məhəmməd müəllimin yaradıcılığında özünəməxsus izini qoyub. Bu illər milli oyanış dövrü idi və mətbuat bu hərəkatın önündə gedirdi. O dövrün məhsulu kimi meydana atılan “Gənclik”-“Molodost” isə özünün gənclik ruhu, azadlıq istəyi, cəsarətli mövqeyi ilə ilk cərgədə idi. M.Baharlı dövrün çağırışlarına cavab verən publisistik yazılarla “Gənclik”də müntəzəm çıxışlar edirdi.

 

“Gənclik”, “Molodost” jurnallarından sonra Məhəmməd Baharlı qısa müddət ərzində “Təhsil” Cəmiyyətinin  eyniadlı qəzetinin baş redaktoru oldu. Məhz onun jurnalistlik-publisistlik qabiliyyəti, dövrün hadisələrinə, ölkənin təhsil ictimaiyyətini narahat edən məsələlərə milli maraqlar prizmasından yanaşması, cəsarətli mövqe sərgiləməsi sayəsində adi bir qurum qəzeti respublika səviyyəli bir nəşrə çevrildi. Məhəmməd müəllim qəzetə yeni forma, məzmun gətirdi, onu  təhsil işçilərinin odlu-alovlu tribunasına çevirdi.

 

“Azərbaycan müəllimi” qəzeti isə Məhəmməd Baharlının həyat və yaradıcılığında xüsusi bir mərhələ təşkil edir. 1993-cü ilin əvvəllərində Məhəmməd müəllim ona redaktor təyin olunanda böyük bir tarixi olan qəzet 8 ay idi ki, çıxmırdı. Nəşriyyata çoxlu borcu olduğundan nəşri dayandırılmışdı. O dövrdəki çətinlikləri təfərrüatı ilə yada salmağa ehtiyac duymuruq. Bu, demək olar ki, hamıya məlumdur.   Təkcə onu qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlamışdı, ölkə vətəndaş müharibəsi qarşısında idi,  büdcədən maliyyələşdirilən müəssisə və təşkilatların işçilərinin əməkhaqlarını verməyə belə vəsait yox idi. Belə bir dövrdə Məhəmməd müəllim qohumlarının ona etdikləri yardım hesabına qəzetin borclarını ödəyərək  nəşrini bərpa etdi və beləliklə,  qəzetə ikinci həyat bəxş etdi. Məhəmməd müəllim həm də qəzetə yeni nəfəs gətirdi. Yeni, cavan  əməkdaşlar işə götürdü, təzə müəlliflər cəlb etdi, yeni-yeni rubrikalar açdı, dövrün çağırışlarına adekvat mövzular müəyyənləşdirilərək qəzetin səhifələrinə çıxarıldı, ölkədə başlanmaqda olan təhsil islahatlarına mətbu söz vasitəsilə dəstək verildi. Nəticədə qəzetin siması dəyişməyə, təhsilimizin həqiqi salnaməsinə çevrilməyə, tirajı qalxmağa başladı. Tirajın artması isə redaksiyaya daxil olan vəsaitin artması demək idi. Yadımdadır, Məhəmməd müəllim, təxminən, hər altı aydan bir maaşlarımızı artırır, bunu bizə elan etməkdən xüsusi zövq duyurdu.

 

Məhəmməd Baharlının rəhbərlik və idarəçilik təcrübəsində də müsbət mənada özünəməxsusluqlar çox idi və onlar indi işlədiyi redaksiyada da davam edir. Qapısı həmişə hamının üzünə açıq idi. Ümumiyyətlə,  kabinetinin qapısını bağlamağı  xoşlamırdı. Xüsusi qəbul günləri də yox idi. İstər əməkdaşlar, istərsə də müəlliflər, kim nə vaxt istəsə yanına gedib-gələ bilirdi. İşə hamıdan tez gəlir, hamıdan gec gedirdi. Səliqə-sahmanına da xüsusi fikir verirdi. Kabineti daim səliqəli idi.  Qəzetin ümumi materialları, hazırlanan nömrənin yazıları üçün ayrıca qovluqları var idi stolunun üstündə. Oturmağı da sevmirdi. Nə vaxt baxsan ayaq üstə görərdin. İclas adına ancaq “letuçka”, planlaşdırma olurdu. 1994-cü ildə qəzetin  60 illik yubileyi yüksək səviyyədə qeyd olundu.

 

Məhəmməd Baharlının həyat və yaradıcılığının son  on ili hazırda işlədiyi “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı ilə bağlıdır. Məhəmməd müəllim bu illər ərzində jurnalı Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün tələb olunan, axtarılan faydalı bir vəsaitə çevirib. Jurnal indiki informasiya bolluğu şəraitində elmi-metodik bilik və bacarıqlarını artırmaq üçün müəllimlərə dəyərli materiallar təqdim edir.

 

Məhəmməd müəllim bədii yaradıcılıqla da peşəkar səviyyədə məşğul olur. Özünə şair deməsə də indiyədək incə rübablı qələmindən  çıxan  1000-dən artıq şeiri dövri mətbuatda dərc olunub və bunlar ona şair demək üçün tam əsas verir. Şeirlərinin böyük əksəriyyəti məhəbbət mövzusundadır.

 

Güclü müşahidə qabiliyyətinə, dərin ümumiləşdirmə bacarığına, yumor hissinə malik Məhəmməd Baharlının yaradıcılığında yumorlar da böyük yer tutur. Əsasən ötən əsrin 70-90-cı illərində qələmə alınmış bu bədii söz nümunələri, eləcə də Məhəmməd müəllimin müxtəlif vaxtlarda yazdığı povest və hekayələr, siyasi felyetonlar hələ ötən yüzilliyin sonlarında müəllifini kamil bir yazar kimi tanıtmışdır. Yumorların tənqid hədəfləri cəmiyyətdəki çatışmazlıqlardır. Yumorlar və hekayələrinin cəlbediciliyi, gözəlliyi ondadır ki, onlarda hadisələr dialoqlar vasitəsilə təsvirlənir.

 

Məhəmməd müəllim uzaqgörən  və kitabın dəyərini bilən insandır. Ona görə də  elmi-pedaqoji, publisist və bədii yaradıcılığının xeyli nümunəsini kitablaşdırıb. Həmkarımızın  jurnalistikamıza töhfələri haqqında təsəvvürü  genişləndirdiyi üçün onların adlarını təqdim etməyi məqsədəuyğun sayırıq:

 

“Dərs müasirlik tələb edir” (Bakı, “Maarif”, 1981), “Gəlin gülək” (Bakı, “Yazıçı”, 1985), “Həyat işığı” (Bakı, “Gənclik”, 1988), “Məktəbdə pedaqoji işə rəhbərlik” (Bakı, “Təhsil”, 1999), “Dünya təhsil sistemi: dünən, bu gün, sabah” (Bakı, “Azərbaycan”, 2002), “Qoca türkün şərqiləri (150 şeir)” (Bakı, “Mars”, 2003), “Azərbaycan tarixi: Baharlılar” (Bakı, “Adiloğlu”, 2010). Bunlarla yanaşı M.Baharlı  özünün “Seçilmiş əsərləri”ni də 2012-ci ildə çapdan buraxıb.  4 cilddən ibarət “Seçilmiş əsərləri”nin  hər cildində  yaradıcılığının bir istiqamətinə aid (“Publisistika”,”Poeziya”, “Proza” və “Pedaqogika”) seçilən əsərləri toplanıb.

 

Həyat və yaradıcılığı haqqında müxtəsər şəkildə açdığımız sözdən də görünür ki, M.Baharlı 70 illik yubileyinə əliboş gəlməyib. Bu yaşın hər bir ili isə sənətinə, işinə, pedaqoji mətbuatımıza sevgi ilə yaşanıb.

 

Məhəmməd müəllimi yubileyi münasibəti ilə təbrik edir, bundan sonra da cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Yusif ƏLİYEV,

Əməkdar jurnalist