Portaldan istifadə edərək köçürülmək istəyənlərin sayı ildən-ilə artır
“Uşaqlıqdan mühəndis olmaq istəyirdim. Tələbə olacağım günə kimi bunun xəyalını qurdum. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etdim. Ancaq Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunaraq Fizika müəllimliyi ixtisası üzrə təhsil almalı oldum. Bir semestr oxudum. Ancaq anladım ki, xəyalımın arxasınca getməliyəm. Bunun üçün mənə şans verilib. Heç bir əziyyət çəkmədən ixtisasımı dəyişmək şansım vardı. Mən də bunu dəyərləndirdim”.
Zəhra Abbaszadə artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir. Kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. Arzularının arxasınca gedib. Transfer.edu.az bu yolu həm qısaldıb, həm də olduqca rahatlaşdırıb. Ali təhsilə başladığı birinci ildəcə həyatının axarını dəyişib və budur, arzuladığı ixtisas üzrə təhsilini davam etdirir.
Zəhranın atası Əmrah Abbasov deyir ki, anası ilə o, Zəhranın müəllim olmağını istəyiblər. Ona görə də ixtisasını dəyişməsini istəməyiblər: “Müəllimlik gözəl peşədir. Bunu nəzərə alıb qızımın müəllim olmağını istədik. Ancaq Zəhranın qərarlı olduğunu görüb onun istəyi ilə barışdıq. Düzü, köçürülmək barədə müraciət edəcəyini deyəndə, bu prosesin çətin olacağını, axırda bəlkə heç istəyinə nail olmayacağını da düşünürdük. Prosesin kompüter arxasına keçib bir müraciət etməklə bitdiyini görəndə, sözün əsl mənasında, təəccübləndik. Növbəti semestrdən Zəhranın başqa universitetdə oxuyacağını öyrənəndə isə təəccübümüz daha da artdı. Bunun bu qədər asan olacağı ağlımıza gəlməmişdi”.
Bu il, sadəcə, ixtisasdan ixtisasa yox, həm də universitetdən universitetə 1065 nəfər tələbə köçürülüb. Köçürülənlərin 1014 nəfəri Zəhra kimi bakalavr pilləsində təhsil alanlardır. Onlar üçün bu yolu qısa və rahat edən isə 2016-cı ildən tətbiq edilən Transfer.edu.az portalıdır. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi məhz bu portal vasitəsi ilə həyata keçirilir. Bu il oxuduğu ali təhsil müəssisələrindən köçürülmək istəyən 1820 nəfər bu məqsədlə transfer.edu.az-a üz tutub. Köçürülməsinə icazə verilən 1014 bakalavrdan biri Hafis Nuruyevdir: “Qərbi Kaspi Universitetində mənə sürpriz etmişdilər. İnformasiya texnologiyaları ixtisası üzrə təhsil almaq istəyirdim. Həmin ixtisas üzrə də ali məktəbə daxil oldum. Ancaq elə ilk gündən sürprizlə qarşılaşdım. Yerlər dolmadığı üçün Qərbi Kaspi Universitetində məni Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil almağa məcbur etdilər. İxtisasın istəyimə uyğun olmaması, fənlərin üst-üstə düşməməsi akademik göstəricilərimdə özünü göstərdi. Bir neçə kəsirlə başqa çıxış yolu axtarmağa məcbur oldum və köçürülmək üçün müraciət etdim”.
Köçürülmə prosesi tələbə üçün çox rahat olub: “Onlayn qaydada müraciət etdim. Bir universitetdən başqasına köçürülmək mənim üçün elə də çətin proses olmadı. Tələb olunan sənədləri təhsil aldığım universitetdən aldım və müraciət etdim. Bu prosesdə ən çətini gözləmə mərhələsi oldu. Düzü, bu prosesdə müraciətdən sonra cavablar elan olunana qədərki dövr uzun çəkməsə, köçürülmənin heç bir narahatlığı yoxdur. Çox sadə və asan prosesdir. Tələbələrin həyəcanını nəzərə alıb gələcəkdə bu müddəti də qısalda bilsələr, köçürülmə prosesi qüsursuzdur”.
Hafisin atası Sərdar Nuruyev deyir ki, oğlu bir neçə günün içərisində Azərbaycan Texniki Universitetinin tələbəsi oldu: “Doğrusu, köçürülmənin bu qədər asan başa gələcəyini təsəvvür etmirdik. Artıq Hafis ürəyincə olan bir universitetdə arzuladığı ixtisas üzrə təhsil alır. Gənclərimizin istəklərini reallaşdırması asanlaşdıqca, biz valideynlərin də gözü-könlü açılır. Adam lap yenidən təhsil almaq həvəsinə düşür”.
“Xaricdə təhsil almaq həvəsi ilə getmişdim”
Bu il köçürülənlərin siyahısında xarici universitetlərdən köçürülən 27 nəfər tələbə var. Könül Gərayzadə onlardan biridir. Könül deyir ki, xaricdə oxumaq həvəsi ilə Litvaya üz tutub. Texniki sahə üzrə ixtisaslaşan Kaunas Texnologiya Universitetinə qəbul olunub. Hazırda III kurs tələbəsi olan K.Gərayzadə artıq Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsidir: “İstəyirdim Azərbaycandan kənarda təhsil alım. Xarici universitetlərdə oxumağı arzulayırdım. Arzumu reallaşdırsam da, çox keçmədi ki, peşman oldum. Orda yaşamaq, başqa ölkəyə alışmaq çətin oldu. Ailəmizdə də problemlər yarandı. Dəyişməyin mümkünlüyünü və bu qədər asan olduğunu gec öyrəndim. Yoxsa çoxdan köçürülmək istəyərdim”.
K.Gərayzadə deyir ki, ölkəmizdə belə bir imkanın yaradılması ailəsinin çox ürəyindən olub: “Ailəm də mənim kimi alışa bilmirdi. Azərbaycan universitetlərindən birinə köçürülməyin mümkün olduğunu biləndə çox sevindilər. Sadəcə, cavabların çıxması bir az gecikdiyi üçün narahatlığımız yarandı. Dərslərə gec başladım və bu da bir az çətinlik yaratdı. Amma yaxşı ki, dəyişdim. Bu, sadəcə, mənim üçün yox, ailəm üçün də sevindirici oldu”.
“Ölkənin hansı universitetində təhsil almağın heç bir fərqi yoxdur”
Köçürülmək üçün müraciət edən və istəyi qəbul edilən 24 magistrantdan biri - Xədicə Əliyeva Lənkəran Dövlət Universitetində Xarici dilin tədrisi metodikası və metodologiya ixtisası üzrə təhsil alıb. Artıq bu ixtisas üzrə Mingəçevir Dövlət Universitetində oxuyacaq: “Ailəliyəm, iki uşağım var. Ailəmlə Mingəçevirdə yaşayıram. Hər gün Lənkərana gedib-gəlir və yolda 7-8 saat vaxt itirirdim. Bu da ailəmdə söz-söhbətə səbəb olurdu. Ona görə də təhsilimi Mingəçevir Dövlət Universitetində davam etdirməyə qərar verdim. Buna magistraturaya qəbul balım da imkan verirdi. MDU-nun magistraturasına 73 balla qəbul olunmuşdular. Mənim balım isə 78-dir. Yəni, MDU-ya köçürülməyim üçün müvafiq tələbi ödəyirdim”.
X.Əliyevanın sözlərinə görə, köçürülmə prosesində də hər hansı problemlə qarşılaşmayıb: “Müvafiq tələbləri ödəyirdim. Tələb edildiyi kimi qeydiyyatdan keçərək köçürülmək üçün müraciət etdim. Elektron sistemin sayəsində get-gələ düşmədən, çox rahat şəkildə bir universitetdən digərinə köçürüldüm. Düzü, sistem də rahatdır, universitetlərdə şərait də. Ölkənin hansı universitetində təhsil almağın hazırda heç bir fərqi yoxdur. Son zamanlar bütün universitetlərdə keyfiyyətli təhsil verilir. İslahat ölkəmizdəki universitetlərin hamısında aparıldığından harada keyfiyyətli təhsil ala biləcəyim üzərində çox düşünməyimə ehtiyac yoxdur. Lənkəran Dövlət Universitetində ciddi qayda-qanun, müasir tədris metodları ilə keyfiyyətli təhsil verilir. Mingəçevir Dövlət Universiteti ilə bağlı da məlumatım var. Bilirəm ki, burada da hər gün inkişaf gedir. Odur ki, bizim üçün yaradılan imkandan tərəddüd etmədən istifadə etdim”.
1 ildə 442 nəfər artdı
Qeyd edək ki, Transfer.edu.az portalından istifadə edərək köçürülmək istəyənlərin sayı ildən-ilə artır. Budəfəki rəqəmlər ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.
Portal 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. O vaxtdan indiyədək 3983 nəfərin köçürülməsi həyata keçirilib. 3813 bakalavr, 49 magistr təhsil aldığı universiteti dəyişib. 121 nəfər xarici universitetlərdən ölkə ali məktəblərinə köçürülüb.
Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
Ruhiyyə DAŞSALAHLI