Nazirlər Kabinetinin təsdiqlədiyi “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası” olimpiada hərəkatına müsbət təsir edəcək. Bu qaydalara uyğun olaraq, beynəlxalq olimpiada qalibləri ali məktəblərin istənilən, respublika fənn olimpiada qalibləri isə qalib olduqları fənn üzrə ixtisaslara imtahansız qəbul oluna biləcəklər.
Bu barədə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev “Həftənin sualı” proqramının canlı efirində deyib.
Onun sözlərinə görə, son illərdə respublika fənn olimpiada qalibərinin ali məktəblərə qəbul zamanı topladığı bal 640-650, riyaziyyat fənni üzrə olimpiada qaliblərinin topladığı bal isə hətta 690 bal olub.
O, şagirdlərin olimpiadanın rayon, şəhər mərhələsində iştirakı ilə bağlı heç bir məhdudiyyətin qoyulmadığını da söyləyib. Bu il respublika fənn olimpiadalarının 274 qalibi olub ki, onların 127-si bölgə məktəblərinin payına düşüb.
Olimpiadalara hazırlığın təşkilinə də toxunan F.Qarayev əlavə edib ki, hazırda 300-ə yaxın şagird Olimpiada Hazırlıq Mərkəzlərində məşğələlərə cəlb edilib. Gələcəkdə bu mərkəzlərin sayının artırılması üçün işlər aparılır. Eyni zamanda məktəblilərin olimpiadalara hazırlığında əlçatanlığı artırmaq məqsədi ilə gələn ildən www.olimpiada.edu.az saytında hər bir fənn və hər bir yaş qrupu üzrə respublika fənn olimpiadalarının proqramları yerləşdiriləcək. Şagirdlər olimpiadalara məhz həmin proqramlar üzrə ilin əvvəlindən hazırlaşa biləcəklər.