İnklüziv təhsil uşaqların cəmiyyətə daha uğurla inteqrasiyasına gətirib çıxaracaq.


“...Mənim övladımın sağlamlıq imkanları məhduddur. Normal uşaqlar kimi hərəkət etməkdə, danışmaqda  çətinlik çəkir, bir sözlə, özünü müstəqil idarə edə bilmir. Ancaq mən də istəyirəm ki, övladım adi həmyaşıdları kimi məktəbə getsin, təhsil alsın. Özü də sağlam uşaqların oxuduğu məktəbdə və onlarla eyni sinifdə...”. Bu,  sağlamlıq imkanları məhdud olan neçə-neçə uşağın valideynlərinin öz övladı  üçün dilə gətirdikləri istək və arzularıdır.

 

Çox sevindiricidir ki, inklüziv təhsil məhz belə valideynlərin arzularını reallaşdırmağa imkan yaradıb. Əslində inklüziv təhsil nədir? Onun hansı üstünlükləri var?  Ölkəmizdə necə həyata keçirilir? İlk olaraq bu haqda bir qədər məlumat vermək istərdik.

 

İnklüziv təhsil - ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan, əqli və ya fiziki cəhətdən zəif uşaqlara məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil almaq imkanı verən, uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf və inteqrativ  prosesdir. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsil sistemində, yerli icmalarda xüsusi dəstək xidmətləri göstərilməklə yaşıdları ilə birlikdə oynamalarına, təhsil almalarına, inkişaf etmələrinə şərait yaradır. Belə bir təhsil uşaqların müstəqil bir fərd və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib.

 

İnklüziv təhsilin üstünlüklərindən biri də xüsusi qayğıya ehtiyacı olan  uşaqlarla sağlam uşaqların bir yerdə təhsil almasıdır ki, bu da sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafına səbəb olur. Məhz belə uşaqlar öz sağlam həmyaşıdlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstərməyə özlərində güc, qüvvət toplamağa səy göstərirlər. Onlar özlərini yararsız, köməksiz saymır, kollektivə adaptasiya olunaraq bir fərd, cəmiyyətə lazımlı insan olduqlarını hiss edirlər.

 

İnklüziv təhsillə bağlı aparılan işlər

 

Təhsil Nazirliyinin  son illər həyata keçirdiyi ən uğurlu layihələrdən biri də məhz inklüziv təhsillə bağlı olub. Belə ki, ölkəmizdə  “İnklüziv təhsil layihəsi”nin icrasına artıq 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib.

 

İnkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası gedişində 15 ümumi təhsil, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub.

 

2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilib. Nəticə etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib.

 

2016-cı ildə  xüsusi təhsil sistemində  interaktiv proseslər həyata keçirilib və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində  inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Bu  məqsədlə müəyyənləşdirilən pilot inklüziv məktəblərin (Bakıdakı 138, 220, 202 və 252 nömrəli məktəblər) hər birində iki sinif olmaqla, sağlamlıq imkanları məhdud olan 4 uşaq birinci sinfə qəbul edilib. Hazırda 40 uşaq (I, II, III siniflər üzrə)  inklüziv siniflərdə təhsil alır.

 

Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz  sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsində və onların təhsili üçün maneəsiz mühit yaradılmasında geniş imkanlar yaradır.

 

Bəs, görəsən, inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı pilot olaraq müəyyənləşdirilən məktəblərdə bu iş necə təşkil olunub? Hansı tədbirlər həyata keçirilir, layihəyə cəlb olunan uşaqlarla iş necə aparılır? Bununla bağlı müəssisə rəhbərləri, müəllim və valideynlər nə düşünürlər?

 

Cəmiyyətə daha tez adaptasiya üçün

 

138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli rəhbərlik etdiyi təhsil müəssisəsində 12 şagirdin inklüziv təhsilə cəlb olunduğunu bildirdi. Onlardan 4-ü I, 4-ü II, digər 4-ü isə III sinif şagirdidir. Bunlar  yüngül kəmağıllılıq, nitq pozuntusu ilə daun, yüngül koqnitiv pozuntu, autizm və s. xəstəlikləri olan uşaqlardır. Həmin uşaqlar sağlam uşaqlarla birlikdə eyni sinifdə təhsil alırlar. 

 

Direktor bu uşaqların tipik şagirdlərlə birlikdə təhsil almaları üçün məktəbdə hər cür şəraitin yaradıldığını deyir. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, məktəbdə fəaliyyət göstərən loqopedik otaq isə həmin şagirdlərlə korreksion-pedaqoqun (loqoped-defektoloq) rahat məşğul olması üçün ən zəruri avadanlıqlarla təchiz olunub.

 

İnklüziv təhsilin əsas prinsipinin təkcə uşaqların sosiallaşması deyil, eyni zamanda, inkişaf səviyyəsinə uyğun keyfiyyətli təhsil almaq olduğunu diqqətə çatdıran direktor xüsusilə ibtidai sinif müəllimlərinin və korreksion-pedaqoqun bu məsələyə daha həssaslıqla və diqqətlə yanaşmasının vacibliyini qeyd edir: “Siniflərdə belə uşaqlarla fərdi tədris proqramına əsasən işlər qurulur. Uşaqlar müəyyən vaxtı sinif otaqlarında digər şagirdlərlə dərs keçir, sonra loqopedik otaqda fərdi dərslərə, məşğələlərə cəlb olunurlar. Onların da iştirakı ilə müxtəlif  tədbirlər həyata keçirilir. Məsələn, TOPs proqramı çərçivəsində fiziki tərbiyə fənnindən respublika əhəmiyyətli “açıq dərs”i  göstərmək olar” .

 

İnklüziv təhsillə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini də vurğulayan Mirfaiq müəllim özünün və məktəbin bir neçə müəlliminin alman mütəxəssislərinin əvvəlcə  Bakıda, sonra isə Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Menecment və Texnologiyalar Akademiyasının təşkil etdiyi treninqlərdə iştirak etdiklərini, həmçinin oradakı inklüziv məktəblərdə  təcrübə keçdiklərini bildirdi. Bu səfər onların öyrənmələri və təcrübələrinin artırılmasında, eləcə də Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsi pilot məktəblərin pedaqoji heyətinin xüsusi təhsil sahəsində bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Təlim müddətində, həmçinin, UNİSEF-in  nümayəndələri dəfələrlə məktəbə səfər edib, burada inklüziv təhsillə bağlı aparılan işlərlə tanış olub və  razı qaldıqlarını bildiriblər.

 

Bu sahədə artıq məktəb özü  də müəyyən təcrübəyə malikdir. Belə ki, təhsil müəssisəsində  qonaq olan danimarkalı təhsil mütəxəssisləri inklüziv təhsillə bağlı yaradılan şəraitlə tanışlıqdan sonra Kopenhagen Universitet Kollecinin sosial elmlər fakültəsinin tələbələrinin burada təcrübə keçməsini arzulayıblar. 

 

2521 şagirdin təhsil aldığı Tahir Haciyev adına 252 nömrəli məktəb-liseydə də inklüziv təhsilə cəlb olunan 8 uşağın rahat və sərbəst olmaları əsas götürülüb. Təhsil müəssisəsinin direktoru  Xədicə Eminovanın bizimlə görüşündə ilk sözü bu oldu.

 

2016-2017-ci tədris ilindən liseydə inklüziv təhsil layihəsinin həyata keçirildiyini deyən direktor bunun sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də onların valideynləri üçün bir sıra imkanlar yaratdığını söylədi.

 

İnklüziv təhsilin ənənəvi təhsildən fərqli olaraq xüsusi yanaşma tələb etdiyini deyən X.Eminova məhz müəllimlərin və loqoped-defektoloqun sağlamlıq imkanları məhdud olan uşaqların  fərdi xüsusiyyətlərini, onların imkanlarını və məhdudiyyətlərini öyrənərək öz işlərini qurduqlarını söylədi: “Bilirsiniz, belə uşaqlar özlərinin cəmiyyətdə yaşıdları ilə bərabərhüquqlu olduqlarını bilməli və görməlidirlər. Birlikdə təhsil almaq onların müəyyən sosial vərdişlər qazanmasına, bilik və bacarıqlar əldə etməsinə şərait yaradır. Layihə özünü doğruldur. Bu uşaqların valideynləri övladlarında baş verən müsbət dəyişikliyi hiss ediləcək  dərəcədə görürlər”.

 

A.Mustafayev adına 202 nömrəli tam orta məktəbin direktoru Qasım Qasımov təhsil müəssisəsində 2016-2017-ci tədris ilindən reallaşdırılan  inklüziv təhsilə 4 sinif olmaqla sağlamlıq imkanları məhdud 8 uşağın cəlb edildiyini söylədi. Uşaqların normal təhsil almaları üçün sinif otaqlarından başqa, 1 əlavə məşğələ otağı ayrılıb və o, xüsusi avadanlıqlarla təchiz edilib. Sağlamlıq durumları nəzərə alınaraq məktəbin girişində onların istifadəsinə uyğun pilləkən düzəldilib: “Sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqlar bir yerdə təhsil alsalar da, onlar üçün fərdi tədris proqramlarından istifadə olunur, eyni zamanda,  inklüziv təhsilə cəlb olunan şagirdlərlə məktəbin psixoloqu və əlavə təyin edilmiş korreksion-pedaqoq məşğul olur. Sözün düzü, bu layihəyə başlananda birinci il müəyyən çətinliklər oldu. İlk vaxtlar sağlam uşaqların valideynləri bunu tərəddüdlə qarşıladılar. Lakin bizim tərəfimizdən aparılan maarifləndirici söhbətlər  nəticəsində bu problem çox qısa bir zamanda aradan qalxdı. Hazırda normal tədris gedir, nəticələr ürəkaçandır. Belə ki, normal şagirdlərlə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqlar arasında mehriban ünsiyyət qurulub, siniflərdə xoşməramlı təlim, eyni zamanda sağlam psixoloji mühit yaradılıb. Uşaqlar belə bir mühitdə təhsil almağa artıq adaptasiya olunublar. Hər iki tərəf inklüzivliyi dəstəkləyir”. Direktorun fikrincə, təhsilin bu formada təşkili xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə daha uğurla inteqrasiya olunmasına gətirib çıxaracaq.

 

Qasım müəllim gələcəkdə ibtidai sinif müəllimlərinə dəstək vermək üçün hər inklüziv sinfə korreksion-pedaqoqun və ayrıca psixoloq ştatının ayrılmasını, həmçinin valideynlərin çoxsaylı müraciəti  nəzərə alınaraq onun əhatə dairəsinin genişləndirilməsini, daha çox məktəbdə tətbiq olunmasını arzulayır. 

 

220 nömrəli məktəb-liseydə də 12 uşaq inklüziv təhsilə cəlb olunub. Təhsil müəssisəsinin direktoru Tural Mirzəliyev sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə məşğələ otağının olduğunu, onlara dərs deyən müəllimlərin xüsusi təlimlərdən keçdiyini dedi: “Əvvəlki illərlə müqayisədə burada təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarda müəyyən müsbət dəyişikliklər var. Bəzi uşaqlarda artıq davranış sərbəstliyi, ünsiyyət bacarığı formalaşdığı hiss olunur”.

 

Müsbətə doğru dəyişikliklər

 

26 illik pedaqoji staja malik Gülər Abdullayeva 138 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. 2015-2016-cı tədris ilindən inklüziv təhsilə cəlb olunan uşaqlara dərs deyir. Tədris apardığı III sinifdə 2 belə şagird var. İlk vaxtlar bu sinfə gələrkən sağlam uşaqlarla kontakta girməyən, onlarla ünsiyyət qurmayan,  oturmağa çətinlik çəkən, yazıb-oxumağı bacarmayan uşaqlarda artıq müsbətə doğru irəliləyişlər var. Bu uşaqlar sinifdə öz sağlam həmyaşıdları ilə dostluq edirlər.

 

Məsələn, sağlamlıq imkanları məhdud olan Kamilənin rəqsə, şəkil çəkməyə həvəsi var. Artıq  üzündən oxumağı, imla yazmağı bacarır və 10 dairəsində sərbəst hesablayır.

 

Digər şagird Zaur da artıq bütün hərfləri tanıyır, yazır və kitabı üzündən oxumağı bacarır. Çətinliyi riyaziyyat fənnindəndir. Hesablamada çətinlik çəksə də,  həndəsi fiqurları tanıyır və adlandırır. Yüksək musiqi duyumu var, eşitdiyi melodiyanı, musiqini düzgün ifa edir.

 

Gülər müəllim belə uşaqlarla aparılan iş metodundan da söz açdı: “Hər bir uşaq üçün korreksion-pedaqoq və mənim tərəfimdən fərdi iş planı hazırlanır, buna uyğun fəaliyyətimizi qururuq. Bu şagirdlər 2-3 saatdan artıq dərsdə otura bilmirlər, çünki tez yorulurlar. Onlara uyğun çalışmalar hazırlayır, kiçik həcmli üzdən köçürmələr, imlalar yazdırırıq. Yaddaş üzrə (kartlarla) müxtəlif çalışmalar veririk, şəkil üzrə danışdırır, mətn oxutdururuq və s.”.

 

Bir müəllim kimi ilk gündən məqsədinin bu uşaqların tipik uşaqlarla münasibət qurmasını təmin etmək olduğunu söyləyən Gülər müəllim artıq sinifdə  buna nail olduqlarını deyir. Sinifdə sağlam şagirdlər belə uşaqlara çox qayğı göstərir, onlara kömək edirlər. Bununla bağlı uşaqlar arasında sorğu keçirilib və  verdikləri cavablarda onların bu uşaqlara yardım, dostluq etməkdə maraqlı olmaları açıq-aydın hiss edilir.

 

Gülər müəllim inklüziv təhsillə bağlı 2015-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edib. Bu təlimlərdə Almaniyadan gəlmiş professorların verdikləri biliklərdən bəhrələndyini, elə həmin il Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Menecment və Texnologiyalar Akademiyasının təşkil etdiyi  treninqlərdə iştirak edərək sertifikat aldığını bildirir. Həmin təlimlərin, inklüziv məktəblərlə tanışlığının onun pedaqoji fəaliyyətində əhəmiyyətli rol oynadığını, Almaniya təcrübəsindən çox şey örəndiyini söyləyir: “Bu layihənin ən başlıca tərəfləri həmin uşaqların digərləri ilə ünsiyyət qurmağı öyrənmələridir. Bundan başqa, tipik uşaqlarda da xeyirxahlıq, qayğıkeşlik, humanizm kimi gözəl keyfiyyətlərin formalaşmasında inklüziv təhsilin böyük rolu var. İnklüziv təhsildə məqsəd sağlamlığı məhdud uşaqları cəmiyyətə adaptasiya etmək, onların cəmiyyətdə özlərinə düzgün yer və mövqe tutmalarıdır. Biz də bu istiqamətdə iş aparırıq. Sinfimizdəki sağlamlıq imkanları məhdud uşaqlar ətrafındakılarla ünsiyyət qurmağı öyrəniblər. Əvvəllər çəkinən, qorxan uşaqlar indi məktəbimizə, sinfimizə gələn yeni bir insanla belə ünsiyyət qurmağı bacarırlar. Onlar məktəbi, yoldaşlarını çox sevirlər...”.

 

Həmsöhbətimiz olan digər təhsil işçiləri - bu məktəbin ibtidai sinif müəllimi Elmira Heybətova, 202 nömrəli tam orta məktəbin müəllimləri Zeynəb Həsənova, Təzəgül Məmmədova, dərslərində iştirak etdiyimiz 252 nömrəli məktəb-liseyin müəllimləri Rəmziyyə Əhmədova, Şəlalə Əzizova, Elazə Teymurova da belə bir layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların normal yaşıdları ilə birlikdə təhsil almasına gözəl bir şans yaratdığını vurğulayırlar. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsilin uşaqlara qarşı ayrı-seçkilik edilməsinin qarşısının alınmasında, müxtəlif xəstəlikləri, sağlamlıq imkanları məhdud olan uşaqların belə,  mükəmməl şəkildə təhsil almasına, gələcəkdə peşə hazırlığına gedən yolun sadələşdirilməsində əhəmiyyətli rol oynadığını bildirirlər.

 

Daha həssas  və səbrli olma

 

Tipik uşaqlardan fərqli olaraq bilirik ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək daha həssaslıq və səbr tələb edir. 252 nömrəli məktəb-liseydə apardığımız müşahidələr, fikirlərini öyrəndiyimiz korreksion-pedaqoqlar  (loqoped-defektoloqlar) Səmra Axundova (220 nömrəli məktəb-lisey),  Şəfəq Yusifli, (202 nömrəli tam orta məktəb), Ayşən Nəcəfova (138 nömrəli tam orta  məktəb) bunu bir daha təsdiqləyir.

 

252 nömrəli məktəb-liseydə məşğələsində iştirak etdiyimiz Aytac  Məmmədzadə 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini “Korreksiyaedici təlim” ixtisası üzrə bitirib. Liseydə inklüziv təhsil üzrə korreksion-pedaqoq işləyir. Cavandır, peşəsini, uşaqlarla işləməyi çox sevir. Fəaliyyətə başladığı elə ilk vaxtlardan təhsil müəssisəsinin rəhbərliyi tərəfindən diqqət və qayğı gördüyünü, buradakı müəllimlərin ona böyük dəstək göstərdiklərini deyir.

 

Öz üzərində işləməyi, təkmilləşməyi, bilik-bacarıqlarını artırmağı qarşısına məqsəd qoyub. Ötən il  Təhsil Nazirliyinin təskil etdiyi inklüziv təhsillə bağlı   treninqdə, bundan başqa müxtəlif təşkilatların keçirdiyi bir çox seminarda istirak edib. Bu il işlədiyi liseydə özü müəllimlərə treninq keçirib.

 

Korreksion-pedaqoq kimi inklüziv təhsilə cəlb olunan uşaqlarla hər gün qrup və ya fərdi şəkildə dərs vaxtı 20-25 dəqiqə məşğul olur. Özünün dediyinə görə,  vaxtın müəyyənləşdirilməsi hər uşağın qavrama səviyyəsinə görə olur.

 

Biz həmin təhsil müəssisəsində olarkən Aytac müəllim inklüziv təhsilə cəlb olunanlar üçün ayrılmış otaqda məşğələ aparırdı. Həmin məşğələ prosesini kənardan izləmək bizim üçün də maraqlı idi.

 

A.Məmmədzadə sağlamlıq imkanları məhdud uşaqların hər birinin ilk vaxtları və hazırda müsbətə doğru dəyişən nəticələri barədə bizə məlumat verdikdən sonra fəaliyyəti haqqında da danışdı: “Dərs zamanı sinif müəllimi öz fənnini ümumi şəkildə keçir, həmin uşaqlara isə xüsusi fərdi tədris proqramı əsasında tapşırıqlar verir. Əsasən sağlamlıq imkanları məhdud uşaqlar dərsdə oturmaqdan yorulur və deyilənləri qavramaqda çətinlik çəkirlər. Şagirdləri məşğələ otağına gətirir, burada onlara tam sərbəstlik verirəm. Rahat olmalarına şərait yaradır və sonradan həmin uşaqlarla verilən tapşırıqlar üzərində səbrlə birlikdə çalışırıq. Düzdür, bu, müəyyən vaxt alsa da, sonda onların öyrənməsinə nail oluram”.

 

Hər bir uşağın öyrənmə imkanları nəzərə alınır

 

İnklüziv təhsili valideynlər də çox müsbət dəyərləndirirlər. Fərqanə Almuradova, Aybəniz Əliyeva, Şövkət İsayeva və adını çəkmədiyimiz neçə-neçə valideyn belə təhsildən məmnundur. Belə ki, övladlarının problemli olmasına baxmayaraq, normal uşaqlardan geri qalmadıqlarından, onlara müəllimləri tərəfindən özlərini tanıtmalarına şərait və imkan yaradılmasından, digər tipik uşaqlar kimi münasibət göstərilməsindən, daha həssas və qayğı ilə yanaşmalarından razılıq edirlər.

 

İnklüziv təhsilin müsbət tərəfləri barədə fikirlər söyləyən təhsil işçilərini, valideynləri dinlədikcə belə qənatə gəldik ki, inklüziv təhsil xüsusi təhsil müəssisəsinə yüngül xəstəliyi olduğuna görə uşağını verməyən, ümumtəhsil müəssisəsində isə təlimatın tələbinə əsasən oxuda bilməyən valideynlər üçün əslində ən gözəl şansdır. Özü də nəzərə alsaq ki, belə bir təhsildə hər bir uşağın öyrənmə imkanları diqqətdə saxlanılır və onun ehtiyaclarına uyğunlaşdırılır.

 

Samirə KƏRİMOVA