Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc bioloqların yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb.
Müsabiqənin rayon mərhələsində 261 ümumi təhsil müəssisəsindən 783 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.
Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla qiymətləndiriləcək.
Müsabiqənin final mərhələsinə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Müsabiqənin III mərhələsində 30 test sualı və 2 məsələ ilə yanaşı, komandalar 1 təcrübə işi də yerinə yetirəcəklər. Müsabiqənin nəticələrinə görə, ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqə IX, X, XI sinif şagirdləri arasında keçirilir.