Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 5, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materiallar əlavə edilib.

 

Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq 5, 6, 7, 8, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər.

 

Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib. Ümumilikdə portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

 

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Daim yenilənməsi və mütəmadi olaraq əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk dörd ayında portala giriş sayı 466 878, səhifələrə ümumi baxış sayı isə 3 249 050 idisə, cari ilin ilk dörd ayında bu göstəricilər 2 dəfəyə qədər artıb. Portala giriş sayı 856 504, səhifələrə ümumi baxış sayı isə 6 558 414 olub.

 

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub.

 

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər.

 

İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.