Təhsil nazirinin müavini bir sıra bölgələrdə olub


Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bölgələrdə tədrisin vəziyyəti, cari ildə görülən işlərlə yaxından tanış olmaq məqsədilə bir sıra bölgələrə səfər edib, rayon təhsil işçiləri ilə görüşüb.

 

Səfər çərçivəsində nazir müavini ilk öncə mayın 17-də Qəbələdə “Qafqaz” oteldə  Oğuz, İsmayıllı və Qəbələ rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib.

 

Yığıncaqda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Qəbələ, Oğuz və İsmayıllı  rayonlarının təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, son illərdə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, təhsil sisteminin  inkişafı  ilk növbədə onun aparıcı hissəsini təşkil  edən  ümumtəhsil  məktəblərindən asılıdır.

 

 Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan Məhəbbət Vəliyeva deyib ki, tam orta təhsilin təmayülləşdirilməsi zamanı aşağı siniflərdən şagirdlərin yaradıcılıq qabiliyyəti müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalı, eləcə də fənlərin məzmunu təkmilləşdirilməlidir.

 

Nazir müavini şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, şagirdlərin olimpiada uğurlarının artırılması istiqamətində təhsil müəssisələri tərəfindən müvafiq işlər görülməlidir.

 

Hesabat yığıncağında təhsil sahəsində prioritet  məsələlər üzrə görüləcək işlərə toxunan Məhəbbət Vəliyeva bununla bağlı bir sıra göstəriş və tövsiyələrini verib.

 

Sonra Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri tərəfindən təhsil müəssisələrinin 2018-2019-cu tədris ili ərzində fəaliyyətinə dair hesabat təqdim olunub.

 

Mayın 18-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar və Göyçay rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak ediblər.

 

Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

 

Adıçəkilən rayonların təhsil şöbələrinin müdirlərinin və təhsil işçilərinin iştirak etdikləri  tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək son illərdə  “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.  Ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunan nazir müavini müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin də diqqətdə saxlanmasının vacibliyini qeyd edib.

 

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

 

Yığıncaqda sonra Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər.

 

Mayın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Quba  şəhərindəki  Heydər Əliyev Mərkəzində  Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində  iştirak ediblər.

 

 Qonaqlar öncə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  Quba, Qusar,  Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl  təhsil işçilərinin iştirak etdikləri  yığıncaqda  çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən geniş söz açıb.  Şagirdlərin azərbaycançılıq  məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin təhsil müəssisələrinin pedaqoji əməkdaşlıq məsələlərini diqqətdə saxlamasının vacibliyini qeyd edib. 

 

Təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açan Məhəbbət Vəliyeva təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb.

 

Tədbirdə 2018-2019-cu tədris ili ərzində şimal bölgəsinin - Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib.

 

Yığıncaqda təhsil işçilərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra məsələlərə aydınlıq gətirilib.

 

“Aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir”. Bu fikirləri nazir müavini Məhəbbət Vəliyeva mayın 21-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində  səsləndirib.

 

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri və  təhsil işçilərinin  iştirak etdiyi tədbirdən öncə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işləri diqqətə çatdıran nazir müavini  həmçinin  qarşıda duran hədəfləri sadalayıb.

 

Qeyd olunub ki, təhsilalanların səriştəyə  yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

 

Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələri arasında əməkdaşlığın məktəb idarəetməsində  əhəmiyyətindən danışıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib.

 

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

 

Daha sonra Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

 

Hesabatlar dinlənildikdən sonra fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

 

Mayın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Ölkə Prezidenti cənab  İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Nazir müavini bildirib ki,  bir neçə bölgənin təhsil işçilərinin bir araya toplanaraq hesabat verməsi görülən işlərin hərtərəfli təhlilini aparmaq imkanı verir. Bu da qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək imkanları yaradır.

 

Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə öz tövsiyələrini verib. Nazir müavini onu da qeyd edib ki, zəif nəticə göstərən məktəblər Nazirlik tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə  həmin məktəb rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət ediləcək.

 

Daha sonra Lənkəran şəhər, Lerik və Astara rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

 

Sonda fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı suallar cavablandırılıb.

 

 

Niyazi RƏHİMOV