Dövlət ümumtəhsil məktəblərində 278876 beşyaşlı məktəbəhazırlıq keçib
Balaca barmaqlarının böyük qələm tutması üçün uşaqların 6, hətta 7 yaşına qədər böyüməyini gözləməyə ehtiyac yoxdu. Araşdırmalar da göstərir ki, insan daha kiçik yaşlardan öyrənməyə başlayanda, təhsili daha keyfiyyətli, dünyagörüşü daha zəngin, intellekti yüksək olur. Elə ona görə də bir neçə ildir ki, yetişməkdə olan nəslin kiçik üzvləri 5 yaşına çatan kimi məktəblərə cəlb edilirlər. Körpə məktəblilər ana qucağından çıxmağı, sinifdə, parta arxasında oturmağı öyrənir. Ailələr də artıq bilir ki, uşaq 5 yaşına çatdısa, demək, müəllimə alışmağın, yaşıdları ilə vaxt keçirməyin, böyük hərfləri tanımağın, əşyaları tapıb göstərməyin vaxtıdır.
Ana qucağından məktəbin ağuşuna
Bu da məktəb. Balaca Xədicə bu il ilk dəfə məktəbə addım atacaq, müəllimi tanıyacaq, özünə yeni dostlar tapacaq. İlk dəfə anasının sadəcə ona məxsus qucağından çıxıb məktəbin sonsuz, yüzlərlə onun kimi uşaqlara açıq olan ağuşunda özünə yer qazanacaq. O da artıq bir neçə ildir ki, dövlət ümumtəhsil məktəblərində təşkil edilən məktəbəhazırlıq qruplarından birində məşğələlərə başlayacaq. Özü kimi, 5 yaşı bu il tamam olan uşaqlarla həftənin 4 günü, 2 saat ərzində rəqəm sayıb, hərf öyrənib, oyun quracaq. Bu, onun üçün bir başlanğıc olacaq. Daha sonra həyatı, düzgün yaşamağı, payını bölüşməyi, sevincini paylaşmağı öyrənəcək. Bir sözlə, öyrənəcəyi hələ çox şey var. Məktəbəhazırlıq bir başlanğıc olacaq. Kiçik ana qucağından böyük, rəngli dünyaya gedən yolun başlanğıcı.
Salatın Mərdanova gənc anadır. Qızı Xədicənin avqust ayında 5 yaşı tamam olacaq. Oktyabr ayını səbirsizliklə gözləyən gənc ana qarşıdakı bir ilə böyük ümidlərlə baxır: “Çox həvəsliyəm. Mən də ixtisasca müəlliməm. Məktəbəhazırlıq qrupunda uşaqlara keçilən hazırlıqla maraqlanmışam. Hər kəs bu layihədən həvəslə danışır. Uşaqlarda çox yüksək təsir buraxdığı müşahidə edilir. Xədicə ilə atası da, mən də yaxından maraqlanırıq. Onun inkişafına yaxşı təsir göstərəcək heç bir addımdan çəkinmirik. Əslində, onun 3 yaşından öyrənməyə başlamağını istədik. Bunun üçün məktəbəqədər təhsil müəssisəsinə apardıq. Ancaq tez-tez xəstələndiyi üçün bu cəhdimiz uğursuz oldu. Ona görə də məktəbəhazırlığa böyük ümidlərlə baxır, Xədicənin burada məşğələlərə başlayacağı günü maraqla gözləyirik”.
2957 məktəbdə 278876 şagird
Bir sözlə, Xədicə oktyabr ayında məktəbəhazırlığa başlayacaq yüzlərlə deyil, məhz minlərlə beşyaşlıdan biri olacaq. Son bir neçə ildə məktəbəhazırlığın təşkili səviyyəsini göstərən rəqəmlər belə deməyə əsas verir. Belə ki, 2016-2017-ci tədris ilində 86970 beşyaşlı, 2017-2018-ci tədris ilində 93035 uşaq məktəbəhazırlıq qrupunda təhsilə cəlb olunubsa, bu tədris ilini 98871 uşaq tamamlamaq üzrədir. Beləliklə, dövlət ümumtəhsil məktəblərində indiyədək 278876 beşyaşlı məktəbəhazırlıq qrupunda təhsil alıb.
278876 məktəblidən biri isə Nicat Allahquliyev olub. Nicat artıq ikinci sinifdə oxuyur. Anası Vüsalə Rəfiyevanın sözlərinə görə, məktəbəhazırlığın nəticəsini görməsi üçün kifayət qədər vaxtı olub: “Nicatdan böyük bir oğlum da var. Adı Muraddır. Nicatdan fərqli olaraq Murad məktəbəhazırlıq keçməyib. Nicatın bəxti gətirdi. O məktəbə gedən il məktəbəhazırlıq məşğələləri başladı. Üstəlik, yaxşı da müəllimi var. Muradla Nicat arasında dağlar qədər fərq var. Bu fərqi artıq görə bilirəm. Murada Nicatın yanında dərs başa salıram, Nicat Muraddan əvvəl qavrayır. Murad üçün oxuyuram, ancaq Nicat anlayır. Mən oxuduğumu özündən 5 yaş böyük qardaşına başa salır. Nicat yaxşı dinləyicidir. Oxuduğunu da, eşitdiyini də tez mənimsəyir. Mən bu fərqi məktəbəhazırlıqla əlaqələndirirəm. Düşünürəm ki, nə yaxşı ki, Nicatın bəxti gətirdi”.
Bəxti gətirən şagirdlərin sayı artdıqca ildən-ilə məktəbəhazırlıq qruplarının təşkil olunduğu siniflərin, məktəblərin də sayı artıb. Dövlət ümumtəhsil məktəblərində 2016-cı ildən başlayan bu prosesə qoşulan məktəblərin sayı artıq 2957-yə çatıb.
Növbəti tədris ilində hədəf 90 faizdir
2018/2019-cu tədris ilində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili ilə əhatəliliyi əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artaraq 75 faizə çatdırılıb. Növbəti tədris ilinin hədəfi artıq bəllidir. 2019/2020-ci tədris ilində 5 yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq təhsilinə cəlb ediləcək.
Hələliksə, may ayı artıq yekunlaşmaq üzrədir. Bu da o deməkdir ki, dövlət ümumtəhsil məktəblərində təşkil edilən məktəbəhazırlıq qruplarında məşğələlərə cəlb edilən 98871 uşaq yaxın 10 gündə məktəblə müvəqqəti olaraq vidalaşacaq. Çünki iki yarım ilə bölünən və təhsil dövlət hesabına həyata keçirilən məktəbəhazırlıq qruplarında bir dərs ili yekunlaşacaq. Oktyabrın 1-də başlayan məşğələlər may ayının 31-də başa çatacaq.
Elektron sistemin tətbiqində şəffaflıq
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir. Məktəb yaşına çatan uşağı olan hər bir ailə evindən uzağa getmədən övladının məktəbini də, sinfini də, hətta müəllimini də seçir. Heç yerə getmədən, heç kəsi görmədən aparılan əməliyyat nəticəsində bu prosesdə fəaliyyət tamamilə şəffaf idarə olunur. Prosesin bitməsinə hələ uzun müddət qalmağına baxmayaraq, artıq qeydiyyatdan keçənlər var. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 23820 ərizənin onlayn qeydiyyatı aparılıb. Onlardan biri də Mətindir. Mətinin atası Aqşin Şahinoğlu hesab edir ki, son illərdə Azərbaycanda təhsil sektorunda innovasiyalara və müasir texnologiyalara əsaslanan idarəetmə sisteminin tətbiqi ölkə təhsilində keyfiyyətcə yeni mərhələnin yaranmasını şərtləndirib: “Bu il övladım Mətin də məktəbə gedəcək. Biz də digər valideynlər kimi, əvvəlcə elektron qaydada müraciət etdik. Müraciətimiz qeydə alındıqdan sonra təyin olunan tarixdə və orta məktəbdə müsahibə mərhələsindən keçdik. Müsahibənin yekunları ilə bağlı məlumat həm SMS vasitəsilə göndərildi, həm də sistemdə yaratdığımız şəxsi kabinetdə bununla bağlı məlumat yerləşdirildi. May ayının 1-də isə elektron sistem vasitəsi ilə məktəb seçimi etdik. Sistemdə göndərdiyimiz bu sorğu da müsbət cavablandırıldıqdan sonra müvafiq məktəbə gedərək qeydiyyat prosedurunu tamamladıq. İndi həm Mətin, həm də təbii ki, biz səbirsizliklə növbəti dərs ilini gözləyirik. Öz təcrübəsində müşahidə etmiş bir valideyn olaraq hesab edirik ki, məktəbəqəbul mərhələsində elektron sistemin tətbiqi şəffaflığın təmin edilməsi, vaxt itkisinin və digər neqativ halların aradan qaldırılması baxımından əvəzsizdir”.
Təhsildə keyfiyyətə addım-addım
Beləliklə, Azərbaycanda məktəblər təhsildə keyfiyyətə addım-addım yaxınlaşır. Başa çatan tədris ili daha bir addım oldu. Növbəti addım da artıq müəyyən edilib. Hədəf bəlli olanda plan qurmaq asan, yol isə qısa olur. Əsas odur ki, bu şəffaf yolda yerimək yeni nəsil üçün çətin olmayacaq.
Ruhiyyə DAŞSALAHLI