Gənclər Fondu yeni müsabiqəyə start verdi
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ötən il təsdiq olunmuş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nə uyğun olaraq gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi Gənclər Fonduna həvalə olunub. Ölkə başçısının təhsil sahəsində apardığı islahatlar və davam edən genişmiqyaslı tədbirlər ölkəmizdə savadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarıb.
Mayın 23-də Gənclər Fondunda keçirilən mətbuat konfransında çıxış edən qurumun icraçı direktoru Fərid Cəfərov dövlət başçısı İlham Əliyevin 1 fevral Gənclər Günündə gənclərlə görüşündə səsləndirdiyi “gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Çünki bugünkü dünyada bilik, savad ön plandadır” fikirlərinə istinad edərək insan kapitalının inkişaf konsepsiyasının təhsil sahəsində prioritet istiqamətlərdən olduğunu bildirib. Onun sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi gənclər siyasətinin başlıca istiqaməti gənclərimizin hərtərəfli inkişafıdır və bu, xüsusilə də təhsil sahəsində, onların xaricdə təhsilinin artırılmasında xüsusi önəm daşıyır. Azərbaycanın bir sıra ölkələrlə imzaladığı hökumətlərarası saziş əsasında gənclərimiz xaricdə öz təhsillərini ödənişsiz şəkildə həyata keçirirlər. Bu mənada ötən il ölkə başçısı tərəfindən təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxaq rəqabətliliyinin artırılması üzrə” Dövlət Proqramında da əsasən gənclərimizin doktorant pilləsində xaricdə təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub.
F.Cəfərov Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqənin elan olunduğunu bildirib. Bu barədə ətraflı məlumat verən F.Cəfərov qeyd edib ki, müsabiqə üzrə müraciətlər mayın 23-dən 23 iyun 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Müsabiqədə 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə prioritet ixtisaslar üzrə seçilən universitetlərdən hər hansı birinə daxil olaraq iştirak edə bilər.
Qurumun rəhbəri qeyd edib ki, ölkəmizin ixtisas və təhsil proqramları üzrə ehtiyacları və əmək bazarının perspektiv planına uyğun olaraq Gənclər Fondunun vəsaiti hesabına gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas üzrə magistr təhsili maliyyələşdiriləcək. Maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və ali təhsilin aparılacağı universitetlərin siyahısı Fondun saytında yerləşdirilib. Buraya əsasən kontinental Avropada olan və dünyanın top-500-lüyündə olan universitetlər daxildir. Həmçinin ABŞ və Böyük Britaniyanın dünya universitetlərinin ilk 100-lüyündə yer alan universitetlərinə daxil olaraq (artıq təhsil alan və ya oxumaq üçün dəvət alan) təhsil müəssisəsindən təqaüd alan və Fondun xaricdə təhsil üzrə müəyyən etdiyi meyarlara cavab verən gənclərin yaşayış, yol, sığorta və viza xərcləri də Fond tərəfindən maliyyələşdiriləcək. Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Qurumun icraçı direktoru qeyd edib ki, ayrı-ayı ölkələrdə təhsil haqları müxtəlif olduğundan maliyyələşdiriləcək gənclərin sayını konkret söyləmək çətindir, digər tərəfdən bu il proqram ilk dəfə olaraq Fond tərəfindən həyata keçirilir. Buna görə də gənclərin sayında müəyyən məhdudiyyətlərin olması ehtimal olunur. O əlavə edib ki, maliyyələşmə müraciətlərin sayına uyğun olaraq həyata keçiriləcək.
Onun sözlərinə görə, ixtisas seçimi ölkənin mütəxəssis ehtiyacına uyğun həyata keçirilir. Gənclər Fondu tərəfindən müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanıb və növbəti ildə ehtiyac duyulan ixtisaslar barədə məlumat verilməsi xahiş olunub. Əldə olunmuş rəylər əsasında 74 ixtisas üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə qərar verilib. İxtisas sahələrinə təhsil, humanitar, sosial, incəsənət, kənd təsərrüfatı və İKT qruplarına aid olan ixtisaslar aiddir.
Seçim meyarlarına gəldikdə, bu, hər istiqamət üzrə hazırlanacaq ekspert rəyi əsasında həyata keçiriləcək. “Qiymətləndirmələr ayrı-ayrı sahələr üzrə akademik ekspertlərlə yanaşı, müstəqil ekspertlər və həmin sahə üzrə ixtisaslaşmış dövlət qurumunun nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. Və təbii ki, həm Gənclər Fondu, həm də xaricdə təhsil sahəsində uzunillik təcrübəsi olan Təhsil Nazirliyinin nümayəndələri də ekspert qruplarında olacaq”, - deyə F.Cəfərov bildirib. Onun sözlərinə görə, seçim meyarları müxtəlifdir. Təbii ki, tələbələrin bakalavr pilləsinə qəbul olarkən topladıqları baldan başlayaraq onların təhsil dövründə əldə etdikləri təhsil göstəriciləri nəzərə alınacaq. Xarici dil bilikləri üzrə verdikləri müxtəlif imtahan göstəriciləri də seçim zamanı əsas meyar kimi diqqətə alınacaq.
Oruc MUSTAFAYEV