Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin “Aqroservis”, “Bitkiçilik” və “Heyvandarlıq” ixtisas qruplarının tələbələri üçün rayonun aparıcı müəssisələrinə ekskursiyalar təşkil olunub.

 

İlk olaraq “Aqroservis” ixtisas qrupunun tələbələri “Gilan Qəbələ Aqrotexservis” ASC və “Şamlı Aqrotexservis” MMC fermer təsərrüfatında müasir aqrotexniki qurğu və avadanlıqlarla tanış olub, gündəlik iş prosesini əyani izləmək imkanı əldə ediblər.

 

Növbəti səfər “Bitkiçilik mütəxəssisi” ixtisas qrupunun şagirdləri üçün təşkil olunub. Səfər çərçivəsində tələbələr “Gilan Dairy Farms” MMC-in əkinçilik–toxumçuluq müəssisəsi və südçülük kompleksi ilə tanış olublar. Tələbələr taxıl sahələrinə baxış keçirib, yemçilik bitkilərinin əkilməsi və onlara qulluq edilməsi, cərgəarası becərmə işləri, gübrələrin hazırlanması, saxlanması və verilməsi prosesləri ilə yaxından tanış olublar.

 

Bundan başqa, rayonda ilk dəfə becərilən lavanda bitkisinin xüsusiyyətləri, əkilməsi və becərilməsi üsulları haqqında iştirakçılara məlumat verilib.

 

“Heyvandarlıq mütəxəssisi” ixtisas qrupunun tələbələri üçün Azza “Aqro” QSC-yə infotur təşkil olunub. Ekskursiya zamanı tələbələr fermanın quruluşu, heyvanların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini izləyiblər. Eləcə də, şirkət nümayəndələri tələbələrə yemək rasionunun tərkibi və önəmi haqda məlumat verib.

 

Ekskursiyalar zamanı əsas diqqət tədris edilmiş modullar üzrə tələbələrin biliklərinin daha da möhkəmləndirilməsinə yönəldilib.

 

Qeyd edək ki, ekskursiyalar Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində reallaşdırılıb.