Qaydalar dəyişsə də, qayda pozanlara münasibət dəyişməyib
Azərbaycanda 2019-2020-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları davam edir. Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər imtahan verəcək. Həmin gün imtahanlarda ümumilikdə 35422 abituriyentin iştirak edəcəyi gözlənilir. Onlardan 14031 nəfəri II qrup, 21391 nəfəri isə III ixtisas qrupu üzrə keçirilən imtahanlara qatılacaq.
I və IV ixtisas qrupları üzrə imtahanlar isə mayın 12-də keçirilib. 32 173 abituriyentin iştirak etdiyi həmin imtahanda abituriyentlərin böyük əksəriyyəti - 27225 nəfəri I ixtisas qrupu üzrə suallara cavab verib. IV ixtisas qrupu üzrə imtahanda isə 4948 abituriyent iştirak edib.
Ümumilikdə, I-IV ixtisas qrupları üzrə builki imtahanlarda 67 595 abituriyent iştirak edir. Builki ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində V ixtisas qrupu və kollecləri də nəzərə alsaq bütövlükdə 83 mindən artıq abituriyent qatılıb.
Bu il imtahan verən ən yaşlı abituriyentin 56, ən gəncin isə 15 yaşı var.
Tələbə olmaq istəyən oğlanların sayı qızlardan çoxdur. Belə ki, 2019-2020-ci tədris ilində tələbə olmaq istəyən 34261 oğlan, 32334 qız var.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinə mart ayının 15-dən start verilib. Ərizə qəbulu ilə başlayan proses aprelin 15-dək davam edib. Həm 5 ixtisas qrupu üzrə, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul prosesində iştirak etmək istəyən 83 mindən artıq abituriyent qeydiyyatdan keçib.
Bu mərhələ nəticələrin elan olunmasından sonra bitəcək. Nəticələrin nə vaxt açıqlanacağına gəlincə, Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, mayın 12-də keçirilən imtahanların nəticələri yaxın bir həftədə, mayın 19-da olacaq imtahanların nəticələri isə imtahandan sonrakı iki həftə ərzində emal olunaraq açıqlanacaq.
Yeni qaydalarla imtahan
2019-2020-ci tədris ili üçün keçirilən imtahanların ən böyük özəlliyi isə tətbiq edilən imtahan qaydaları ilə bağlıdır. Belə ki, bu il yeni tədris proqramları ilə tədrisin təşkilindən 11 il keçir. “Yeni qəbul qaydaları” kimi fərqləndirdiyimiz builki qaydalar da məhz həmin tədris proqramına əsaslanır. X.Xanlarzadə hesab edir ki, ümumi təhsil müəssisələrində 11 ildir həyata keçirilən tədris proqramları - kurikulum əsasında dərs keçən, 11 il öncə birinci sinfə gedən şagirdlər məzun olduqları üçün bu il ali təhsil müəssisələrinə qəbul qaydalarında da, qəbul mexanizmində də dəyişikliklər edilib. Həmin dəyişikliklərlə bağlı ictimaiyyətə məlumat verilib. 2 il əvvəl Təhsil Nazirliyi ilə birlikdə hazırlanıb təsdiq olunan həmin yeniliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılıb.
Bu da 2019-cu ildə imtahan verən abituriyentlərə və onların valideynlərinə tətbiq ediləcək qaydalarla əvvəldən tanış olmaq imkanı verdiyindən builki məzunların imtahanlarda hər hansı çətinliyinin olacağı gözlənilmirdi. Həmçinin hazırkı abituriyentlər 2 il öncə IX sinif buraxılış imtahanlarında iştirak ediblər və həmin imtahanlar da yeni qaydalar əsasında keçirilib.
Buraxılış imtahanı müsabiqənin bir hissəsidir
Bu il də müsabiqə 700 ballıq şkala əsasında həyata keçirilir. Ancaq yeni qaydalara görə, buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin bir hissəsidir. Belə ki, bu ildən müsabiqənin birinci mərhələsi sayılan buraxılış imtahanlarının nəticələri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmağa təsir edir. Yeni qəbul mexanizminə görə, abituriyent ixtisas seçimi mərhələsinə qatılarkən hər iki imtahanın nəticələri toplanılır. Buraxılış imtahanlarının və ixtisas qrupları üzrə keçirilən imtahanın nəticələri cəmlənir və əldə edilən bal abituriyentin müsabiqədə iştirak balı sayılır. Buraxılış imtahanlarında abituriyent maksimum 300 bal toplayır. Qalan 400 balı isə ixtisas qrupları üzrə imtahanlardan yığır.
Yeni qaydaların üstünlüyü çoxdur
Yeni qaydaya görə tətbiq edilən bu dəyişiklik buraxılış imtahanlarının abituriyentlər, şagirdlər üçün əhəmiyyətini artırır.
Xanlar Xanlarzadənin fikrincə, bu il həm buraxılış imtahanlarının əhəmiyyəti artıb, həm də abituriyentlərin işi yüngülləşib: “Abituriyentlər əvvəllər də buraxılış imtahanı verirdilər. Ancaq bu imtahandan sonra 5 fənn üzrə qəbul imtahanında iştirak edirdilər. İndi abituriyentlərin işi də sadələşib. Buraxılış imtahanlarının nəticələri müsabiqədə nəzərə alınır və qəbul imtahanının ikinci mərhələsində onlar 5 deyil, 3 fəndən imtahan verirlər. Bu da onların işini asanlaşdırır”.
Bu il təşkil edilən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə dəyişiklik, sadəcə fənlərdə deyil, həm də sualların tipindədir: “Burada məqsədlərdən biri tədris proqramında da nəzərdə tutulan və 11 ildir əsas hədəf olan “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidə nə dərəcədə nail olunduğunu düzgün ölçməkdir. Hər bir şagirddə riyazi bacarığın, düşüncə, təhliletmə, oxuyub anlama, danışma, dinləmə kimi qabiliyyətlərin nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirmək üçün imtahanlarda yeni alətlərin tətbiqi zəruri idi”.
Bu məqsədlə də test bloklarına yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlar daxil edilib. X.Xanlarzadə deyir ki, qapalı tipli test tapşırıqları qazanılmış bilikləri ölçməyə, şagirdlərin yazılı şəkildə cavab verdiyi açıq tipli suallar isə onların hansı bacarıqlara, kompetensiyalara sahib olduqlarını, hansı qabiliyyətlərinin necə inkişaf etdirildiyini düzgün qiymətləndirməyə imkan verir. Üstəlik, abituriyentlərin qiymətləndirilməsində daha böyük imkanlar yaradır: “Əvvəlki qaydalara görə, imtahan sualları, sadəcə qapalı test tapşırıqlarından ibarət idi. Abituriyent sualın cavabını ya bilir, ya da bilmir, balı da ona uyğun hesablanırdı. Yəni, qapalı tipli suallar şagird səhv cavab verirsə, “0” bal, cavabı düzgün yazıbsa, “1” balla qiymətləndirilirdi. Açıq tipli sualların qiymətləndirilməsi isə abituriyentin suallara necə cavab verməyindən asılı olaraq, dəyişir. Burada bir suala abituriyentin cavabı “0” bal, “0.5” bal, hətta 2/3 balla qiymətləndirilə bilər. Açıq tipli tapşırıqlar imkan verir ki, abituriyent tapşırığı müəyyən hissəsinə qədər həll edibsə, onu da qiymətləndirək. Yəni nümayiş olunan bacarıq itmir. Bu da əsas qiymətləndirmə mexanizmində üstünlüklərdən biridir”.
X.Xanlarzadənin sözlərinə görə, imtahanlara salınan açıq tipli suallar əvvəlki illərin məzunları üçün də problem olmayacaq: “Müsabiqədir və burada əvvəlki illərin məzunları üçün ayrıca test proqramı və test bloku hazırlanmır. Hamı eyni şərtlərlə, eyni proqram əsasında imtahan verir. 700 ballıq şkala əsasında tapşırıqları müqayisə etsək, ənənəvi qaydada olan tapşırıqların qiymətləndirməsindən təqribən 495 bal toplamaq mümkündür. 205 bal isə yeni - açıq tipli tapşırıqlardan yığmaq olar. Yəni, qapalı tipli suallara cavab verərək 500 bal, yazılı cavab vermək tələb olunan tapşırıqları həll edərək 200 bal toplamaq mümkündür. Bu da o deməkdir ki, əvvəlki illərin məzunları, köhnə qaydalarla təhsil almış, hazırlaşmış və imtahan vermiş şəxslər 700 balın 500 balını toplaya bilərlər. Bunu nəzərə alsaq, builki imtahanlar əvvəlki illərin məzunları üçün də çətinlik yaratmayacaq”.
Açıq tipli sualların qiymətləndirilməsində də obyektivlik qorunur
İmtahanların yeni qaydalarla həyata keçirilməsi xəbəri ciddi narahatlıq yaratdı. 2 il əvvəl imtahanlar barədə elan veriləndən başlayan bu narahatlıq indi də qalmaqdadır. Bu narahatlıq isə daha çox açıq suallarla bağlıdır. Suallara şagird və abituriyentlərin necə cavab yazacağından çox, onların qiymətləndirilməsi ciddi müzakirələrə səbəb oldu. Xüsusən, imtahan nəticələrinin açıqlanması müddətinin uzanmasına səbəb olmağı açıq suallara qarşı münasibəti sərtləşdirib. X.Xanlarzadə bu məsələyə də aydınlıq gətirib: “İxtisas qrupları üzrə imtahanlarda açıq tipli tapşırıqlar çox deyil. Hər fənn üzrə cəmi 3 açıq tipli tapşırıq verilib. Bu da cəmi 9 açıq tipli tapşırıq deməkdir. Bilirsiniz ki, qəbul imtahanının ikinci mərhələsində abituriyentlər ixtisas qrupları üzrə 3 fəndən imtahan verir, ümumilikdə 90 test tapşırığı yerinə yetirirlər. Yəni, hər fənn üzrə 30 tapşırığın 3-nə yazılı cavab vermək tələb olunur. Ümumilikdə, 9 tapşırığı yoxlamaq elə də çox vaxt aparmır. Ancaq buraxılış imtahanında belə tapşırıqların sayı çox olduğu və yazı işləri ən az 2 marker tərəfindən yoxlanıldığı üçün vaxt çox gedir. İmtahanlarda iştirak edənlərin sayını açıq tipli tapşırıqların sayına vursanız görərsiniz ki, milyonlarla yoxlama işindən söhbət gedir. Ona görə də həmin tapşırıqların yoxlanılmasına bir ay, ay yarıma qədər vaxt tələb olunur. Bir yazı işi iki marker tərəfindən yoxlanılır, qiymətlər arasında fərq olarsa, üçüncü marker də yoxlayır və bu proses də avtomatik şəkildə proqram təminatı vasitəsilə həyata keçirilir. Məsələn, bir-birindən xəbərsiz olan markerlərdən biri yazı işini Bakıda, digəri Dövlət İmtahan Mərkəzinin Naxçıvanda yaradılan ekspertiza zalında yoxlayır. Obyektivliyin qorunması məqsədi ilə markerlərin kompüterində, sadəcə yazı görünür, işin kimə aid olduğu bilinmir”.
X.Xanlarzadənin sözlərinə görə, seçilən proqram təminatı və DİM-də qurulan mexanizm imtahan nəticələrinin obyektivliyinə şübhə yeri qoymur.
Bir fənnə olan münasibətin ödənişsiz təhsil almağına əngəl deyil
Daha bir yenilik isə hər hansı fənn üzrə “0” bal toplayanların tələbə olmaq imkanından məhrum olmasını əngəlləyir.
"Hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz və ya ödənişli ixtisaslarını seçə bilərlər", - deyən Xanlar Xanlarzadənin sözlərinə görə, qəbul imtahanlarının birinci və ya ikinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər: “İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər”.
Beləliklə, ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqə davam edir. Qəbul prosesinin birinci mərhələsi artıq başa çatıb. Aprel ayında keçirilən imtahanların nəticələri hələlik elan olunmayıb. Emalı davam edən həmin imtahanların nəticələri yaxın iki gün ərzində mərhələ-mərhələ açıqlanmağa başlayacaq. Əvvəlcə aprelin 7-də, daha sonra isə aprelin 14, 21 və 28-də imtahan verənlər buraxılış (qəbul) imtahanından nə qədər bal topladıqlarını biləcək, cavab vərəqləri ilə tanış olacaqlar. Hər abituriyent ona məxsus səhifədə hətta qiymətləndirmə meyarları - verilən tapşırığa necə cavab verməli olduğu, hansı cavaba neçə bal verildiyi, mümkün balı və şagirdin onun nə qədərini topladığı, verdiyi cavabın neçə bala layiq görüldüyü ilə bağlı bir çox suallara cavab tapa biləcək.
Ancaq bu il tətbiq edilən bu yenilik kimin üçün nə qədər maraqlı olacaq?
X.Xanlarzadənin sözlərinə görə, IX sinif buraxılış imtahanlarının nəticələrindən sonra məlum olur ki, şagirdlər də, onların valideynləri və müəllimləri də laqeyiddirlər: “Aprel ayında şagirdlərin nəticələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Öz imtahan nəticələri ilə maraqlananların statistik göstəricilərinə baxsaq görərik ki, imtahan nəticələri və cavab vərəqləri ilə imtahana qatılanların cəmi 15-25 faizi maraqlanıb. Halbuki məktəblərin hamısında kompüterlər və internetə çıxış var. Bu vaxta qədər valideynlər, müəllimlər şagirdlərin göstərdiyi nəticələrə baxmalı, onların cavablarını təhlil etməli idilər. IX sinif şagirdlərinin qarşısında iki il var. Onların zəif cəhətlərini aşkarlayıb ali məktəblərə qəbul imtahanlarına qədər hazırda mövcud olan boşluqları doldurmaq önəmlidir. Şagirdlərə qarşıdakı iki il ərzində suallara necə cavab vermək, nəyə diqqət yetirmək lazım olduğunu öyrətməlidirlər. Bunu da buraxılış imtahanlarında yol verdikləri səhvlər əsasında üzə çıxara, həmin cavabları təhlil etməklə müəyyənləşdirə bilərlər”.
İki imtahanda ayrı-ayrı ixtisas qrupları üzrə iştirak et, ixtisasları qarışıq seç
Qəbul imtahanlarının ikinci mərhələsi, yəni ixtisas qrupları üzrə imtahanlar ötən il olduğu kimi, bu il də iki dəfə keçirilir. Abituriyentlərə verilən ən böyük şanslardan biri də məhz budur. Yazda və yayda keçirilən bu imtahanlar məzmunca eynidir, hər ikisinin nəticəsi keçərlidir. Abituriyent müsabiqəyə qatılarkən onlardan istədiyi birini seçəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, yaz imtahanları artıq başlayıb və bu ayın sonunadək yekunlaşacaq. Yaz imtahanları başa çatdıqdan sonra yay imtahanlarına qeydiyyata start veriləcək. Mayın 30-da başlayacaq qeydiyyat prosesi 10 gün ərzində davam edəcək və abituriyentin elektron ərizə qəbulu sistemi iyunun 10-dək aktiv olacaq. İyunun 23-də I və IV, iyulun 7-də isə II və III ixtisas qrupları üzrə abituriyentlər imtahan verərək onlara verilən ikinci şansdan da istifadə edəcəklər. X.Xanlarzadə deyir ki, yaz imtahanlarında iştirak edənlər iyun və iyul aylarında keçiriləcək imtahanlara qatılmaya da bilərlər.Yaxud, hər iki imtahana qatılıb ixtisas seçimində istədiyi imtahanın nəticəsinə əsaslana bilərlər:
Hətta abituriyentlərə müxtəlif ixtisas qruplarından ixtisas seçməyə belə imkan verilir.
Deyək ki, yaz imtahanında I ixtisas qrupunu seçən abituriyent yay imtahan sessiyasında II ixtisas qrupu üzrə imtahanlara qatıla bilər və bu ixtisas qrupları üzrə müsabiqə şərtini ödədiyi halda ixtisas seçimi ərizəsində hər ikisinə aid olan ixtisasları seçə bilər”.
Dövlət İmtahan Mərkəzinin “qara siyahı”sı
Bu da Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi imtahanların dəyişməyən qaydalarından biridir: nə dəyişsə də, abituriyent, ya da nəzarətçi və ya başqa vəzifə sahibi olmasından asılı olmayaraq, qaydaları pozanlara sərt münasibət dəyişmir.
Abituriyentlər arasında qaydaları pozmağa cəhd edənlər çox olmasa da, ancaq rastgəlinəndir: “Təbiidir ki, hamı bilikli deyil. Ona görə də biliyi az olanlar imtahan nəticələrinin daha yüksək olması üçün başqa yollara da əl atırlar. Nəticədə daha çox təsadüf olunan qayda pozuntularının siyahısı əmələ gəlir. Məsələn, eyni imtahan zalında olan abituriyentlər biri-birindən köçürməyə, imtahan binasına mobil telefon keçirməyə cəhd edirlər. Bu və digər qayda pozuntusu aşkar edildikdə isə həmin abituriyentin nəticələri ləğv edilir. Məsələn, buraxılış imtahanlarında qayda pozanların imtahan nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci mərhələsinə buraxılmırlar. Yaz imtahanında qayda pozanların nəticələri ləğv edilir və onlar yay imtahanlarına da buraxılmırlar. Yəni, imtahanlarda qayda pozulmasının ciddi nəticələri olduğu üçün abituriyentlərə daim xəbərdarlıq, valideynlərə tövsiyə edirik ki, qayda pozuntusuna yol verməsinlər. DİM hər imtahandan öncə yaddaş kitabçası hazırlayır, bu yolla imtahan qaydaları ilə bağlı abituriyentləri məlumatlandırırıq”.
Birinci imtahanda 4 nəfər köçürməyə cəhd etdiyinə görə cəzalandırılıb. 2 nəfər imtahanın keçirildiyi binaya telefonla daxil olmağa cəhd edib. İmtahan verəcək şəxsin yerinə imtahan verməyə cəhd edən 3 nəfər də aşkarlanaraq binaya buraxılmayıb.
Dövlət İmtahan Mərkəzinin, sadəcə qayda pozan abituriyentlərlə deyil, nəzarətçi-müəllimlərlə bağlı da “qara siyahı”sı var. “DİM-in nəzarətçilərin elektron məlumat bazasında 15 minə yaxın müəllim var. Hər il həmin nəzarətçilərin siyahısı yenilənir. Siyahıya yeni nəzarətçilər əlavə olunur və ya imtahanda qayda pozuntusuna yol verən nəzarətçilər həmin bazadan çıxarılırlar. “Qara siyahı”da 1000 nəfərdən artıq nəzarətçinin adı var. Onlar ayrı-ayrı vaxtlarda müxtəlif qayda pozuntularına yol veriblər”.
Nəzarətçilərlə bağlı qərar verilərkən baş verən qayda pozuntusunun dərəcəsi nəzərə alınır. Belə ki, müəyyən nəzarətçilər birbaşa bazadan çıxarılır, bəziləri isə yenidən təlimlərə cəlb edilirlər.
Nəzarətçilərin fəaliyyəti sertifikatlaşdırılır
Nəzarətçilərin hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün DİM bu ildən nəzarətçilərin fəaliyyətinin sertifikatlaşdırılmasına başlayıb. Onlar müxtəlif təlimlərə cəlb olunur, həmin təlimlərdən keçənlərə sertifikatlar verilir və DİM-in təşkil etdiyi bütün imtahanlarda iştirak edirlər: “Bu prosesin birinci mərhələsi artıq yekunlaşıb. Yenidən avqust ayında elektron qeydiyyat başlayacaq və nəzarətçi olmaq istəyən şəxslər müraciət edib sertifikat ala bilərlər. Bu da onlara imkan verəcək ki, il ərzində bir neçə imtahanda iştirak etsinlər”.
Ruhiyyə DAŞSALAHLI