Beynəlxalq fənn olimpiada tariximizə növbəti töhfə
Təhsil Nazirliyi tərəfindən ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların bacarıq və qabiliyyətlərinin stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, məktəblilərimizin dünyanın mötəbər bilik yarışlarında qələbə estafeti davam edir. Şagirdlərimizin Moldovada keçirilən 36-cı Balkan Riyaziyyat Olimpiadasından (BMO 2019) 5 medalla vətənə qayıtması isə onların ölkəmizin beynəlxalq fənn olimpiada tarixinə növbəti töhfəsidir.
Olimpiadada ölkəmizi təmsil edən məktəblilər, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medala layiq görülüblər. Olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.
Təəssüratlarım olduqca müsbətdir
Azərbaycan Respublikası Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, komandamızın rəhbəri Fuad Qarayev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında şagirdlərimizin nüfuzlu elm yarışında əldə etdiyi nəticələri yüksək qiymətləndirdi:
- 36-cı Balkan Riyaziyyat Olimpiadası haqqında təəssüratlarım olduqca müsbətdir, əldə etdiyimiz nailiyyətlər də bunu deməyə əsas verməkdədir. Əsasən Balkan ölkələri arasında, eləcə də Avropa və Asiyadan bir çox ölkənin iştirak etdiyi bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri 2008-ci ildən etibarən iştirak edirlər. Hər il iyul ayında təşkil olunan Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO), eləcə də hazırlıq məqsədi ilə həyata keçirilən BMO-da hər bir ölkənin əsas komandası iştirak edir. Bu il əldə etdiyimiz 4 gümüş və 1 bürünc medal komandamızın kifayət qədər güclü olduğunun göstəricisidir. Düzdür, 2009-cu ildə Serbiyada keçirilən 26-cı Balkan Riyaziyyat Olimpiadasında da Azərbaycan məktəbliləri 4 gümüş və 1 bürünc əldə etmişlər, ancaq o zaman komandanın ümumi balı 82 olmuşdur. Bu il isə şagirdlərimiz ümumi komanda hesabında 148 bal toplamışlar.
Belə ki, mümkün 40 baldan 30 bal toplayan üç şagirdimizin hər birini qızıl medaldan sadəcə 1 bal ayırırdı.
Olimpiadada xüsusi məqam
Fuad Qarayev Balkan Riyaziyat Olimpiadasında müşahidə etdiyi bir məqamı da diqqətə çatdırdı: “Bu olimpiadada medal qazanan 3 şagirdimiz 4 il öncə keçirilən məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən seçilən şagirdlərdir. Bu hal ilə biz digər fənlərdə də qarşılaşırıq.
6-7-ci sinif şagirdləri arasında keçirilən fənn müsabiqələri, eləcə də həmin şagirdlərin hazırlığı üçün nəzərdə tutulan beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyətləri özünü doğrultmaqdadır. Yaxşı xəbər ondan ibarətdir ki, 4 il əvvə l 972 şagirdin iştirakı ilə ilk dəfə keçirilən fənn müsabiqələrində bu il 27000-dən çox şagird qeydiyyatdan keçmişdir.
Ciddi əminliklə deyə bilərəm ki, həmin müsabiqənin nəticələrinə əsasən daha neçə istedadlı gənclərimizi aşkar edəcək və onlarla məhsuldar işin aparılmasına nail olacağıq”.
Növbəti olimpiadada gözəl nəticələr əldə etmək ən böyük hədəfimizdir
F.Qarayev qarşıda duran hədəflərdən də danışdı. “36-cı Balkan Riyaziyyat Olimpiadasında əldə edilən nəticələrə görə bu işlərə rəhbərlik edən komanda rəhbəri kimi təhsil ictimaiyyətini bir daha təbrik edirəm. Bu gözəl balalarımızın yetişməsində ciddi əməyi olan hörmətli müəllimlərimizə və əziz valideynlərimizə dərin təşəkkürümü və minnətdarlığımı bildirərəm. 11-22 iyul 2019-cu il tarixində İngiltərədə keçiriləcək 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO2019) gözəl nəticələr əldə etmək ən böyük hədəfimizdir. Bu məqsədlə şagirdlərin hazırlıq prosesi davam edir. Cəfər Cəfərov, Nazim Kərimov kimi yerli, eləcə də əcnəbi mütəxəssislərin dərsləri son iki ayda davam edəcək.
Balkan Olimpiadası tarixinə öz adlarını yazmış şagirdlərimizin də təəssüratları boldur. Onların təəssüratlarını da oxucularımıza təqdim edirik:
“Qızıl medal üçün cəmi 1 balım çatmadı”
Fərid İsmayılov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi: - İndiyə qədər bir neçə beynəlxalq olimpiadada iştirak etmiş və bəzilərindən müəyyən nəticələr əldə etmişəm. İndi isə 36-cı Balkan Riyaziyyat Olimpiadasında iştirak etdim və düşünürəm kı, uğurla çıxış etdim. Olimpiadanın gümüş medalını ölkəmizə gətirə bildiyim üçün xoşbəxtəm. Qızıl medal üçün cəmi 1 balım çatmadı, az da olsa, buna təəssüfləndiyimi qeyd etməliyəm. Lakin bu, məni heç də həvəsdən salmadı və növbəti olimpiadalara daha gərgin şəkildə çalışmaq üçün motivasiya verdi. Olimpiadaya hazırlıq mərhələsində isə müəllimimiz Cəfər Cəfərovun çox böyük əziyyətini qeyd etməliyəm. Həmçinin olimpiadadan əvvəl 15 günlük təlim məşq toplantımız oldu. Bu toplantı bizə daha da motivasiya oldu və daha uğurla çıxış etməyimizə şərait yaratdı. Azərbaycanın Balkan olimpiadası tarixində belə bir uğurlu nəticədə əməyim olduğu üçün qürur duyuram.
“Azərbaycanı yüksək zirvələrə qaldırmaq bizim ən böyük hədəfimizdir”
Anar Rzayev, “Dünya” liseyinin 11-ci sinif şagirdi: - Artıq 4 ildir ki, riyaziyyat olimpiadalarına hazırlaşıram və bu olimpiada mənim 6-cı beynəlxalq olimpiadada iştirakım idi. Keçən il Balkan Riyaziyyat Olimpiadasında iştirak edib bürünc medala layiq görülmüşdüm. Bu tədris ilindən etibarən Cəfər Cəfərovun dərsləri və komanda olaraq çox çalışdığımızdan bu olimpiadada gümüş medalı hədəf qoymuşduq. Balkandan 15 gün qabaq sistemli şəkildə saat 9:00-dan 19:00-a kimi intensiv olaraq çalışırdıq. Və əlbəttə ki, çəkdiyimiz zəhmət hədərə getmədi: gümüş medal qazandım və komanda olaraq 17 ölkədən 7-ci yer və 148 bal. İmtahan istədiyimiz kimi keçirildi, koordinasiya, təşkilatçılıq isə şəffaf və obyektiv idi. Qarşıda isə İngiltərədə keçiriləcək 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcəm. Bu olimpiadada Azərbaycanı yüksək zirvələrə qaldırmaq bizim ən böyük hədəfimizdir.
“10 dəfə Beynəlxalq Olimpiadada iştirak etmişəm”
Murad Ağazadə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi: -Artıq 4 ildir ki, riyaziyyat fənnindən olimpiadaya hazırlaşıram. 10 dəfə Beynəlxalq Olimpiadada iştirak etmişəm: 3 gümüş, 5 bürünc əldə etmişəm. Balkan Olimpiadasında isə 3-cü iştirakım idi. Bundan əvvəlki Balkan olimpiadalarında 2 bürünc medal qazanmışdım. Bu ildən başlayaraq olimpiadaya hazırlıq müəllimimiz Cəfər Cəfərovla dərslərimiz başladı. Balkan Olimpiadasından 15 gün əvvəl isə komanda ilə birlikdə bir yerə toplaşıb səhərdən axşama qədər dərs oxuyurduq. Hədəfim Azərbaycanı bu olimpiadada ən yaxşı şəkildə təmsil etmək və ən azı gümüş qazanmaq idi. Olimpiada istədiyim kimi keçdi və gümüş qazandım. Növbəti hədəfim isə İngiltərədə keçiriləcək Dünya Riyaziyyat Olimpiadasında ölkəmizi ən yaxşı şəkildə təmsil etməkdir.
“İmtahan tam obyektiv və şaffaf keçirildi”
Abbas Məmmədov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi: - Mən 3 ildir ki, riyaziyyat olimpiadalarına hazırlaşıram və bu olimpiada mənim 2-ci beynəlxalq olimpiadam idi. Bu olimpiadada bürünc medala layiq görüldüm. Həmçinin komanda olaraq Azərbaycan çox yaxşı çıxış etdi. Buna görə isə müəllimimiz, ABŞ-ın Stanford Universitetinin məzunu Cəfər Cəfərovun dərslərinə və komandanın inamına borcluyuq. İmtahan tam obyektiv və şaffaf keçirildi. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Hazırda isə iyul ayında İngiltərədə keçiriləcək 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlaşıram. Burada da Azərbaycanın adını, bayrağımızı yüksəldəcəyimə inanıram.
“Beynəlxalq olimpiadalarda 8 medal qazanmışam”
Ramil Cəbiyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi: - Beynəlxalq olimpiadalara 13 yaşından qatılıram. Bu günə qədər 12 dəfə Beynəlxalq olimpiadada iştirak etmişəm. 4-ü gümüş, 4-ü bürünc olmaqla 8 medal qazanmışam. Respublika fənn olimpiadalarında 3 iştirakım olub və 2 qızıl,1 gümüş medal qazanmışam. 2016-cı ildə Respublika fənn olimpiadasında “Birincilər birincisi” nominasiyasına layiq görülmüşəm. Bu il keçirilən 15-ci Beynəlxalq Zhautykov Olimpiadası və 4-cü Qafqaz Riyaziyyat Olimpiadasında gümüş medal qazandığım üçün Balkan Riyaziyyat Olimpiadasında seçim mərhələsinə qatılmadan iştirak etdim və gümüş medala sahib oldum. Qarşıda bizi Respublika fənn olimpiadalarının final turu və 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadası gözləyir. Hədəfim bu olimpiadalarda əlimdən gələnin ən yaxşısını etməkdir.
Sonda biz də şagirdlərimizə qarşıdan gələn bilik yarışlarında yüksək zirvələr fəth etməyi arzulayırıq.
Oruc MUSTAFAYEV