Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

 

Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, BMU-nun rektoru Havar Məmmədov, idarənin struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər.

 

Öncə qonaqlar, komanda üzvləri və onların rəhbərləri universitetin auditoriyaları, elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazlarla əyani şəkildə tanış olub, ali məktəbin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumatlar əldə ediblər.

 

Daha sonra 13 komanda ümumi təhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq  2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni  və  1 təcrübə  işini  yerinə yetiriblər.

 

Müsabiqənin final mərhələsi ilə bağlı təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Havar Məmmədov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. H.Məmmədov belə müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlimdə motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib.

 

Sonra çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri Təhsil Nazirliyi, eləcə də BŞTİ tərəfindən müsabiqə və bilik yarışlarının təşkilinə xüsusi diqqət yetirildiyini söyləyib.

 

R.Tağıyev sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılmasının vacibliyini qeyd edib.  

 

BŞTİ-nin müdiri Rəşad Tağıyev müsabiqənin məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX, X və XI sinif şagirdləri arasında təşkil edildiyini deyib.

 

İdarə müdiri onu da qeyd edib ki, müsabiqənin final mərhələsində təcrübə işinin yerinə yetirilməsi məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin tədqiqat imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında mühüm əhəmiyyətə malikdir.

 

Müsabiqənin final mərhələsində Suraxanı rayonu üzrə 85, Xəzər rayonu üzrə 136, Sabunçu rayonu üzrə 96, Pirallahı rayonu üzrə 243, Səbail rayonu üzrə 236, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 240, Xətai rayonu üzrə 24, Binəqədi rayonu üzrə 83 və 313 nömrəli tam orta məktəblər, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-lisey, Nərimanov rayonu üzrə 291 nömrəli “Ekologiya” liseyinin komandaları iştirak etmək hüququ qazanıblar.

 

Daha sonra 13 komandanın tərkibindəki finala vəsiqə qazanmış 39 şagirdə sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, müsabiqənin final mərhələsində doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndiriləcək. Ekspert Qrupu tərəfindən müsabiqənin nəticələri təhlil ediləcək, qalib komandalara BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.