Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

 

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Mayın 17-də ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin II mərhələsində (24 may tarixində) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

 

Gənc bioloqların yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (1 nəfər IX  sinif, 1 nəfər X sinif, 1 nəfər XI sinif) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini yerinə yetirməlidirlər.

 

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi  5 balla  qiymətləndiriləcək. Qaliblər Ekspert Qrupu tərəfindən müəyyənləşdiriləcək.