Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.
Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 321 məktəbdən 15 minə yaxın şagird iştirak edib.
Nəticələrə əsasən, 1 621 məktəbli 18 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının ilk turunda şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.
Olimpiadanın final mərhələsinin may ayı ərzində təşkil olunması nəzərdə tutulub. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.