Müəllimlərin ixtisasartırma təlimlərinə qatılmaq həvəsi artır


Bir müddət öncə Təhsil naziri Ceyhun Bayramov “Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək”, - deyə mətbuata açıqlama verib. Bu, təhsilin bütün sahələrində olduğu kimi, əlavə təhsil sahəsində də mütəmadi yeniləşmənin aparıldığını göstərir.

 

Əslində, təhsildə mütəmadi olaraq yeniliklər gedir. Xüsusən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasından sonra bu proses daha mütəşəkkil və planlı şəkildə həyata keçirilir. Bütün istiqamətlərdə paralel aparılan yeniləşmə məqsədyönlüdür və görülən hər iş hədəfə doğru bir addım yaxınlaşdırır. Maraqlıdır, bəs, əlavə təhsildə hədəf nədir?

 

Öncəliklə qeyd edək ki, təhsilverənin keyfiyyətinin artırılmasından söhbət getdiyi zaman ilk növbədə əlavə təhsil yada düşür. Azərbaycanda həyata keçirilən təhsil siyasətində “Təhsilin keyfiyyəti müəllimdən başlayır” fikrinin əsas inkişaf istiqamətlərindən biri olduğunu nəzərə alsaq, əlavə təhsilin əhəmiyyəti ilə bağlı təsəvvür yaratmaq çətin olmaz. Qaydalara görə, müəllimlər üçün bir ixtisasartırma dövrü 5 il müəyyən edilib və təhsilverən bu müddət ərzində ümumi həcmi minimum 120 saat olan ixtisasartırma proqramlarında iştirak etməlidir ki, bu da müəllimə 20 kredit qazandırır və ona növbəti illərdə  fəaliyyətini davam etdirməyə imkan verir.

 

 

3 istiqamətdə saysız-hesabsız proqram

 

 

Əlavə təhsilin təşkili və aparılmasını təmin edən sənəddə 3 modul - yəni 3 istiqamət müəyyənləşdirilib. Müəllimlər həmin 3 istiqamətdən biri, yəni ya peşə sahəsi üzrə ümumi biliklər, ya ixtisas sahəsi, ya da innovasiyalar üzrə ixtisasartırma təlimlərinə cəlb edilirlər. Ölkəmizdə əlavə təhsilin təşkili, monitorinqi və qiymətləndirilməsini həyata keçirən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublunun sözlərinə görə, ixtisasartırmanın təşkil edildiyi ilk istiqamət “Peşənin ümumi istiqamətləri” ilə bağlıdır. Bu istiqamət üzrə təlimlərdə dinləyicilərin ixtisasından asılı olmayaraq, hər kəsin bilməli olduğu ümumi məsələlərdən söhbət gedir: “Bu modulun proqramları bütün fənn müəllimləri üçün eynidir. Ona görə də, məsələn, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”nı keçəndə fənn müəllimlərini ayırmırıq. Yaxud fizika, kimya, ədəbiyyatdan dərs deməyindən asılı olmayaraq, hər kəs uşaq psixologiyasını, pedaqogikanı, öyrənmə və öyrətmə nəzəriyyələrinin əsaslarını bilməlidir. Bu, müəllimə lazım olan əsas kompetensiyaları öyrədən sahədir”.

 

İxtisas sahəsi üzrə modulda bütün proqramlar həmin ixtisasa fokuslanıb: “İbtidai sinif müəllimlərinə uşağın erkən inkişafından, oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikasından danışa bilərik. Çünki bu, məhz ibtidai sinif müəllimlərinin işidir. Bunu kimya müəlliminə keçmək lazım deyil. Kimya müəllimlərinə “Kimya dərslərində laboratoriya işlərinin təşkili metodikasını”  proqramı uyğundur”.

 

Nəhayət, üçüncü istiqamət olan innovasiyalar üzrə modulda təhsildə olan yeni metodikaların öyrədilməsi əksini tapıb. Bu istiqamət üzrə təlim keçən ali və ya əlavə təhsil müəssisələri “İKT savadlılığı”, “Veb-2” alətlərindən tədrisdə istifadə”, “Elektron dərs resurslarının hazırlanması” kimi bir neçə proqram təklif edirlər ki, bunlar da TİPİİ-də dəyərləndirilib müsbət rəy aldıqdan sonra təlimlər aparılır. Bu modul üzrə hazırlanan proqramlar ümumi pedaqoji də ola bilər, sırf sahə üzrə də. Vəfa Yaqublunun fikrincə, innovasiyalar üzrə təlim modulunda əsas məsələ odur ki, yeniliklər və onların tətbiqi yolları müəllimlərə çatdırılsın: “Uzun zaman bizim üçün yenilik İKT-dən istifadə olub. Bu modul üzrə “İKT savadlılığı” proqramı, bu proqramı keçib mənimsəyənlər üçün daha yüksək səviyyəli “İKT-dən istifadə etməklə resursların hazırlanması” proqramı təklif edilir. Ondan daha yüksək səviyyəli proqram isə “Veb 2” alətlərindən tədrisdə istifadə”dir. Bu gün isə dünya artıq “Veb-3” alətlərindən danışır. “Dərslərdə layihə metodikasının tətbiqi” proqramı da bizim təhsil üçün “innovasiya” hesab oluna bilər”.

 

Beləliklə, ixtisasartırma təlimləri hər istiqamət üzrə müxtəlif proqramlar əsasında aparılır. Bu və ya digər proqramı müvəffəqiyyətlə başa vuran dinləyicilər təlimin sonunda müvafiq təhsil kreditləri əldə edirlər. Qaydaya uyğun olaraq bir ixtisasartırma təhsili krediti ixtisasartırma proqramının 6 təlim saatına bərabər tutulur. Rəhbər və pedaqoji kadrlar bir ixtisasartırma dövründə hər modul üzrə nəzərdə tutulmuş təhsil kreditlərini öz seçiminə uyğun olaraq bir və ya bir neçə proqramda iştirak etməklə toplaya bilər. Lakin bölgünün proporsional olması tövsiyə edilir, yəni hər 3 modul üzrə proqramlarda iştirak müəllimin hərtərəfli inkişafına kömək edir. Vəfa Yaqublunun fikrincə, bu, həm də arzuolunan ən ideal variantdır: “Ancaq müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra aparılan təhlillərin nəticəsi olaraq bu qənaətə gəldik ki, ixtisas sahəsi üzrə müəllimlərin ciddi problemləri var. Ona görə də hazırda əsas diqqətimizi ikinci istiqamət üzrə təlimlərin keçirilməsinə yönəltmişik”.

 

 

Qiymətləndirmədə yeni mexanizm korrupsiyaya qarşı bir addımdır

 

 

Bəs, bu təlimlərin nəticəsi nə olur? Əgər müqayisə etsək, bu məsələdə də həlledici addımlar atılıb. Xüsusən, korrupsiyanın qarşısının alması istiqamətində. Belə ki, əvvəllər müəllimlər təlimlərdə iştirak edir, nəticəsinin necə olmağından asılı olmayaraq,  “məqbul” yazılmış sertifikat alırdılar.

 

Qeyd edək ki, müəllimləri yeni tədris proqramı ilə tanış etmək məqsədilə 2008-ci ildən etibarən 10 il ərzində ölkədə bütün ixtisasartırma təlimlərinin böyük hissəsini “kurikulum kursları” təşkil edirdi. Həmin təlimlərdə müəllimlər 3 səviyyə üzrə qiymətləndirilirdi. Müəllimin neçə bal yığdığını daxili qiymətləndirmə müəyyən edirdi, bu da bəzi hallarda qeyri-obyektiv olur, hətta korrupsiyaya yol açırdı.

 

Vəfa Yaqublu deyir ki, hazırda ixtisasartırma proqramından keçmiş bütün müəllimlər TİPİİ tərəfindən keçirilən yekun qiymətləndirmədə iştirak edir və müdavimlərə verilən sertifikatda müəllimin topladığı bal yazılır. Xarici qiymətləndirmə və sertifikatda balın göstərilməsi  neqativ halların qarşısını almağa hesablanıb.

 

Qapalı test imtahanı hər bir proqram üçün ayrıca hazırlanır. Əvvəlcədən müəyyən olunur ki, hər proqramın yekun qiymətləndirilməsində müəllim neçə suala cavab verməlidir. Fənnin məzmunu üzrə 120 saatlıq kifayət qədər geniş proqramlar var ki, burada maksimal bal 60 müəyyən edilib. 36 saatlıq proqramın qiymətləndirilməsi isə 25 baldır. “Sertifikat”da hər bir proqram üzrə həm müəllimin toplaya biləcəyi  maksimal bal, həm də topladığı bal yazılır.

 

Məsələn, məktəb direktoru eyniadlı təlimdə iştirak etmiş 2 müəlliminin nəticələri ilə onların sertifikatına baxmaqla tanış ola, dərs yükünün bölünməsində qərar verə bilər. Yeri gəlmişkən, müəllimlərin ixtisasartırma təhsili haqqında sertifikatlarında əks edilmiş məlumatlar həmçinin ÜTİS-ə daxil edilir.

 

 

Müsbət tendensiya

 

 

Qeyd etmək lazımdır ki, ilbəil müəllimlərin ixtisasartırma təlimlərinə qatılmaq həvəsi artır. Bunun səbəbləri müxtəlifdir: proqramların məzmunu və keçirilmə keyfiyyəti, müəllimlərin qazandıqları real səriştə, eləcə də müəllimlər arasında sağlam rəqabət hissi bu səbəblərdəndir. Məsələn, “Sinfin idarə edilməsi”, “İbtidai siniflərdə oxuyub-anlama bacarığının inkişafı”, “Riyazi-məntiqi təfəkkürün inkişafı”, “Yazı işinin təşkili metodikası”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” kimi proqramlar son illər müəllimlər arasında rəğbət qazanıb.

 

Müəllimlərin maraq və həvəsinin artmasını təsdiq edən başqa bir fakt ödənişli təlimlərə gələnlərin sayındakı müsbət dinamikadır. Məsələn, “Məktəbəhazırlıq  qruplarında  işin təşkili metodikası” mövzusunda son 3 ildə ödənişsiz təlimlər təşkil edilsə də, bu proqram üzrə ödənişli təlimlərə qatılanların sayı kifayət qədərdir. Üstəlik, ödənişli proqramların dinləyiciləri yalnız müəllimlər deyil, həm də müəllim olmaq istəyənlərdir: “Düzdür, təhsil sistemində çalışmayanlara “İxtisasartırma təhsili haqqında Sertifikat” verilmir. Çünki bu “Sertifikat” sistemdə hazırda işləyənlərə şamil olunur. İşləməyənlər iştirak barədə sertifikat, ən əsası isə bilik və bacarıq qazanırlar”.

 

Maraq doğuran proqramlardan biri də “Həyat bilgisi fənninin tədrisi metodikası”dır. Yeni kurikuluma keçiddən sonra yaranan bu inteqrativ fənn üzrə universitetlərdə müəllim hazırlığı aparılmır. Təhsil Nazirliyinin tövsiyəsinə əsasən bu fənn tarix, coğrafiya, fizika, kimya, biologiya fənlərini tədris edən müəllimlərə verilə bilər.  “Həyat bilgisi”nin tədrisindəki uyğunsuzluqları aradan qaldırmaq və fənnin şagirdlərə “yaşamağı öyrətməsinə” nail olmaq məqsədi ilə  TİPİİ “Həyat bilgisi fənninin tədrisi metodikası” adlı 36 akademik saatlıq proqram hazırlayıb. Burada sırf bu fənnin kurikulumunu əks etdirən standart əsaslı tədrisin texnologiyası öyrədilir. Müəllimlərə beynəlxalq mütəxəssislərin hazırladığı fəaliyyət əsaslı interaktiv dərs modelləri təklif edilir. 63 dərs icmalı hazırda TİPİİ-nin saytında yerləşdirilib.

 

“Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” üzrə təlim proqramı da müəllimlər tərəfindən ən çox müraciət olunandır. Müəllimlərdə istər formativ, istərsə də summativ qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək lazımdır. Bu proqramda müəllimlər “öyrətdiyimi necə qiymətləndirim?”, “etibarlı və adekvat test hansı tələblərə cavab verməlidir”, “sualların çətinlik dərəcəsini necə müəyyənləşdirim”, “şagirdlərin hansı  biliyini, hansı bacarığını ölçürəm” kimi suallara cavab tapırlar.

 

 

Təlimləri kim, necə keçirir?

 

 

Bir sözlə, TİPİİ-nin qarşısına qoyulan məqsəd ondan ibarətdir ki, proqramlar keyfiyyətli hazırlansın, təlimlər müasir tələblərə cavab versin, qiymətləndirmə obyektiv aparılsın. Hər il TİPİİ tərəfindən prioritet proqramlar müəyyənləşdirilir. Nazirliyin təsdiqindən sonra tender elan olunur. Müəyyən olunmuş mövzuya uyğun proqram hazırlayan, həmçinin qiymət təklifi uyğun olan təşkilatları Təhsil Nazirliyinin tender komissiyası seçir. 2015-ci ildən bəri ixtisasartırma proqramları Təhsil Nazirliyinin elan etdiyi tenderin qalibi olan ali və ya özəl əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilir.

 

Vəfa Yaqublunun fikrincə, proqramın məzmunu müasir olmalı, təlimlərə cəlb edilən müəllimlərə sadəcə nəzəri biliklər deyil, praktik bacarıqlar da aşılanmalıdır. Odur ki, TİPİİ-nin təsdiq etdiyi proqram əsasında keçirilən təlimlərə mütəmadi nəzarət edilir. Keçirilən monitorinqlər keyfiyyətə nəzarət xarakteri daşıyır. Həmin proqram əsasında təlim keçən müdavimlərin qiymətləndirilməsini də TİPİİ həyata keçirir. Məqsəd isə yuxarıda qeyd edildiyi kimi, obyektivliyi təmin etməkdir.

 

Vəfa Yaqublu qeyd edib ki, hazırda ixtisasartırma  proqramları daha qısamüddətli (əsasən 36 akademik saatlıq), mobil, konkret məsələyə fokuslanıb. Müəllimdə müəyyən bir bacarığın formalaşdırılmasına və inkişafına yönəlib. Əsas məsələ isə biliyin keyfiyyətidir. Biz proqramı keçənlərdən tələb edirik ki, müəllim üçün oxu materialı hazırlasınlar. Müəllimin əlində konkret məzmunda müasir material olmalıdır.

 

Son 3 il ərzində TİPİİ tərəfindən 30 adda ixtisasartırma proqramı hazırlanıb. Bununla yanaşı, seminar, ustad dərs və “dəyirmi masa”ların keçirilməsinə də xüsusi diqqət verilir. İnstitutun ən faydalı fəaliyyətlərindən biri “Refleksiv müəllim” seminarıdır ki, hər ay keçirilməklə eyni fənni tədris edən müəllimləri dərin pedaqoji refleksiya aparmağa alışdırır.

 

İnstitut Azərbaycan müəllimləri üçün öyrədici resurs bazasını genişləndirməyi öz işinin əsas hissəsi kimi qəbul edir. www.tipii.edu.az saytında və rəsmi FB səhifəsində davamlı olaraq müasir pedaqoji və metodik ədəbiyyat, öyrədici videoçarxlar və animasiya filmləri paylaşılır, qurumun üzərinə düşən missiyanı həyata keçirməyə çalışırlar.

 

 

Ruhiyyə DAŞSALAHLI