Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar təhsil haqqından azad edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Sərəncama əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
“Təhsil” televiziyasının “Təməl” verilişinin qonağı olan Təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə bu kateqoriyadan olan şəxslərin təhsil hüququnun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir müavininin sözlərinə görə, Azərbaycanda 70 minə yaxın əlilliyi olan şəxs var. Ümumtəhsil pilləsində təxminən 10 minə yaxın uşaq təhsil alır: “Həmin uşaqların təxminən 6700 nəfəri evdə təhsil alır. Onların təhsil müəssisəsinə gəlib-getmək imkanı yoxdur. Təxminən 4700-ə yaxın uşaq xüsusi təhsil müəssisələrində, eyni zamanda inteqrasiya təlimli təhsil müəssisələrində təhsil alır. Onların da bir qismi ümumi təhsil müəssisələrindədir. Biz də ən çox buna üstünlük veririk. İmkan varsa, sağlamlıq imkanları məhdud uşaqların öz yaşıdları ilə bir yerdə təhsil müəssisələrində oxumasını daha məqsədəuyğun hesab edirik. Hazırda 500-ə yaxın uşağın təhsil aldığı 86 belə sinif təşkil olunub”.
Ümumiyyətlə, ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkil olunması ilə bağlı ilk addımlar 2004-cü ildən atılmağa başlayıb. 3 pilot layihə icra edilib. 15 ümumtəhsil məktəbində, 13 məktəbəqədər hazırlıq müəssisəsində təxminən 300-ə yaxın sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil müəssisələrində təhsilə cəlb edilib.
Peşə təhsili sistemində 24 minə yaxın sağlamlıq imkanı məhdud və ya əlilliyi olan şəxs oxuyur. İdris İsayevin sözlərinə görə, hər il peşə təhsilinə bu kateqoriyadan olan 100-ə yaxın şəxs daxil olur.
Orta ixtisas təhsili müəssisələrində 52 minə yaxın tələbə təhsil alır. Həmin tələbələrin 3.5 faizi əlilliyi olan və ya sağlamlıq imkanları məhdud şəxslərdir.
Say nöqteyi-nəzərindən ən böyük göstərici ali təhsil müəssisələri sistemindədir. Ali təhsil müəssisələrində 171 minə yaxın tələbə təhsil alır.
Onların da 1.5 faizi əlilliyi olan şəxslərdir:
Sevindirici hal ondan ibarətdir ki, bu təhsil pilləsinə daxil olan sağlamlıq imkanı məhdud uşaq və ya əlilliyi olan şəxslərin sayı hər il artır.
Əgər 2015-ci ildə ali təhsil müəssisələrinə 660-a yaxın sağlamlıq imkanları məhdud uşaq və ya əlilliyi olan şəxs daxil olmuşdusa, 2016-cı ildə 1019 belə şəxs ali məktəblərə daxil olub. Bu da bir ildə 54 faiz artım deməkdir. Növbəti il bu göstərici daha 24 faiz artıb və 1258 nəfər bu kateqoriyadan olan şəxs ali təhsil sisteminə daxil olub. 2018-ci ildə ali təhsil sisteminə daxil olanların sayı 1500 nəfərə yaxındır. Burada da 19-20 faiz artım var. Bu artım onu göstərir ki, belə şəxslərə münasibətdə təhsil əlçatandır”.
Nazir müavininin sözlərinə görə, ali və orta ixtisas təhsili müəssisələrində sağlamlıq imkanları məhdud və ya əlilliyi olan 4500-ə yaxın şəxs təhsil alır. Onların da böyük bir qismi, yəni 47 faizi sağlamlıq imkanları məhdud uşaqlardır. İkinci dərəcə əlilliyi olan şəxslərin xüsusi çəkisi təxminən 24 faiz, birinci qrup əlilliyi olan tələbələrin sayı isə bütün əlil tələbələrin 2.3 faizini təşkil edir: “Təhsil səviyyələri üzrə statistikaya diqqət yetirsək, görərik ki, bakalavr pilləsində daha çoxdur. Sağlamlıq imkanları məhdud və ya əlilliyi olan şəxslərin 56 faizi bakalavrdır. 3 faiz magistr, qalan 41 faizi isə orta ixtisas təhsili müəssisələrinin tələbələridirlər. Azərbaycanda orta ixtisas və ali təhsil pilləsində təhsil alanların ümumi sayı 223 min nəfərdir. Onların böyük bir qismi, 70 faizinin ödənişli əsaslarla təhsil aldığını nəzərə alsaq, bu sərəncamın onların sosial vəziyyətinə böyük təsiri olacağı şübhə doğurmur”.
Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.
İdris İsayev onu da vurğulayıb ki, bu sərəncam nəzərdə tutulan kompleks tədbirlərin bir hissəsidir: “İkinci mərhələ tədbirlər planı paketi olaraq nəzərdə tutmuşuq ki, ali məktəblərə qəbul planı təsdiqlənərkən dövlət sifarişli yerlərin sayını artıraq”. Onun sözlərinə görə, hər il 12300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ili üçün bu göstərici 20400-ə yaxın olacaq. Bu da 65 faizə yaxın artım deməkdir. Bu, 20 mindən artıq şəxsin dövlət hesabına təhsil almaq imkanı əldə etməsi deməkdir.
Xatırladaq ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmin qanuna əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.
2018-ci ildə qəbul edilmiş “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normalar yer alıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz həmyaşıdları ilə eyni formada təhsilə cəlb edilməsi məqsədi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Ruhiyyə DAŞSALAHLI