Finlandiyada pilot layihənin sınağına başlandı


Finlandiyanın Tampere şəhərində ibtidai məktəbdə robot-müəllimlərin tətbiqi üzrə pilot proqrama başlandı. Hazırda  dörd robot testdən keçirilir. Bunlar xarici dillərin tədrisi üzrə "Elias"  humanoidi və riyaziyyatı öyrədən "OVObot"un üç modelidir. Layihənin məqsədi robotların məktəbdə təhsil səviyyəsini yaxşılaşdıra bilməsini  yoxlamaqdır.  Proqrama cəlb olunmuş "OVObot"  məktəb tərəfindən  icarəyə götürülüb  və il boyunca testlərdə iştirak edəcək.  "Elias"  isə məktəb tərəfindən alınıb, ona görə də  müəllim və şagirdlər ondan  daha uzun müddət istifadə edə biləcəklər.


"Elias" humanoidi  Yaponiyanın "SoftBank's NAO"   şirkəti və onun robot ortağı tərəfindən hazırlanıb. "Elias" uşaqların bacarıqlarını müəyyənləşdirir, şagirdlərə  onların səviyyəsinə uyğun olan tapşırıqlar təqdim edir,   həmçinin  məktəblilərin problemləri haqqında müəllimlərə rəylər verir. O, 23 dil bilir  və onları canlandırır, ancaq əsas proqramlar hələ ki yalnız ingilis, fin və alman dillərindədir. Təlimdən başqa, "Elias"  uşaqlarla ünsiyyət saxlaya və hətta oynaya bilər. "OVObot" isə Finlandiyanın "AI Robots" şirkəti tərəfindən hazırlanmış, təxminən, 25 santimetr hündürlüyündə olan maşındır.  O, uşaqların  görə və tapşırıqları həll edə  biləcəkləri  planşetlə təchiz edilib. 

 

Məktəbin müəllimi Rikka Kolunsarkanın sözlərinə görə, robot məktəblilərdə təhsilə  maraq oyatmaq üsuludur. "Mən düşünürəm ki, əsas ideya uşaqları cəlb etmək və onları motivasiya etməkdir.  Mən "Elias"ın köməyi ilə adi təcrübələri rəngarəng etmək və sinfə fəaliyyətin yeni növlərini gətirmək alətini görürəm". İstehsalçılar qeyd edirlər ki, hələ ki müəllimlərə iş yerləri üçün narahat olmaq lazım deyil, robotlar nizam-intizamı tamamilə dəstəkləyə bilmirlər, buna görə də sinifdə pedaqoqun olması hələ lazımdır.

 

Xatırladaq ki, bir qədər əvvəl  "iPal"  şirkəti məktəb yaşına çatmamış uşaqların təlimi və ev tapşırıqlarının icrası üçün bir metrlik ölçüdə  robot hazırlayıb.

 

Oruc MUSTAFAYEV