Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 1 nömrəli İdman liseyinin pedaqoji və məşqçi-müəllim heyəti ilə görüş keçirib.
Görüşdən əvvəl dərs prosesi ilə tanış olan Firudin Qurbanov şagirdlərlə səmimi söhbət edib.
Görüşdə çıxış edən nazir müavini müasir tələblərə cavab verən idman təmayüllü liseylərin yaradılmasının əhəmiyyətindən danışıb, bu kimi təhsil müəssisələrinin şagirdlərin təhsil almaları ilə yanaşı, peşəkar idmançı kimi yetişməsinə şərait yaratmaq, ehtiyat idmançı hazırlığı işini daha təkmilləşdirmək məqsədi daşıdığını qeyd edib.
Nazir müavini çıxışında təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird-valideyn münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Təhsilalanların vətənpərvər, bilikli və bacarıqlı vətəndaş kimi yetişməsində tərbiyənin strateji istiqamətlərindən bəhs edən Firudin Qurbanov təhsil müəssisələrinin üzərinə düşən məsələlər haqqında fikirlərini bildirib.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra müəssisənin maddi-texniki bazası ilə tanış olan nazir müavini səmərəli fəaliyyətin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün tövsiyə və tapşırıqlarını verib.
Görüşdə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, "Məktəblinin dostu" layihəsinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, Bakı şəhəri 1 nömrəli İdman liseyi Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə Bakı şəhəri 277 nömrəli tam orta məktəbin bazasında yaradılıb.