İdarəetmə prosesinə yaradıcı yanaşmaya ehtiyac artır


2015-ci ildə “Forbes” jurnalının ABŞ versiyası belə bir başlıqlı yazı dərc etmişdi: “Bura texnikilərin yeri deyil: Humanitarlar Silikon vadisini işğal edirlər”. Məqalənin işıq üzü görməsi təsadüfi deyildi - psixoloq, filosof, marketoloq, hətta filoloq diplomlu şəxslər ciddi texnoloji korporasiyalar və startapların rəhbər vəzifələri uğrunda mübarizədə texniki təhsil almış mühəndislər və riyaziyyatçıları rəqabətdən kənarlaşdırmağa başlamışdılar. Məlum olmuşdu ki, alıcıya məhsulun təqdim edilməsi və çatdırılması, istifadəçilərə biznesin dəyəri və prinsiplərinin izah edilməsi humanitar təhsil almış rəhbərlər tərəfindən daha uğurla həyata keçirilir.

 

 

Humanitar ehtiyac

 

 

Ötən 4 ildə vəziyyət nəinki dəyişib, hətta idarəetmə prosesinə yaradıcı yanaşmaya ehtiyac daha da artıb. ABŞ-ın Əmək Nazirliyinin proqnozlarına görə, 2022-ci ildə 1 milyona yaxın amerikalı müəllimlik fəaliyyəti ilə məşğul olacaq, təqribən 1,1 milyon vətəndaş isə satış şöbəsinin əməkdaşı. Ancaq humanitar sahəyə marağın artımına səbəb tək məktəblər və supermarketlər olmayacaq: yüksək məvacibli biznes-kouçlar, master-klas müəllifləri, satış üzrə menecerlərə ehtiyac da getdikcə artacaq. Top-menecerlərin seçimi üzrə ixtisaslaşmış “Spencer Stuart” şirkətinin funksioneri Marqarita Koşman hesab edir ki, humanitar təhsilli mütəxəssis hər kəslə fərqli dildə danışmağı və fikirlərini daha aydın çatdırmağı bacarır: “Liderlərin kreativliyi, kommunikasiya bacarıqları, empatiya üzərindən idarəetmə qabiliyyəti müasir həyatımızda şirkətin uğurunun əsas səbəblərindən birinə çevrilir”.

 

Müxtəlif statistik məlumatlara görə, şirkət və holdinqlərdəki rəhbər vəzifələrdən təqribən 50%-də humanitar təhsilli idarəçilər “oturur”lar. Amerikalı milyarder Mark Kyuban hesab edir ki, bu tendensiya getdikcə daha da güclənəcək:

 

Təqribən 10 ildən sonra humanitar təhsilli mütəxəssislərə proqram tərtibatçıları və hətta mühəndislərdən daha çox ehtiyac duyulacaq.

 

Kyubana görə, yaxın gələcəkdə bir sıra texniki sahələri süni intellekt öz üzərinə götürəcək, çünki iri rəqəmsal məlumatları daha dəqiq və tez analiz etmə qabiliyyətinə malikdir.

 

“Deloitte” konsaltinq şirkətinin IT-direktoru Larri Kuinlan da Kyubanla həmfikirdir: “Texnoloji cəhətdən hazırlıqlı olmaq artıq yetərli deyil. Lap yuxarıda elə adamlar oturmalıdırlar ki, biznes prosesləri daha yaxşı təsəvvür edir və anlayırlar”.

 

Mütəxəssislərin əksəriyyəti əmindir ki, geniş spektrli humanitar hazırlığı olmayan şəxsin effektiv menecment və liderliyi haqqında danışmaq əbəsdir. Təbii ki, istisna amilini unutmamaq şərtilə.

 

“Rally Health” tibb şirkətinin kadrlar şöbəsinin rəhbəri Tom Ferro HR müstəvisində də məsələyə yanaşmanın dəyişikliyə uğradığını deyir. İzah isə bundan ibarətdir ki, süni intellekt, yəni robotlar nə qədər tez və dəqiq işləsələr də, psixologiya və yaradıcılıq kimi anlayışlar onlara yad olaraq qalacaq. Ferronun fikrincə, insanlara xas bacarıq və qabiliyyətlər yalnız onlara məxsus ola bilər. Yəni robotlar bu sahədə insanlarla rəqabət apara bilməyəcəklər.

 

Rusiyanın Ali Menecment Məktəbinin dekanı Sergey Filonoviç hesab edir ki, “formal məntiq hər bir şəxsdə var. Humanitar təhsil isə intuisiyanın formalaşmasına təkan verir. İntuisiyadan ideyalar doğulur. Məntiqdən qidalanan ideyalardan fərqli olaraq intuisiyadan yaranmış ideyaları təkrarlamaq, təqlid etmək çətindir. Ona görə də biznes sahəsində çalışan şəxsin mütləq humanitar təhsili olmalıdır”.

 

 

Texnologiyada incəsənət

 

 

Bu əlaqəni hiss edib aşkara çıxaran ilk iş adamlarından biri Stiv Cobs olub. 2011-ci ildə ilk “İpad”ı satışa çıxarılanda o deyirdi: “Aplle”nın “mayası tək texnologiya ilə yoğrula bilməz”. Texnologiya yalnız humanitar elmlərlə ittifaq şəklində nəticə verə bilər”.

 

“Vidyard” marketinq startapının təsisçisi Maykl Litt deyir ki, humanitar fakültələrin məzunlarına daha çox etibar edir, nəinki STEM-məzunlara (STEM - Science, Technology, Engineering, Maths - Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat). İş adamının fikrincə, hazırda texnoloji şirkətlərin əksəriyyəti belə edir və bu tendensiya yaxın illərdə dəyişməyəcək: “Yaxşı olardı ki, iş adamlarının özləri də humanitar biliklərə dair çatışmazlıqlarını bərpa etsinlər, fəlsəfə və psixologiyanı öyrənsinlər”.

 

Dünyanın əksər aparıcı korporasiyaları Littin etdiyi məsləhətdən nəticə çıxarırlar. “Microsoft”un Rusiyadakı layihə direktoru Yuliya Mayorova ali prodüsser kurslarına gedir. Maslovanın fikrincə, bu ona imkan verəcək ki, problemlərə fərqli yöndən baxa bilsin, əldə edilmiş bilikləri idarəçilik fəaliyyətində tətbiq etsin. Ümumiyyətlə, Rusiyada aparıcı şirkətlərin CEO-larının incəsənət, rəsm, rəqs, moda, kino dərnəklərinə getmələri adi hal alıb. Ancaq məsələ tək rəhbər heyəti ilə bitmir. Aparıcı şirkətlər personal üçün də müxtəlif mövzulu kurslar və mühazirələr təşkil edir. Məsələn, “İlim” şirkəti əməkdaşları üçün xüsusi “Humanitar” klub layihəsini gerçəkləşdirir. “Ramble”də əməkdaşlar üçün kinoseanslar təşkil olunur, eyni zamanda, dil kursları və mədəniyyətə dair mühazirələrə də yazılmaq olar. İspaniyanın finteks şirkəti “İD Finance”də əməkdaşlara işdən sonra incəsənətə dair mühazirələr oxunur. IT nəhəngi olan KROK-da isə müxtəlif elm sahələri, mədəniyyət və incəsənət xadimləri ilə mütəmadi görüşlər keçirilir.

 

 

Yumşaq güc

 

 

Xatırlayırsınızsa, qəzetimizdə işıq üzü görmüş bir sıra materiallarda da Qərbin biznes və mühəndislik üzrə aparıcı ali məktəb və kolleclərində incəsənət və humanitar bloka dair digər fənlərdən dərslərin keçildiyini vurğulamışıq. Hətta Almaniyanın təhsil sistemində belə humanitar fənlərə ağırlığın salındığını qeyd etmişdik. “Soft skills”, yəni “yumşaq güc”ün əhəmiyyətini dünyanın əksər texnoloji şirkətləri qəbul etməyə başlayıb. “Yumşaq güc” deyərkən humanitar təhsillilər nəzərdə tutulur. “HeadHunter”in araşdırmalarının nəticələrinə görə, IT sahəsində “soft skills”in əhəmiyyəti durmadan artır. İşəgötürənlər yeni əməkdaşla tanış olarkən onun xarici dil bilikləri, işgüzarlığı, sosial intellekti və komandada işləmək bacarığı ilə yaxından maraqlanırlar. “HeadHunter”də hesab edirlər ki, gələcəkdə o rəhbər və menecer uğurlu sayılacaq ki, həm “soft skills”, həm də “hard skills” bacarıqları daha güclü olacaq. Mütəxəssislərin fikrincə, bu tendensiya texniki təhsilliləri təlaşa salmamalıdır. Bununla belə, onlar bilməlidirlər ki, rəhbər karyera pillələri ilə irəlilədikcə, onun sosial bacarıqlara daha çox ehtiyacı olur. İşəgötürənlər liderlərdə məhz bu amili qiymətləndirirlər.

 

Qərbin biznes mühitində hakim olan qənaətə görə, klassik biznes təhsilinin  idarəçilərdə kommunikativ bacarıqlar, emosional intellekt, tənqidi düşüncəni tam şəkildə inkişaf etdirməyə gücü çatmır. Məhz buna görə də dünyanın əksər üzdə olan iri korporasiyaları işçiləri üçün hümanitar elmlər və yaradıcılıq sahələrinə dair korporativ kurslar təşkil edirlər. Teatr, konsert və kinoya birgə səfərlər, sonra isə təəssüratların müzakirəsi geniş yayılmış praktikadır.

 

Şirkətlər tanınmış teleaparıcıları, kino və teatr ulduzlarını mühazirə oxumaq üçün ofislərinə dəvət edirlər.

 

Bir tərəfdən süni intellekt insan fəaliyyətinin əksər sferalarını “işğal” edir, digər yöndən isə humanitar təhsillilər biznes və texnoloji sahədə hakimiyyəti ələ alırlar. Təzadlı deyilmi? Hər bir işlə robot məşğul olandan sonra insan nə edəcək? Süni intellekt və gələcək mövzularında araşdırma aparan əksər futuroloqlar bu sual üzərində “baş sındırır”lar. Həyat isə cavabı özü verir: robot sürətli, dəqiq, məhsuldar olsa da, insan kimi düşünə, yarada, təsəvvür edə bilməyəcək. Deməli, insan idarəetmə, daha dəqiqi, hakimiyyətin yeganə sahibi olaraq qalacaq.

 

 

Rüstəm QARAXANLI