Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Göygöl, Samux, Şamaxı, Naftalan, Goranboy, Yevlax, Şəki, Qəbələ, Oğuz, Bərdə, Ağdam, Tərtər, Kürdəmir,  Zərdab, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.  

 

İmtahanda iştirak edən şagirdlər DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq nəticələrlə tanış ola bilərlər. Belə ki, şagird iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarlarını (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) görmək imkanı əldə edir. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

 

 

DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında martın 3-də keçirilmiş imtahanın nəticələrinə toxunaraq bildirib ki, şagirdlər arasında qiymətləndirmə meyarları ilə maraqlananlar azdır: “Martın 3-də keçirilmiş imtahanın nəticələri aprelin 18-dən etibarən DİM-in saytında yerləşdirilib. Çox təəssüf ki, imtahan nəticələri, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı ürəkaçan deyil. 6 gün ərzində imtahanda iştirak etmiş 37434 nəfərdən 21492 nəfəri öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 9982 nəfər baxıb. Abituriyentlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırırıq ki, imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırıqların doğru cavabları, mümkün həll yolları) şagirdə məxsus səhifədə baxmaq mümkündür. Şagirdlərin nəticələrinin təhlili gələcəkdə onlara müvafiq fənlər üzrə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə kömək ola bilər”.

 

Xatırladaq ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər  fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0 və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir.

 

Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -a vurulur.

 

Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.

 

Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

 

Cədvəl 1

nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

 

nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi

 

 

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 1-3 və 6-7 may 2019-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra 24-26 və 29-30 aprel tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Komissiyada şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Komissiyanın iclasında iştirak edə bilər.

 

Məlumat üçün bildirək ki, 17 və 31 mart tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq. 

 

Ruhiyyə