Bakıda Amerika universitetlərinin sərgisi keçirilib.  “Education USA Alumni Fair” adlı  sərgi  ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası (American Councils for International Education) tərəfindən təşkil olunub.  Sərginin açılışında çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib ki, Birləşmiş Ştatlarda 4,5 min ali məktəb var və  onlar arasında seçim etmək bəzən çətin olduğundan belə tədbirlərin keçirilməsi vacibdir: "ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasına görə fəxr edirik və ümid edirik ki, bu gün sərgiyə gələnlər də onların sıralarında ola biləcəklər".


Sərgi zamanı iştirakçılara  ABŞ universitetlərində təhsil imkanları barədə məlumat verilib. Tədbirdə iştirak edən tələbələrə, şagirdlərə və valideynlərə ABŞ universitetlərinin məzunları ilə görüşmək və onları maraqlandıran suallara cavab almaq imkanı yaradılıb. Məzunlar , eləcə də ABŞ səfirliyinin əməkdaşları  ABŞ universitetlərinin fəaliyyəti, təhsil proqramları barədə ziyarətçilərə məlumat veriblər. Sərgi iştirakçılarına materiallar və bukletlər təqdim olunub.


Qeyd edək ki, sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsət hesab olunur. Ziyarətçilərə  ABŞ-ın  28-dan çox  universiteti  və müxtəlif  təqaüd proqramları təqdim olunub.  

 

Oruc MUSTAFAYEV