VII Respublika müsabiqəsində regionlardan olan iştirakçıların sayı artıb
Rəqabətli dünyanın sərt şərtləri ölkələr qarşısında mühüm vəzifələr qoyur. Müasir dövrün reallıqları belədir ki, elm, elmi tədqiqatlar, innovativ yeniliklər ölkənin gələcək inkişafının bütün palitrasını cızır. Bu palitrada ölkənin hərəkətverici qüvvəsi kimi elm, tədqiqatçılıq bacarıqlarına malik yeni nəslin üzərinə böyük missiya düşür. Təhsilalanlarda gələcək tədqiqatların yoluna işıq salacaq kreativ düşüncənin formalaşması elmi innovasiyalardan keçir.
Elə fevralın 14-də Azərbaycan Texniki Universitetinin İdman Sarayında keşirilən “Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimində yaşananlar da bu reallığı tam əks etdirirdi. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Sabahın alimləri elm və təhsil prizmasından
Tədbirdə iştirak edən qonaqları salamlayan təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov şagirdlərimizin elmi potensialına həsr olunmuş “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin final mərhələsinin başlanması münasibətilə təbriklərini çatdırıb. C.Bayramov qloballaşan dünyada elmi-tədqiqatların inkişaf etdirilməsinə mühüm əhəmiyyət verildiyini, gənclərin təşəbbüslərinin dəstəkləndiyini bildirib. Dünyanın müasir çağırışlarını, elm və təhsil prizmasından inkişaf meyillərini, trendləri təhlil edərək, kreativ düşüncənin formalaşdırılması, elm və təhsilin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə bu çağırışlara cavab verən yüksək bilikli cəmiyyətin formalaşması istiqamətində gənclərimiz qarşısında tamamilə yeni vəzifələr durur. Bu baxımdan, ölkəmizdə təhsil siyasətinə uyğun olaraq yaradıcı gənclərin potensialının müəyyən edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəkdə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi qarşımızda duran prioritet vəzifələrdən hesab olunur. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Onların arasında “Sabahın alimləri” müsabiqəsi xüsusi önəmliyi və vacibliyi ilə seçilir. Bu müsabiqə şagirdlərimizə kreativ düçüncə, bizi əhatə edən mühitdə mövcud olan problemlərin araşdırılması və onların həlli istiqamətində tədqiqatçılıq bacarıqları verir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir. C.Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb.
“Sizin hər biriniz qalibsiniz...”
“Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu il ötən illərlə müqayisədə rekord sayda - 528 şagird tərəfindən 336 layihə təqdim edilib. 229 şagird tərəfindən təqdim olunmuş 150 layihə ilkin seçim turundan keçib və müsabiqənin final turuna vəsiqə qazanıb”, - deyə C.Bayramov bildirib.
C.Bayramov qeyd edib ki, elmi müəssisələrin nümayəndələrindən ibarət münsiflər heyəti müxtəlif istiqamətlər üzrə layihələri qiymətləndirəcək və qaliblər müəyyən ediləcək. Qaliblərə müsabiqənin təşkilatçıları tərəfindən pul mükafatları, hədiyyələr və medallar təqdim olunacaq. Nəhayət, 3 seçilmiş qalib öz layihəsi ilə Azərbaycanı ABŞ-da keçiriləcək Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcək.
Nazir müavini sərginin açılması münasibətilə şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.
Daha sonra qonaqlar müsabiqəyə təqdim olunmuş layihələri əks etdirən stendlərlə tanış olublar.
Stendlərlə tanış olduqca şagirdlərin bir-birindən maraqlı tədqiqat məhsulları onların elmə olan marağının sonsuzluğunu hiss etmək olardı. Şagirdlər nüfuzlu ali məktəblərin rektorları qarşısında layihələri barədə həyəcan və sevinclə danışırdılar.
“Sabahın alimləri” dünyanın nüfuzlu universitetlərində təhsil alır
Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Bu il 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 259 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109-dur.
“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Son 6 il ərzində müsabiqədə 928 şagird iştirak edib, onlardan 450 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 22 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Oruc MUSTAFAYEV