ABŞ-da çalışan azərbaycanlı müəllimin təlim metodu maraqla qarşılanıb
Dünyanın müxtəlif ölkələrində yaşayan və müəllimlik missiyasını özünün şərəfli işi hesab edən soydaşlarımız öz fəaliyyətləri ilə qürur mənbəyidir. Vətəndən uzaqlarda olmalarına baxmayaraq daim ölkəmizi, mədəniyyətimizi, adət-ənənələrimizi məskunlaşdıqları ölkələrin şagirdlərinə çatdıran, onlara müəllimilk edən həmvətənlərimizdən biri də ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan Naseh Mirqələm oğlu Mirizadədir. Naseh hazırda ABŞ-ın Hyuston ştatındakı orta məktəbdə (John E.Codwel School) işləyir. Amerikalı uşaqlara riyaziyyat fənnini tədris edir.
Hyustonun digər məktəblərində olduğu kimi, adıçəkilən təhsil müəssisəsində də hər həftəsonu tədris olunan mövzularla əlaqədar testlər keçirilir, altı həftədən sonra hər valideynə şagirdin bütün fənlərdən aldığı qiymətlərin nəticələri, eləcə də davranışı məktub vasitəsilə bildirilir (bu, “Report card” adlanır). Şagirdlər gündəlik qiymətləndirilmir, 70-dən aşağı, yəni 69 balqeyri- kafi, 70-80 kafi, 80-90 yaxşı, 95-100 bal isə əla qiymətlərdir. Bu qiymətləndirmə “Report card”da göstərilir. Bütün şagirdlər III sinifdən başlayaraq ilin sonunda sinifdən-sinfə keçərkən STAAR-The State of Texas Assessments of Academic Readiness (Texas Ştatında Akademik Hazırlığın Qiymətləndirilməsi) testlərini verməlidirlər.
Şagirdlərin test qiymətləndirməsinə hazırlığı onların təlim nəticələrinə və davamiyyətinə mühüm təsir edir. Nasehin öz yetirmələrini test qiymətləndirməsinə xüsusu hazırlıq metodikası təhsil ocağının rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb. Məktəb rəhbərliyinin azərbaycanlı müəllimə ünvanladığı təşəkkür məktubunda bildirilir: “Bizim valideynlərimiz, müəllimlər, məktəbin inzibatı heyəti və əməkdaşlar şagirdlərimizin qarşıdakı STAAR- testlərinə hazırlığının əhəmiyyətini, həmçinin bununla bağlı yarana biləcək stress hallarını anlayırlar. Tədqiqatlar göstərir ki, tələbələr nə vaxt ki, yaxşı əhvali-ruhiyyədədir və onlarda gərginlik hissi yoxdur, daha yaxşı oxuyur və öyrəndiklərinin məzmununu yadda saxlayırlar. Bununla belə, bizim beşinci sinif riyaziyyat müəllimi cənab Mirizadə dərsdənkənar və auditoriyada müxtəlif tədris strategiyalarını və tədbirləri tətbiq edərək STAAR Math-a hazırlaşan şagirdlərimizi üzləşə biləcəkləri stressi aradan qaldırmağa çalışır. Əlbəttə ki, Mirizadənin son məqsədi ona yönəlib ki şagirdləri STAAR testindən müvəffəqiyyətlə keçsinlər, oxumağa həvəsləri artsın. Cənab Mirizadəyə şagirdlərimizi uğura aparmq cəhdinə görə sağ ol deyirik”. Nasehin şagirdləri ilə test qiymətləndirməsinə hazılrıq mərhələsi məktəbin internet və facebook səhifələrində yerləşdirilib və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Azərbaycanlı müəllimin təlim metodunu təqdir edən izləyicilər öz rəylərində “Bizə sizin kimi müəllimlər lazımdır” yazıblar.
“Azərbaycan müəllimi” qəzetinə verdiyi açıqlamada Naseh Mirizadə qeyd edib ki, “State of Texas Assessments of Academic Readiness” (STAAR) qiymətləndirməsinə əsasən hər il 3-cü sinifdən başlayaraq yuxarı siniflər də daxil olmaqla bütün şagirdlər bu testdən keçməlidir. “Testdən keçə bilməyənlər növbəti sinfə keçmir, onlar may ayının sonunda məktəblər yay tətilinə çıxdıqdan sonra dərslərini davam etdirir. Bu, “Summer School” (Yay məktəbi) adlanır. Onlara iyunun sonunda yenidən bu testi vermək üçün imkan yaradılır. Amma, təəssüflər olsun ki, hər məktəbin “Summer School”u yoxdur. İşlədiyim məktəb “Harmony Science Academy” adlanır. Bu məktəbin də “Summer School”u yoxdur”.
N.Mirizadənin sözlərinə görə, maraqlı məqamlardan biri testlərlə bağlıdır. Məktəblər qış tətilindən qayıtdıqdan sonra testlərə hazırlıq başlanır. “Dərslərə pis hazırlaşan şagirdlər üçün hər 6-cı gün əlavə dərslər keçilir (məktəblər 5 günlükdür, həm də birnövbəlidir). Test olan gün məktəbə kənar şəxslərin giriş-çıxışı qadağandır, həmin gün heç bir valideyn uşağını test qurtarmayınca tez götürə bilməz. Bu barədə əvvəlcədən onlara məktub vasitəsilə bildirirlər. Heç bir müəllimə məktəbin binasından çıxmağa icazə verilmir. Bütün müəllim və şagirdlərə özləri ilə yemək gətirmək tapşırılır. Şagirdlər yeməyi elə sinifdəcə yeyirlər. Hər yerdə “Sakit, test gedir” yazılır. Məktəbin içində olanlara hətta binada gəzişməyə də icazə verilmir”.
Mühüm məqamlardan biri də odur ki, testləri müvəffəqiyyətlə verən şagirdlərin müəllimləri yeni dərs ilində pulla mükafatlandırılır. Bu məbləğ maaşa aid deyil. Artıq Naseh bir neçə ildir ki, şagirdləri yüksək nəticə göstərdikləri üçün bu mükafata layiq görülüb. Mükafatın məbləği 1000-3000 dollar arasında dəyişir. Bu nəticələr müəllimin şagirdlərinə yaxşı bilik aşıladığını göstərir, hətta gələcəkdə müəllim təqaüdə gedəndə onun alacağı məbləğdə artım olur.
Qeyd edək ki, Naseh Mirqələm oğlu Mirizadə 1987-ci il sentyabrın 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsində müəllim ailəsində anadan olub. Nasehin atası Mirqələm müəllim Zəngilan rayonu ermənilər tərəfindən işğal olunana qədər Cahangirbəyli kənd və Mincivan natamam orta məktəblərində ingilis dili fənnini tədris edib. İşlədiyi müddətdə “Baş müəllim” adına layiq görülüb və “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunub. Ailə 1993-cü ildə, rayon işğal edildikdən sonra Bakıya köçüb. Mirqələm müəllim Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. O, “ali kateqoriya”lı müəllim adına layiq görülüb. Anası Nigar Əliyeva da Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində coğrafiya fənnini tədris edib. Bakıya köçdükdən sonra 271 nömrəli tam orta məktəbdə coğrafiya və tarix müəllimi işləyib. Naseh ilk təhsilinə 271 nömrəli tam orta məktəbdə başlayıb. 1998-ci ildə IV sinfi başa vurduqdan sonra ailəsi ilə Amerika Birləşmiş Ştatlarına köçüb. Orta məktəbi ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində bitirib. 2013-cü ildə Hyuston Universitetini bitirən Naseh hazırda Hyustonda orta məktəbdə riyaziyyat və dünyəvi biliklər (Science) fənnini tədris edir.
Oruc MUSTAFAYEV