2019-cu ildə ölkəmizi İntel İSEF-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək.

 

 

12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsi 12-14 fevral 2019-cu il tarixlərində Bakı şəhərində keçirilib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müsabiqənin müxtəlif mükafatlarına layiq görülüb.  Müsabiqənin qalibləri sırasından seçilən ən ümidverici gənclərimiz ABŞ-da, hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin iştirak etdiyi İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.

 

2018-ci ildə ABŞ-ın Pitsburq şəhərində keçirilən müsabiqədə akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin hazırladıqları “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində xüsusi mükafatına layiq görülüb.

 

Həmçinin həmin liseyin digər şagirdləri Adnan Bünyatov və Əliağa Abdullayevin hazırladıqları “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” adlı layihə “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi – Kiçik Elmi Akademiyası tərəfindən mühüm tədqiqat kimi 1000 ABŞ dolları məbləğində xüsusi mükafata layiq görülüb.