Valideynlərin təhsil müəssisələri ilə daha sıx əlaqə qurması zəruridir


Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi, hadisənin cəmiyyətdə yaratdığı rezonans, intihar faktına münasibət və sosial şəbəkədə yayılan bir sıra görüntülərin mediada əksini tapma şəkli ilə bağlı dünən Azərbaycan Mətbuat Şurası geniş müzakirə təşkil edib. Öncə Mətbuat Şurasının sədri Əflatun Amaşov istər sosial şəbəkələrdə, istərsə də mətbuatda yayılan məlumatlardan narahatlığını ifadə edib. O, intihardan sonra məktəbdə və aparıldığı xəstəxanada məktəbliyə olan münasibətə toxunaraq yayılan məlumatları şayiə adlandırıb və Səhiyyə Nazirliyinin məlumatına istinad edərək intihar vaxtı ilə xəstəxanaya yerləşdirilmə vaxtı arasında cəmi yarım saat vaxt olduğunu qeyd edib. Aprelin 6-da Səbail Rayon Prokurorluğunda cinayət işi açıldığını xatırladıb.

 

“Valideynlərin çoxu bir məktəblinin intiharı ilə bağlı xəbəri öz uşaqlarından eşidib”, - deyən Şura sədri hadisəyə və onunla bağlı münasibətlərin yayılmasına müxtəlif prizmadan yanaşmalar olduğunu vurğulayıb. Onun fikrincə, informasiyanı çatdırarkən bunun uşaqlar üzərində təsiri mütləq nəzərə alınmalıdır.

 

 

“Bu, cəmiyyətdən doğan problemdir”

 

 

Millət vəkili Fazil Mustafa hesab edir ki, cəmiyyəti sarsıdan bu və ya başqa məsələ ilə bağlı mətbuatda nəyi verib-verməmək müasir dövrdə müzakirə olunmamalıdır: “Mətbuat azaddır. İstənilən xəbəri verə bilər. Əsas odur ki, verilən xəbər üzərindən hər hansı qeyri-qanuni çağırışlar olmasın. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində ictimai təhlükəli sayılan əməllərlə bağlı konkret maddələr var. Mətbuatın narkotik vasitələrin istifadəsinə, qeyri-qanuni hər hansı fəaliyyətə çağırış olmayan, dövlət sirri sayılmayan istənilən məlumatı vermək hüququ var. Cəmiyyətdə baş vermiş hadisənin gizlədilməsi mümkün deyil. Belə bir xəbərə mətbuat orqanının biri göz yumsa da, başqası yayacaq. Sadəcə, bunun hansı niyyətlə verilməsindən söhbət gedə bilər. İntihara çağırış yoxdursa, sadəcə informasiya kimi verilirsə, burada mətbuat orqanını qınamağa dəyməz. Təbii ki, medianın yaxşı alternativləri təbliğ etmək imkanı var. Ancaq birmənalı olaraq qəbul etməliyik ki, media, sayt, televiziya informasiya yayıcıdır. İslah etmək, tərbiyələndirmək, cəza vermək medianın funksiyası deyil. Hazırda cəmiyyət olaraq medianın funksiyasını çox qəribə məcraya yönəldirik.  Ona görə də medianın azadlığını pozmadan məktəblə valideyn arasında münasibətləri müzakirə etməliyik”.

 

İnsan idarə edən şəxslərin seçiminə xüsusi həssaslıqla yanaşılmasının önəmini vurğulayan millət vəkili konkret hadisədə məktəb direktorunun günahlandırılmasını, bu kimi hadisələrdə direktorun, müəllimin, məktəbin günahkar kimi göstərilməsinin doğru olmadığını vurğulayıb: “Bu, cəmiyyətdən doğan problemdir. Küçədə, metroda müxtəlif münasibətlərlə qarşılaşırıq. Hansısa söz, ya da hərəkətin  xoşumuza gəlməməsi intihar üçün səbəb ola bilməz. Ona görə də hadisə məktəbdə baş verdiyi üçün məktəblərin suçlanması doğru deyil. Bu hadisə cəmiyyətdən doğan hadisədir. İnsanların xaraktercə özünü cəmiyyət həyatının kataklizmlərinə, çətinliklərinə hazırlaya bilməməsinin nəticəsidir”.

 

F.Mustafa valideyn-məktəb münasibətlərinə də toxunub. Bir çox hallarda valideynin qorxusundan müəllimlərin uşağa irad bildirmədiyini söyləyən millət vəkili müəllimin nəinki şagird üzərində, həm də valideyn üzərində dəyərini qaldırmağın əhəmiyyətini qeyd edib. 

 

“Müəllim təsir imkanı olduğu halda müdaxilə etməsəydi, günahkar sayıla bilərdi. Bu halda isə məktəbi və müəllimi günahlandırmaq düzgün deyil”.  

 

Bakıda bütün çay evlərinə, kafelərə qəlyan qoxusundan yaxınlaşmağın mümkün olmadığını vurğulayan millət vəkili bunun nəticəsinin intihar olmasını qaçılmaz hesab edir: “Qanun qəbul eləmişik, icra edə bilmirik. Reklam əleyhinə, tütün əleyhinə qəbul etdiyimiz qanunlar kağız üzərində qalıb. Məsələn,  köşklərin qarşısında siqaret qutularının qoyulması təhrikedici olduğu üçün reklam sayılmalıdır. Qanunla qəbul edilən bu tələbə heç kim riayət etmir. Dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq, məktəblərin 100 metrliyindən qəlyanxanaları, siqaret köşklərini yığışdıra bilmədik. Əksinə, məktəblərin qarşısında dənə ilə siqaret satılır. Bunun nəticəsidir ki, nəinki oğlanların, siqaret çəkən qızların da faizi getdikcə artır”.

 

 

“Media bu məsələdə suçlu tərəflərdən biri olmağa doğru gedir”

 

 

ONA agentliyinin rəhbəri Vüsalə Mahirqızı ən inkişaf etmiş ölkələrdə - Böyük Britaniyada, Skandinaviya ölkələrində intiharların, xüsusən yeniyetmə və gənclərin intiharının çoxluq təşkil etdiyinə diqqət çəkərək, Azərbaycanda istisna təşkil edən bu cür faktlara həssas münasibəti təqdiralayiq qiymətləndirib: “Bu faktla bağlı istənilən halda ailənin məsuliyyəti var. Ancaq bu ailənin uşağına göstərilən psixoloji təzyiqlər də digər ailələrdən gələn uşaqlardır. Bu, belə hadisələrdə ailənin rolunu göstərir”.

 

Hadisənin, xüsusən intihar anı videolarının, uşağın şəxsi həyatı ilə bağlı materialların yayılmasını yolverilməz hesab edən V.Mahirqızı həmin media orqanlarına müəyyən sanksiyaların tətbiq edilməsinin tərəfdarıdır: “İntihar edən şəxsin qeyri-ənənəvi həyat tərzi intihara bəraət qazandırmır. Media bu məsələdə suçlu tərəflərdən biri olmağa doğru gedir. Məni bu məsələdə ən çox narahat edən budur”.

 

Media qurumunun rəhbəri bu cür hadisələrin ictimailəşdirilməsinin arxasında duran səbəblərə də diqqət çəkib: “Hadisə baş verəndən sonra əlaqədar qurumlar operativ münasibət bildirməlidir. Konkret olaraq bu faktda da istər Təhsil Nazirliyi, istər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, istərsə də hüquq-mühafizə orqanlarından belə bir münasibət olmalı idi. Əsasən bunun əksi müşahidə olunduğundan, ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, bir hadisə ictimailəşməyəndə ona dövlət qurumlarında ədalətli münasibət göstərilmir”.

 

Millət vəkili və baş redaktor Hikmət Babaoğlu qeyd edib ki, bu məsələdə sadəcə məktəbi, ya da ailəni günahlandırmaq olmaz: “Çünki bu məsələdə hamımız, cəmiyyət günahkardır. Hər bir fərd ictimai mühitin yetirməsidir”.

 

H.Babaoğlu düşünür ki, bu məsələdə günahlandırılacaq ən son qurum  mediadır: “Media nümayəndəsi olaraq soruşuram: Məktəbin müşahidə kamerası ilə qeydə alınmış görüntülər mediaya necə gəlib çıxıb? Bu görüntülərin sosial şəbəkələrə necə düşdüyünü araşdırmırıq, medianı onu paylaşmaqda qınayırıq”.

 

 

O məktəbdə də “Məktəblinin dostları” olsaydı...

 

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bir sıra məktəblərdə məktəblinin dostlarının fəaliyyətinə diqqət çəkib. Məktəblərdə baş verən neqativ hadisələrin aradan qaldırılmasında, xüsusən müzakirəsi gedən hadisəyə bənzər faktların qarşısının alınmasında məktəblinin dostlarının uğurlu tədbirlərinin olduğunu vurğulayan Rəşad Məcid “Bu məktəbdə də “Məktəblinin dostları” olsaydı, başqa cür vəziyyət olardı” deyib.

 

Əməkdar jurnalist Azər Həsrət mediada informasiyaların yayılmasında “kirlilik” amilinə toxunaraq, məktəblinin intiharı ilə bağlı faktda da bu münasibətin olmasına təəssüfləndiyini deyib. O, məktəb direktorunun yayılan səs yazısına müdaxilə olunduğunu deyib: “Məktəb direktorunun səs yazısını, yəqin ki, hamı dinləyib. Orada direktor guya məktəbli barədə “pozğun ailənin övladı” olduğunu deyir. Lakin əslində, səs yazısının orijinalında direktor uşağın psixoloji pozğun, problemli ailənin uşağı olduğunu söyləyib”.

 

“Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva isə bu qənaətdədir ki, bu cür hadisələr məktəblə ailənin təmasının zəif olmasından qaynaqlanır: “Məktəbin məsuliyyətini öz üzərinə götürən direktorla övladı həmin məktəbdə təhsil alan valideynin məsuliyyəti eynidir. Ona görə də hər ikisi bunun ağırlığını öz çiynində hiss etməlidir. Hər birimiz tərbiyə məsələsində səbrlə, təmkinlə davranmalıyıq. Valideynlər bir şeyi unutmamalıdır: istəyirsinizsə ki, məktəblər övladlarınızı arzuladığınız şəkildə yetişdirsin, o zaman həftənin bir günü məktəbə baş çəkin. Sinif rəhbəri ilə əlaqə saxlayıb uşağınızla maraqlanın. Bircə məsələyə diqqət yetirmək lazımdır: məktəblə ailə bir olmalıdır. Uşaq müəllimdən valideynə şikayət edəndə ata-ana ilk növbədə müəllimi müdafiə etməli, sonradan müəllimdən ayrılıqda arayış tələb etməlidir”.

 

S.Vəliyevanın fikrincə, valideyn uşağın hər addımından xəbərdar olmalıdır: “Müəllim də, valideyn də uşaqların dostu olmalıdır”.

 

Beləliklə, qızğın müzakirə, fərqli fikirlər, maraqlı mülahizələr şəraitində cəmiyyətin qabaqcıl nümayəndələri hadisəyə münasibətini açıqladı. Bu faktdan hər bir valideynin, hər bir məktəbin, hər bir müəllimin nəticə çıxarmalı olduğu vurğulandı.  Müzakirə iştirakçılarının qənaəti belə oldu ki, heç bir halda məktəb hədəf olmamalıdır. Cəmiyyətin yaratdığı problemin mənfi təsirini məktəblə valideynin birgə işi ilə azaltmaq mümkündür.

 

 

Ruhiyyə DAŞSALAHLI