Onlara karyera təlimləri keçiləcək
16-18 fevral 2018-ci il tarixlərində Qubada növbəti SABAH Karyera Qış Məktəbi layihəsi keçiriləcək. Bununla əlaqədar olaraq Təhsil Nazirliyində SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış Məktəbi layihəsi iştirakçıları ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə Qış Məktəbi layihəsi haqqında iştirakçılara ətraflı məlumat verib.
Layihənin sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıdığını bildirib. Bu il də layihənin səmərəli olacağına ümidvar olduğunu deyən Ş.Seyidzadə onu da qeyd edib ki, 100-ə yaxın tələbənin iştirak edəcəyi Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb. Dövlət və özəl sektorlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. O, belə layihələrin gənclərin uğurlu karyera qurmasında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Gənclərə bu kimi layihələrdən maksimum dərəcədə faydalanmağı bildirən nazir müavini karyera inkişafı istiqamətində onlara bir sıra tövsiyyələr verib. Nazir müavini onu da deyib ki, SABAH qrupları ali təhsil sistemində yeganə genişmiqyaslı islahat layihəsidir. Bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi SABAH qrupları layihəsinin fəaliyyətində öz əksini tapıb. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub. Məzunların 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi daimi və ya qeyri-daimi işlə təmin edilib.
“Qış məktəbi”ndə iştiraka hazırlaşan bir neçə tələbə təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüb. Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Aidə Alıyeva bu qruplarda təhsil aldığı üçün özünü şanslı hesab edir. O, SABAH qruplarının Azərbaycan alı təhsil sistemində bir brend oldugunu deyir: “SABAH Karyera Qış Məktəbi layihəsinə çox böyük ümid bəsləyirəm. Düşünürəm ki, burada iştirakım karyera qurmagıma, ümumiyyətlə, gələcək həyatıma müsbət təsir edəcək. Çalışacağam ki, bu təlimlərdən maksimum yararlanım”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Aytən Qəhrəmanzadə də bu qruplardakı təhsilin digərlərindən fərqləndiyini düşünür: “SABAH Karyera Qış Məktəbində seçilən tələbələr iştirak edir və mən də iştirakçı oldugum üçün sevincliyəm. Düşünürəm ki, bu məktəb zamanı təkcə karyera ilə baglı deyil, bir çox bilik əldə edəcəyəm. Müxtəlif Startaplar vasitəsilə karyeramızı necə inkişaf etdirəcəyimizi öyrənəcəyik”.
Azərbaycan Dövlət İqtisad Universitetinin digər tələbəsi Zülfü Fərəcli SABAH Karyera Qış Məktəbi layihəsinin tələbələr üçün çox faydalı olacağına ümidvar olduğunu deyir: “Ötən il bu layihədə iştirak edən dostlarım var. Onlar “Qış məktəbi”nin yüksək səviyyədə təşkil edildiyini və burada iştirakımın çox vacib olduğunu dedilər. SABAH qruplarındakı təhsilin, yaradılan mühitin yüksək səviyyədə olduğunu nəzərə alaraq “Qış məktəbi”nin də səmərəli olacağını düşünürəm”.
Xatırladaq ki, ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkət (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və təlimçilər “Qış məktəbi”nin təşkilinə yaxından dəstək olublar.
Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.
Niyazi RƏHİMOV