Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yerli və xarici ekspertlər tərəfindən master-klass təlimləri keçirilir.
Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisəsinin müəllim-pedaqoji heyəti, tələbələr və layihənin nümayəndələri iştirak edir.
Master-klass təlimləri aprelin 6-da da davam edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq mütəxəssislər tərəfindən təqdim edilmiş müasir avadanlıqların istifadəsi qaydaları ilə tanışlıqdır.
Layihə çərçivəsində mərkəzdə tədris olunacaq yeni “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Dağ mədən işləri üzrə mütəxəssis”, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis”, “Plastik boru qaynaqçısı”, “Tornaçı” ixtisasları üzrə müasir standartlara cavab verən emalatxana yaradılıb və lazımi avandanlıqlarla (CNC maşınlar, böyük politilen və etilen plastik qaynaq avadanlıqları, soyutma və isitmə avadanlıqları, ölçmə cihazları, torna cihazları və s.) təchiz edilib.