“Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb


Məlumdur ki, müasir dövrün ən mühüm vəzifələrindən biri yüksək ixtisaslı, intellektual cəhətdən kamil, peşəkar səriştə və bacarıqlara malik insan potensialının yetişdirilməsidir. Biliklər iqtisadiyyatına əsaslanan indiki inkişaf xüsusən də ali təhsil sistemində elmi potensialın və alimlərin elmi yaradıcılığının stimullaşdırılmasını, elmi məhsulların kommersiyalaşdırılmasını nəzərdə tutur. Bu mənada  universitet  alimlərimizin nüfuzlu elmi bazalarda  indekslənən jurnallarda  keyfiyyətli  elmi  məqalələrlə dərc olunması və  onlara olan istinadlar ali təhsilin ciddi keyfiyyət göstəriciləridir.

 

Məhz bu reallığı nəzərə alan Təhsil Nazirliyi Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada  gücləndirilməsinə nail olmaq üçün 2015-ci il dekabrın 22-də dünyada məşhur elmi platforma olan Thomson Reuters (indiki Clarivate Analytics) şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi ilə əməkdaşlıq  müqaviləsi imzalayıb. “Clarivate Analytics” elmi bazasına çıxış və bu qurumla əməkdaşlıq Azərbaycanda elmin inkişafına güclü təkan verib, beynəlxalq əməkdaşlığın inkişafına, ölkəmizin ali təhsil müəssisələrinin, yerli tədqiqatçıların nəşrlərinin sayının artmasına imkan yaradıb.

 

Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda, professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, alimlərimizin imic və reputasiyasının gücləndirilməsi və ən əsası, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsi qarşıya məqsəd qoyulub.

 

Bu əməkdaşlıq isə artıq öz töhfələrini verib. Belə ki, “Clarivate Analytics”  şirkətinin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.  

 

Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib.

 

2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz, həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə artıb. 

 

Qeyd edək ki, əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Məlumdur ki,  universitetlərin beynəlxalq reytinq siyahılarının hazırlanması zamanı nəzərə alınan meyarlar arasında ali təhsil müəssisələrinin elmi fəaliyyətinin nəticələri həlledici çəkiyə malikdir. Dünyanın aparıcı reytinq agentlikləri universitetlərin elmi fəaliyyətinə dair məlumatları əsasən “Web of Science®” bazasından birbaşa əldə edirlər. Bu baxımdan sözügedən bazaya daxil olan məqalələrin, xüsusilə də həmin məqalələrə edilən istinadların sayının artması ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına ciddi təkan verəcək.

 

 

Oruc MUSTAFAYEV