Aprel ayının 1-dən ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start veriləcək. 5 gün ərzində elektron sənədlərin qəbulu həyata keçiriləcək. Aprelin 5-də bitəcək elektron müraciətdən sonra sənədlərin emalı həyata keçiriləcək. Qeydiyyatdan keçən namizədlər aprelin 15-22-də müsahibələrə dəvət ediləcək. Bu barədə “Təhsil” televiziyasının “Təməl” verilişində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri maraqlandıran suallara aydınlıq gətirərkən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, müsahibənin vaxtı müraciət edənlərin sayından asılı olaraq dəyişə də bilər. Lakin prosesin aprel ayının sonunadək yekunlaşacağı nəzərdə tutulub.
E.Bağırov bildirib ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlərin aprelin 1-dən 5-dək http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçmələri şərtdir. Qeydiyatdan keçməyənlər müsahibə mərhələsinə dəvət edilmirlər. O qeyd edib ki, sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.
Müsahibə proqramı və materialları barədə məlumatları http://www.miq.edu.az/muqavile/ saytından əldə etmək mümkündür.
Xatırladaq ki, ötən tədris ilindən başlayaraq tətbiq olunan bu müsabiqədə mərkəzləşdirilmiş işə qəbul imtahanlarının test mərhələsində müvafiq keçid balını toplayıb tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər. Qeydiyyat mərhələsindən keçən müəllimlər müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçənlərlə növbəti tədris ilindən daimi əsaslara müqavilə bağlanır. Müsahibədən keçməyənlərin əvvəlcədən bağladıqları müddətli müqavilə qüvvədə qalır və həmin müqavilədə nəzərdə tutulmuş müddət ərzində işə davam edə bilirlər.
Ruhiyyə Daşsalahlı