SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlı


Aprelin 3-də Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. Tədbirdə hər iki nazirliyin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.

 

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əməkdaşlıq memorandumu 5 illik dövrü əhatə edəcək. Onun sözlərinə görə, memorandum işəgötürənlərlə təhsilalanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni bir layihədir: “Bu layihə ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur. Bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək. İnsan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbi nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq”.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, XXI əsrdə insan kapitalına böyük əhəmiyyət verilir. İnsan kapitalını formalaşdıran ən əsas amil təhsil, ikinci əsas amil isə təcrübədir: “İnsan bilik, bacarıqlara təcrübə yolu ilə yiyələnməlidir. Bu gün imzaladığımız bu memorandum da tələbələrə məhz bu imkanı qazandıracaq. Tələbələr Vergilər Nazirliyi və onun strukturlarında təcrübə keçmək imkanı qazanacaq, beləliklə də fəaliyyətini daim yeniləşdirən, təkmilləşdirən, islahatlar aparan bir sahə ilə tanış ola biləcəklər. Ali məktəblərdə fəaliyyət göstərən müəllimlər də Vergilər Nazirliyinin təşkil etdiyi treyninqlərdə iştirak edəcək və bununla da yeniliklərdən xəbər tutacaqlar. Vergilər Nazirliyində və bütövlükdə vergi sistemində yüksək səviyyəli mütəxəssislər çalışır. Onların da təshil prosesində iştirakı mümkündür və bu əməkdaşlığımız təhsilin keyfiyyətin yüksək təsir göstərə bilər”.

 

Nazir müavini “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas inkişaf istiqamətlərindən və həmin istiqamətlər üzrə həyata keçirilən tədbirlərdən də danışıb. O qeyd edib ki, son 10 ildə 3000-dən çox məktəb tikilib və yenidən qurulub: “Təkcə ötən il 100 modul məktəb istifadəyə verilib. Bu il isə 137 modul məktəb quraşdırılacaq”.

 

Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən də danışan nazir müavini bidlirib ki, 2014-cü ildən indiyədək Azərbaycanın orta məktəblərində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların əmək haqları iki dəfə artırılıb. Ucqar kəndlərdə çalışan müəllimlər üçün stimullaşdırıcı tədbirləri xüsusi qeyd edib.

 

Təhsildə həyata keçirilən islahatlarda əməkdaşlıqların əhəmiyyətini də önə çəkən F.Qurbanov Vergilər Nazirliyi ilə əməkdaşlığa xüsusi əhəmiyyət verib. Texnologiyaların yüksək sürətlə inkişaf etdiyi bir dövrdə rəqabətədavamlı kadrların hazırlanmasında SABAH qruplarının yaradılmasını və Vergilər Nazirliyinin qrupa dəstəyini xüsusi qeyd edib: “721 nəfər SABAH məzunundan 53 faizi magistraturaya qəbul olunub. Magistraturaya qəbul olunanların 16 faizi təhsilini xaricdə davam etdirəcək. Məzunların 30 faizi işlə təmin olunub. Bu, çox yaxşı göstəricidir”.

 

F.Qurbanov deyib ki, Vergilər Nazirliyi ilə memoranduma əsasən, əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq. Müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtibi və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara cəlb ediləcəklər. Layihə elm, təhsil və təcrübənin bir-birini tamamlamasına xidmət edəcək və gələcək peşəkar kadrların yetişdirilməsinə böyük təkan olacaq.

 

SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə məlumat verib ki, SABAH layihəsi artıq 12 ali təhsil müəssisəsində 2300 tələbəni əhatə edir. Onun sözlərinə görə, SABAH qruplarında təhsil almaq hərtərəfli inkişaf deməkdir.

 

Ş.Seyidzadə Təhsil və Vergilər nazirlikləri arasında imzalanan memorandumu ölkədə insan kapitalının yetişməsində iki dövlət təşkilatının verdiyi töhfə hesab edib.

 

Sonra Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.

 

Ruhiyyə Daşsalahlı