Təhsil Nazirliyi tərəfindən martın 11-dən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu davam edir.
Bu ildən etibarən müsabiqəyə sənəd qəbulu tam elektron formada www.grants.edu.az portalı vasitəsilə aparılır. Təhsil Nazirliyi tərəfindən yeni yaradılan portaldan istifadə qaydalarını və ümumilikdə müsabiqəyə müraciət şərtlərini ümumi təhsil müəssisələri və pedaqoji işçilər arasında təbliğ etmək məqsədilə bütün rayonları (şəhərləri) əhatə etməklə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Lənkəran, Quba və Salyan rayonlarında görüşlər keçirilib.
Görüşlərdə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) 800 nəfərə yaxın əməkdaşı, ümumi təhsil müəssisələrinin direktorları və pedaqoji işçiləri iştirak ediblər.
Görüşlər zamanı iştirakçıların suallarına ətraflı cavab verilib və yeni yaradılan portaldan istifadə qaydaları praktik üsullarla izah edilib.
Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu cari ilin aprelin 1-dək davam edəcək.