Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə dair təlim təşkil olunub.
Təlimin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, onlara layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr verməkdən ibarətdir.
Layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı keçirilən təlimdə BŞTİ-nin İnkişaf layihələri, Maliyyə və mühasibatlıq sektorlarının nümayəndələri, məktəb direktorları, direktor müavinləri və müəllimlər iştirak edib.
Təlim zamanı layihələrin yazılması, idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə danışılıb. Həmçinin, müsabiqədə iştirak etmək üçün qeydiyyat, tələb olunan sənədlər və digər məsələlər ilə bağlı yaranmış suallar cavablandırılıb, layihələrin yazılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər.