Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları” başa çatıb.
“Məktəb seminarları”nın sonuncu sessiyaları Sabunçu rayonunun 47 ümumi təhsil müəssisəsini əhatə edib.
Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.
“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev “Məktəb seminarları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacib olduğunu bildirib.
Rəşad Tağıyev çıxışı zamanı, həmçinin ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, layihələrin icrası, davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.
İdarə müdiri həmçinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin təşkili və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.