AzMİU-nun “Qış məktəbi”ndə bir gün


Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində auditoriyalardan biri. Dərs gedir. Maraq və həyəcan dolu baxışlar Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Raihə Əmənzadəyə dikilib. Soyuq qış günlərindən olsa da, auditoriyada hərarət yüksəlib. Dərs rus dilində aparılır. Nədən, əcəba? Mövzu “Orta əsrlərdə Azərbaycanda monumental islam memarlığı”dır.

Yəqin fikirləşdiniz ki, burda qəribə nə var? Azərbaycan universitetlərində artıq çoxdan xarici dillərdə dərslər keçilir. Hər halda bu da həmin dərslərdən biridir.

Amma elə deyil. Məsələ burasındadır ki, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) fevral ayının 6-dan “Qış məktəbi” başlayıb. Bu auditoriyada da Tambovdan gələn tələbələrdir. Tambov Dövlət Texniki Universitetindən 13 tələbə hazırda AzMİU-da Azərbaycan memarlığının incəliklərini öyrənir. Bu dərsdən sonra Dizayn kafedrasının dosenti Sevda Dadaşova onlara "Şəhər mühitinin dizayn problemləri"ndən danışacaq.  Dərsləri nahar fasiləsindən sonra Atəşgah məbədində, Şirvanşahlar sarayında davam edəcək. Heydər Əliyev Mərkəzi, Üç Alov qülləsində şəhər mühitinin ən müasir dizaynla qurulmuş möhtəşəm memarlıq nümunələri üzərində biliklərini möhkəmləndirəcəklər.

Sabah isə tamamilə yeni gün olacaq. Tambovlu tələbələr səhəri yenə Bakıda açacaq, Azərbaycan memarlığında onlar üçün yeni olan maraqlı məlumatlar öyrənəcəklər. Həftəsonunu isə Şəkidə keçirəcəklər.

 

AzMİU-da “Qış məktəbi”

 

AzMİU Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, layihəyə 2 ildir başlayıblar. Ötən il Tambov və Voronej Texniki universitetlərinin tələbələri Bakıda olub. Bu il isə layihəyə Kuban Dövlət Universiteti də qoşulub. Onun sözlərinə görə, layihə çərçivəsində başqa ölkələrin ali təhsil müəssisələrindən tələbələrə nəzərdə tutulmuş müddət və proqram çərçivəsində dərs keçilir. AzMİU-nun beynəlxalq əlaqələrini, müəllim-tələbə mübadiləsini genişləndirmək, Avropa təhsilinə inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyan layihədə həm də Azərbaycan memarlığı təbliğ olunur.

F.Əliyev deyib ki, hər gün rusiyalı tələbələrə Memarlıq fakültəsinin müəllimləri əsasən “Azərbaycanın müasir memarlığı” mövzusunda silsilə mühazirələr oxuyur. Dərsdən sonra, günün ikinci yarısında tələbələr Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olur. Həmin abidələr üzərində günün mövzusuna uyğun müzakirələr təşkil edilir: “Düşünürük ki, layihə “Qış məktəbi”nin tələbələrinə İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər -  Heydər Əliyev Mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Dövlət Bayrağı Meydanı nümunəsində qədim və müasir memarlıq xüsusyyətlərini daha yaxşı mənimsətmək imkanı verir. Tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerləri - İçərişəhər, Yanardağ, Qobustan, Atəşgah və Qala qoruğuna gəzintiləri də təşkil olunur. Qəbələ-Mingəçevir-Şəki turuyla Tufandağ qış-yay turizm kompleksində istirahət edir, Şəki Xan sarayını, Karvansarayı, Kiş məbədini ziyarət edirlər. Tələbələri qədim məbədlərin restavrasiyadan sonrakı vəziyyəti ilə də tanış edirik”.

 

AzMİU-nun rus tələbələri

 

“Qış məktəbi”ndə Voronej Texniki Universitetindən Aleksandr Prislavsevin rəhbərliyi ilə 12 tələbə, Kuban Dövlət Universitetindən Svetlana Koçotkova və Aleksandr Kuzmenkovun rəhbərliyi ilə 11 tələbə, Tambov Texniki Universitetindən isə 13 tələbə iştirak edir. Proqrama qatılan tələbələrin şəhərimizə böyük marağı olub. Buraya gəlişindən sonra isə onların marağını heyranlıq əvəz edib. Voronej Texniki Universitetində Memarlıq və şəhərsalma fakültəsində təhsil alan Qriqori Prislavsev deyir: “İlk dəfədir Bakıdayam və hər şey çox möhtəşəmdir. İnsanlardan tutmuş yeməyə kimi. Şəhərinizdə hər şey sanki xüsusi seçilib, işığa qədər hər şey düşünülüb. Universitet də çox gözəldir.  Korpusları bir yerdədir. Rusiyada ayrı-ayrı korpuslarda dərslərə getmək vaxt aparır”.

 

“Sizdə hər yer ağ, bizdə isə qaradır”

 

Anastasiya Solot da Bakıya heyran olub: “Düzünü desəm, bu proqram sayəsində Bakını kəşf etdim və məmnun qaldım. Düşünürəm ki, çox qısa zamanda meqapolisə çevrilib. Tarixən özündən əvvəl yaranmış dövlətləri belə iqtisadi inkişafına görə çox qabaqlayıb. Bizdə belə deyil. Bir cümlə ilə fərqi izah etməli olsam, sizin şəhərdə hər yer ağ, bizdə isə qaradır”.

 

“Adam istəyir ki, oturub qulaq assın”

 

Anastasiya Solot deyir ki, əvvəlcə həyəcan keçirib. Elə hesab edirmiş ki, dərslər ingiliscə olacaq. Universitetdə onun ana dilində səlist danışan müəllimləri görəndə təəccüblənib.

Krasnodarlı Anna Osepova Kuban Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Onun da Bakı və “Qış məktəbi” ilə bağlı öz təəssüratları var: “Hər şeydən çox məni memarlıq nümunələrinizlə tanışlıq məmnun etdi. Azərbaycan haqqında daha çox öyrənmək istəyərdim. Bu proqram ölkənizə və memarlığınıza qarşı məndə xüsusi maraq yaratdı. İnsanlar da memarlıq qədər çox xoşuma gəldi. Mehribandılar. Universitetə isə lap heyran qaldım. Burada hər cür rahatlıq təmin olunub. Binalar çox böyükdür. Bizim universitet kiçikdir, auditoriyalarımız, demək olar ki, yoxdur. Burada auditoriyalarda adam istəyir ki, oturub qulaq assın”.

 

Magistraturanı da, karyerasını da Bakıda tamamlamaq istəyənlər

 

Krasnodardan olan Kseniya Sokolova və Anna Vasko Bakıda insanların münasibətindən çox təsirlənib, ölkəmizdə özünü vətənindəki kimi hiss ediblər: “Binalar bizi valeh etdi. Bir binada həm keçmişin izi, həm də müasir xüsusiyyətlər var. İnanılmaz təsir bağışladı. Bakıda ilk dəfə olduq. Şəhər müasirdir. Hiss olunur ki, iqtisadi cəhətdən güclü bir ölkədəsən. Elə universitetinizdə şərait, dərslərin keyfiyyəti də daha yaxşıdır. Odur ki, təhsilimizi burada davam etdirmək, magistraturanı bu universitetdə oxumaq istəyirik. Biz bilirik ki, Bakıya, ümumiyyətlə, ölkənizə tez-tez xaricdən memarlar dəvət olunur. Həmin memarlardan olmaq arzusundayam. Düşünürəm ki, gələcəkdə mən də memar kimi burada fəaliyyət göstərə bilərəm”.

 

“Qış məktəbi”ndən sonra yay planları

 

“Qış məktəbi” fevralın 22-dək davam edəcək. AzMİU-da isə daha böyük yeniliklər üzərində düşünürlər. Reallaşdıra biləcəkləri böyük planları içərisində “Yay məktəbi” də var. Qış layihəsi Rusiya ilə başlayıb. Ancaq havalar isindikcə, əməkdaşlığın əhatəsini də genişləndirməyi planlaşdırıblar. Arxayındırlar ki, qonaq qarşılayıb-yola salmaq sarıdan bir problemləri yoxdur. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad müəllim deyir ki, Avropa universitetlərindən böyük bir qrup üçün belə bir proqram tərtib etməyi planlaşdırırlar: “Hələ 2016-cı ilin sentyabr ayında İsveçrənin Lozan Universitetindən 39 nəfərlik heyəti qəbul etmişdik. Belə demək mümkünsə, daha inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrindən olan və daha böyük qruplarla işləmək təcrübəmiz var. Bu tədris ilinin sonunda və ya gələn tədris ilində Rusiya, İngiltərə və bir neçə Avropa universitetindən böyük bir qrup üçün belə bir proqram tərtib etməyi planlaşdırırıq. Bu dəfə layihəmizi yayda reallaşdırmaq niyyətindəyik. Qışda hava şəraiti bəzən nəzərdə tutulan proqramı tətbiq etməkdə narahatlıq yaradır. Yayda isə belə problemlər olmur. Həmin proqramın sıx əməkdaşlıq etdiyimiz universitetlərin iştirakı ilə ingilis dilində təşkilini nəzərdə tutmuşuq”.

 

AzMİU yeniliklərə yelkən açır

 

Gələcəklə bağlı planlar lap çoxdur. Hətta əcnəbi tələbələrə Bakıdakı tikinti şirkətlərində, öz tələbələrinə isə xarici tikinti şirkətlərində təcrübə keçmək imkanı yaratmaq təşəbbüsü üzərində də iş gedir: “Layihə çərçivəsində universitetimizə gələn tələbələrin nəinki sadəcə dərs, həm də təcrübə keçə bilmək imkanlarını araşdırırıq. Hazırda bunun üçün müəyyən addımlar atılır. AzMİU-nun yerli və beynəlxalq tikinti şirkətləri ilə əməkdaşlığı çox güclüdür. Onların dəstəyi ilə böyük bir layihə həyata keçirməyi planlaşdırırıq”.

 

Ruhiyyə DAŞSALAHLI