Pedaqoji psixologiyanın formalaşma mərhələsində olan yeni sahələrdən biri psixoloji xidmətdir. Müasir dövrdə inkişaf etmiş bir sıra xarici ölkələrdə stress, depressiya, nevrastaniya və s. kimi ruhi iztirablardan əzab çəkən insanlar nevropatoloq və psixoterapevtlərlə yanaşı, psixoloqlara və psixoloji xidmət mərkəzlərinə də tez-tez müraciət edirlər. Elmi statistika sübut edir ki, dünyada 450 milyondan artıq insan psixi problemlərdən əziyyət çəkir ki, onların da sırasında məktəbyaşlı uşaqların sayı heç də az deyildir.

 

Müəllimlər müxtəlif yaşlı uşaqlarla apardığı təlim-tərbiyə prosesində müəyyən çətinliklərlə qarşılaşırlar. Bu çətinliklər sırasına münaqişəli məsələləri və situasiyaları, şagirdlərin  şəxsi və intellektual inkişafında normadan kənaraçıxma hallarının profilaktikası və korreksiyasını və s. aid etmək olar. Bu halda müəllimdə şagirdin davranış motivləri, hərəkət və əməlləri haqqında həqiqi və dəqiq məlumatlar olmur. Məhz bu səbəbdən məktəb psixoloqu və valideynlər məktəbə getməyin nə üçün lazım olduğunu anlamaqda uşaqlara kömək etməlidirlər.

 

 

Valideynlərlə əməkdaşlıq

 

 

Uşağın psixi inkişafı sistematik müşahidə obyekti olmalıdır. Bu inkişafın gedişi prosesində müntəzəm psixodiaqnostik müayinələr aparılır, uşağın psixi inkişaf tempi və xarakteri qiymətləndirilir, onun təlim və tərbiyəsinin səmərəliliyinin yüksəldilməsi üçün tövsiyələr verilir və onların həyata keçirilməsi üzərində nəzarət təmin olunur.

 

Bir çox halda ata-ananı uşağın psixoloji vəziyyətindən daha çox onun aldığı qiymətlər maraqlandırır. Uşaqla valideyn arasında münasibətlər elə qurulmalıdır ki, o, yaxınlarının onu məhz dərsdəki uğurlarına  görə sevdiyini düşünməsin. Uşaq  hiss etməlidir ki, onu olduğu kimi qəbul edir və sevirlər. Valideyn övladının məktəb həyatı ilə yaxından maraqlanmalıdır.

 

 

Uğursuz ailələrdən olan uşaqlara psixoloji dəstək

 

 

Nəzərə almaq lazımdır ki, hər bir müəllimin sinfində uğursuz ailələrdən olan uşaqlar təhsil ala bilər. Bu uşaqların xüsusi qeydiyyatı aparılmalı və həmin şagirdlərlə sıx-sıx görüşlər təşkil edib, psixoloji yardımlar edilməlidir. Belə şəraiti isə psixoloq yalnız təkbaşına deyil, müəllimlər və uşaqların valideynləri ilə birlikdə yarada bilər.

 

 

Müəllimlərə psixoloji xidmət...

 

 

Şagirdlərlə yanaşı,  müəllimlər və valideynlər ilə də geniş əlaqələrim var. Yeri gəldikdə müəllimlərə də psixoloji yardımlar göstərirəm. Müəllim də insandır. Onun da problemləri ola bilir. Profilaktik söhbətlərə xüsusi yer ayırıram. Uşaqların keçid dövründə onlarla daha həssas davranmaq lazımdır. Şagirdlərin psixoloji durumunu öyrənmək üçün xüsusi testlərim də mövcuddur. Bu testlər vasitəsilə şagirdin psixoloji vəziyyəti müəyyənləşir və bir müddət keçdikdən sonra yenidən test olunaraq hər hansı bir irəliləmə və ya geriləmə olduğunu müəyyən edirəm.

 

Bəzən, uşaqların adi məişət tələbatlarının tam ödənə bilinməməsi də onlarda psixoloji problemlər yaradır. Məsələn, hər hansı bir geyim əşyasının olmaması, zəruri məktəb ləvazimatlarının çatışmaması üzündən məktəbə getmək istəməyən uşaqlar olur. Xüsusən də imkansız ailələrdən olan  uşaqlar arasında belələrinə az da olsa rast gəlmək mümkündür.  Mən, yeri gəldikcə, belə şagirdlərə də əl tuturam ki, nəyininsə çatışmaması onlarda psixoloji problemlər yaratmasın. Bu mövzuda valideynlərlə də söhbətlər aparıram ki, bu baxımdan övladlarının minimum tələbatlarını ödəməyə çalışsınlar, onlarla söhbət edib  çətinliklərin müvəqqəti olduğunu,   yaxşı oxuyub  bir sənətə yiyələnməklə özlərinin də bu çətinlikləri aradan qaldıra biləcəklərinə onları inandıra bilsinlər.

 

 

Qəmər XIDIROVA,

psixoloq