Aynurə Qəribova Quba rayonu Xınalıq kənd R.Kəlbiyev adına tam orta məktəbindən ali məktəbə daxil olan ilk qızdır. Xınalıqdan yox ha, kənd tam orta məktəbindən. Bu kəndin oxumuş qızları var. Ancaq onlar 5, 6, 7-ci siniflərdən Xınalığı tərk edərək paytaxtda təhsilinə davam etdirib və başqa məktəblərin şagirdi olaraq tələbə adı qazanıblar. Aynurə isə...
Aynurə isə əksinə, hamı məktəbə gedəndə evdə oturub. Axır ki, tay-tuşları VI sinifdə oxuyanda məktəbə getmək, parta arxasında oturmaq və oxumaq ona da qismət olub: “VI sinfə qədər məktəbə getməmişdim. Təsərrüfatımız var, bununla əlaqədar ailəmiz qışlağa gedirdi. Ona görə də məktəbə gedə bilmirdim”.
Şəhərin parlaq həyatı...
Kənddə yaşayanlarla şəhərdə yaşayanlar arasında müqayisə aparan Aynurənin düşüncə tərəzisində şəhər insanını qoyduğu göz ağır gəlməyə başlayanda qərar verib ki, oxuyacaq. O, parlaq şəhər mühiti ilə də tanış olacaq. Dağın başında şəhər mühitini harda görürdü? Əlbəttə ki, sehrli qutulardan. Televiziyadan gördükləri şəhərlilər onun gözünü qamaşdırırdı. Başqa bir yandan da Xınalığa gələn turistlər diqqətini cəlb edirdi. Uşaq marağı ilə onları izləyir, əlaqə qurmağa çalışır, danışmaq istəyirdi. Ancaq danışmaq üçün ortaq dil tapa bilmirdi. Bu da onun gələcəyi ilə bağlı qərarına təsirsiz ötüşmədi.
“O həvəsim həmişə olub”, - deyən gənc qızın xəyalları ailəsinə də bəlli idi. İstəyini ailəsi ilə bölüşmüşdü: “Ailəm dəstəkləməsəydi, xəyallarım elə xəyal olaraq qalacaqdı. Amma onlar xəyallarımı gerçəkləşdirməyimə kömək oldular və 455 balla İngilis dili müəllimliyi ixtisası üzrə Azərbaycan Dillər Universitetinə qəbul olundum və təhsil almağa başladım”.
Universitetdə təhsil almaq heç bir çətinlik yaratmır: “Ali məktəbdə ödənişli təhsil aldığım üçün ilk semestrdə təqaüd ala bilmirdim. Bu semestrdən akademik göstəricilərim yüksək olduğu üçün artıq təqaüd də alıram. Burada oxuyub-yaşamaq bir az da asanlaşıb”.
...kənddə onu gözləyən böyük missiyanı unutdura bilmir
Şəhər artıq yaşadığı bir yerdir. Tələbə bileti ilə çox asanlıqla daxil olduğu şəhər mühiti hələ də onu ovsunlayır. Ancaq hər gün içərisinə bir az da çox daxil olmasına baxmayaraq, uzaqda bir kənd olduğunu ona unutdura bilmir: “Təhsilimi tamamladıqdan sonra kəndimizə qayıdacağam. Burada, sadəcə, xəyallarımı gerçəkləşdirdim. Əsl həyat isə məni kənddə gözləyir. Burada edə biləcəklərimi həyata keçirə bilən çoxdur. Xınalıqda isə məni gözləyən bir ailə, bir kənd və bir də məktəb var. Orada qızlara bu fərqli həyatdan danışmaq istəyirəm. Kəndimizdəki bütün qızların oxumağı lazımdır. İndiyə qədər kəndimizdən, daha doğrusu, məktəbimizdən ancaq oğlanlar ali məktəbə qəbul olunurdu. Hamıya göstərdim ki, bir kənd məktəbini bitirib ali məktəbə daxil olmaq mümkündür. Bu istəyi olan qızları inandırmağa çalışacağam ki, oxumaq istəyi olan biri üçün nəinki ailəsi, dövləti, elə xalqı da əlindən gələni edir. Mən ali məktəbə ödənişli qəbul olunduğum üçün çətinliyim vardı. Ailəm bu pulu ödəməkdə çətinlik çəkirdi. Bu barədə xəbər tutan hər kəs köməyini əsirgəmədi. Qarşılığında da mən öz borcumu yerinə yetirəcəyəm və yaxşı müəllim olacağam. Mənim təhsil almağım üçün əlindən gələni edən hər kəsə bunu borcluyam”.
Ruhiyyə DAŞSALAHLI