Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub.

 

Sertifikatlar 2018-2019-cu tədris ilinin noyabr-dekabr ayları ərzində maliyyə savadlılığının artırılması istiqamətində keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib.

 

Tədbirdə çıxış edənlər təlimlərin keçirilməsinin əsas məqsədlərinin müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarət olduğunu vurğulayıblar.

 

Qeyd edək ki, maliyyə savadlılığının artırılması istiqamətində keçirilən təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı ilə reallaşdırılıb.

 

Layihə çərçivəsində müxtəlif qruplar üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

 

Onu da qeyd edək ki, təhsildə maliyyə savadlılığına dair təlimlərin davam etdirilməsi nəzərdə tutulur.