Paytaxt məktəbliləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilir.

 

Təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin müsabiqənin rayon mərhələsinə vəsiqə qazanmış təqdimatları Təlimə Dəstək Mərkəzində dinlənilir. Martın 13-dək davam edəcək dinləmələrdə ən uğurlu təqdimatlar müsabiqənin şəhər mərhələsinə keçəcək. 14-19 mart tarixlərində təşkil olunacaq şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat müəllifi isə apreldə ölkə turunda iştirak hüququ qazanacaq.

 

Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.